İyul 8, 2026
Baku
Tarixdə bu gün

26 Avqust Rus yazıçısı Aleksandr Kuprinin 155 illiyi, (1870-1938)

   Aleksand İvanoviç Kuprin 26 avqust 1870ci ildə anadan olmuşdur. Gələcək yazıçı məhrumiyyətlər və onun doğurduğu xəcalət içində böyüyürdü. Hər tərəfdə kobudluq, rəhimsizlik, qəddarlıq və biganəlik hökm sürürdü. Gələcəkdə böyük məhəbbəti, qızğın eşqi tərənnüm edəcək yazıçının bu gün gördüyü hələ ki, yalnız qəddarlıq idi, gələcək yazıçı yoxsulluğun qılınc kimi kəsib doğradığı yaralı ürək gəzdirirdi. Bütün uşaqlıq və gəncliyinin bu ağır təəssüratları “Kadetlər”, “İgid qaçqınlar”, “Yunkerlər”, “Müqəddəs yalan” əsərlərində əks olunmuşdu. Odur ki, ondan haradasa və nə vaxt tərcümeyi-hal tələb etdikdə yarızarafat tərzində: “Bütün əsərlərim tərcümeyi-halımdır”, – cavabını verirdi. Kuprin özündə olan yazıçılıq istedadının anasından gəldiyini hər zaman, hər yerdə inadla qeyd edirdi. Anasından ona irsən incə, kövrək hisslər, canlı müşahidələr və emosionallıq gəlmişdi. Ana nənəsindən hələ uşaqkən gözəl əfsanələr, sehrli nağıllar, tarixi əhvalatlar eşitmişdi. Bunlar onun şərq mövzusunda yazdığı gələcək əsərləri doğuracaqdı. Sirli-sehrli, nağılvari əsərlər, lakin qüdrətli, müdrik, fəlsəfi əsərləri bu uşaqlıq nağıllarından yaranacaqdı. şərqə məxsus cəsurluq, fədakarlıq öz növbəsində alicənablıq, güclü, nəşəli məhəbbət, hər yerdə ədalət simasında çıxış edən Allah hər şeyi eşidən və görən Allahın xofu olan əsərlər meydana çıxacaqdı. Yazıçı A.Kuprinin nə qədər qəribə olsa da şərq sevgisi, türk ehtirası, türk mədəniyyətinə ehtiramı, cazibəsi və s. onun “anam tatar knyazı Kulunçak xan nəslindəndir” – harayı ilə bir doğmuşdur.

Bütün ömrü boyu öz əslinin tatar xanlarından gəldiyini qürurla qeyd edir, həm də bu soyadının kulunçak, kulun, dayça mənasını da əlüstü göstərirdi. Müasirlərinin xatirələrinə görə, tatar araqçını qoyur, ümumiyyətlə, özünün paytaxtda qəribə görünən başdan-ayağa türk paltarı ilə hər kəsi heyrətləndirirdi. Varlanandan sonra əsil türk ağası kimi ianə, sədəqə verməsi, türk sözlərini danışığında çoxaltması və s. ilə yanaşı, ailə məktublarını da “İsgəndər” adı ilə imzalayırdı. Beləliklə, öz Aleksandr xristian adının Şərq variantını təxəllüs kimi işlədirdi. Kuprinin şərqə, türk həyatına bəslədiyi sonsuz maraq yaradıcılıq xəttinə də təsir edib keçə bilirdi. Bu maraq və aludəlik onun Şərq ruhu hakim olan “Sulamif”, “Süleyman peyğəmbərin ulduzları”, “Qismət” (əsli “Kismet”), “Kırım”, “Məcid”, “Nargilə qolbağ”, “İstintaq”, “Gecə növbəsi” əsərlərində uğurlu türk obrazları yaratmasına kömək etmişdir. Yazıçı “İstintaq” əsərində böyük məhəbbətlə bədbəxt türk obrazı yaratmışdı; burada məhkumun və müstəntiqin tərsliyinin və inadının buzunu ikincinin birinciyə onun ana dilindən tez tapıb işlətdiyi doğma və əziz olan “Allah” və “ana” sözləri qırıb əridə bilir. Yazıçı 1938-ci ilin avqustun 26-da vəfat etmişdir.

Gundelik.az