Əliyev Məstan Rəsul oğlu 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957). İlk şerləri “Sosializm kəndi” rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “İsti köynək”, “Körpü” şeirləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şeirləri “Məstan Dəmirçioğlu”, “Məstan Əsrikli”, “Məstan Məsum” təxəllüsü ilə çap edilmişdir. İlk kitabları “Qartal”, “Məsum Əliyev”, “Məstan Əliyev”, “Məstan” imzaları ilə dərc olunmuşdur. Son üç kitabı “Məstan Günər” təxəllüsü ilə nəşr edilmişdir. Məstan Günər daha çox uşaqlar üçün yazmışdır. “Çalğıçı quşlar” şeirlər kitabı uşaq poeziyamızın sənətkarlıq axtarışlarının yeni səhifəsidir. Maraqlı uşaq şeirləri olan Məstan Günərin “Tək yeməzlər badamı”, “Ördək necə fil oldu?”, “Nənəsinin iydə qızı”, “Murad pərt olur”, “Qorxaq İmran, qoçaq İmran”, “Yalançı pəhləvan” kimi şeirləri körpə balalarımız tərəfindən sevə – sevə oxunur. “Günəbaxan nənə”, Ağacda leylək”, “Lovğa Murtaz”,”Çoxbilmiş keçi”, “Sel”, “Dəcəl dələ, qorxaq dovşan və qorxmaz küçük”, “Ürəyin nağılı” kimi poema və mənzum nağıllarında uşaqların yaş xüsusiyyətləri, maraq dairəsi nəzərə alınmış, onların zövqünü oxşaya biləcək maraq doğuran əhvalatların bədii təsviri əsas götürülmüşdür. Bir şair kimi onu fərqləndirən cəhətlər təbiilik, aydınlıq, xalqın poetik ruhuna sədaqət, dil və bədii üslub gözəlliyidir. Milli uşaq ədəbiyyatımızın inkişafında əvəzsiz xidmətləri vardır. Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, redaktor, şöbə müdiri, baş redaktor olmuşdur. Sonra “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, “Gənclik” nəşriyyatında böyük redaktor, baş redaktor müavini vəzifələrində işləmişdir. Bir müddət Azərinformun müxbiri olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvüdür. Məstan Günər 2010-cu ildə dünyasını dəyişmişdir.
Əsərləri: “Qartal” (1960), “İlk görüş” (1969), “Çəmən qızı” (1970), “Nərgizim” (1971), “Addımlar, addımlar” (1973), “Nəğməli qovaq”(1974), Obalardan əsən yellər” (1977), “Çalğıçı quşlar” ( 1978), “Bir könüldən min könülə” (1981), “Günərli şerlər” (1981), “Mən bir durna qatarında” (1983), “Gülə bəndəm” (1987), “Günaylı şerlər” (1988), “Qoşmalar” (2000), “Seçilmiş əsərlər” (2003).
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh
Gundelik.az

