2025-ci il humanoid robotlar üçün olduqca maraqlı keçdi. Getdikcə daha inkişaf etmiş dizaynlar diqqət mərkəzinə düşdü. Burada seçilən nümunələr daha çox fiziki hərəkət bacarıqlarına fokuslanır; süni intellekt tərəfinin isə gələn il ön plana çıxacağı gözlənilir.
Bir çox humanoid robot hələ də elə yeriyir ki, sanki təcili tualet axtarır. Amma Unitree şirkətinin H1 robotu təkcə insan kimi yerimir — o, həm də insan kimi qaçır. Bu təsiredici robot avqust ayında keçirilən ilk Dünya Humanoid Robot Olimpiadasında özünü sübut edərək müxtəlif qaçış növlərində 4 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.
H1 robotu 1500 metr məsafədə ilk qızıl medalını əldə edib və bu məsafəni 6 dəqiqə 34 saniyəyə qət edib (dünya rekordu 3 dəqiqə 26 saniyədir). Saniyədə 4,78 metr maksimum sürətə çatan humanoid robot asanlıqla və zərif şəkildə qaçıb, tarazlığı, sürəti və impulsu qorumaq üçün qolları və ayaqları mükəmməl sinxron hərəkət edib.
İlk baxışda bu robot başının videosunun süni intellektlə yaradıldığını düşünə bilərsiniz. Amma belə deyil. Çin şirkəti AheadForm tərəfindən hazırlanmış bu qurğu “Only Head” adlanır və tədqiqat, interaksiya və yüksək səviyyəli nümayişlər üçün nəzərdə tutulmuş “üz robotu” kimi təsvir olunur.
Onun hərəkətləri heyrətamiz dərəcədə canlıdır — o qədər ki, görüntülər sizi bir az narahat edə bilər. Qurğuda 25-ə qədər mikro-motorla təchiz olunmuş tam üz hərəkət sistemi var və bu, insanın bütün emosiyalarını ifadə etməyə imkan verir. Only Head-in bəbəklərində vizual qavrayış üçün kameralar yerləşdirilib, daxili mikrofonlar və dinamiklər isə real vaxt rejimində səsli ünsiyyəti təmin edir.
Humanoid robotlar üzərində çalışan mühəndislər üçün ən böyük çətinliklərdən biri təbii əl hərəkətlərinə nail olmaqdır. İnsan barmaqlarının incə hərəkətləri və həssaslığını təkrarlamaq olduqca çətindir. Lakin Cənubi Koreyanın WIRobotics şirkəti ALLEX (“All EXperience”) adlı humanoid robotu ilə bu sahədə yaxşı nəticə göstərir və heyrətamiz dərəcədə çevik barmaq hərəkətləri nümayiş etdirir.
Bu texnologiya mükəmməlləşdirildikdən sonra həmin əllərin — və bütövlükdə robotun — istehsal xətlərində və hətta protezlərdə istifadə oluna biləcəyini təsəvvür etmək mümkündür. WIRobotics həmçinin ALLEX-in süni intellekt imkanlarını inkişaf etdirmək üçün bir AI startapı ilə əməkdaşlıq etdiyini bildirir. Məqsəd — həqiqətən də qeyri-adi bir robot yaratmaqdır.
Budur Unitree-dən daha biri. Bu model robot Olimpiadasında uğur qazanan yetkin ölçülü H1-dən bir qədər kiçikdir. G1 robotu möhtəşəm tarazlığı və itələndikdən sonra tez ayağa qalxma bacarığı ilə diqqət çəkib. Onun yaradıcıları bu xüsusiyyəti “antigravitasiya rejimi” adlandırırlar.
Hər hansı bir robot üsyanı ssenarisində G1-in ön sıralarda olacağını təsəvvür etmək olar — insan döyüşçülər yerə yıxılmayan G1 robotlarının dalğaları qarşısında aciz qala bilərdilər… amma ümid edək ki, belə bir gün heç vaxt gəlməz.
Bacarıqlı robot mühəndisləri üçün isə bu video izləmək çətin ola bilər. Videoda Rusiyada hazırlanmış AIDOL adlı yeni humanoid robot göstərilir. Onun yaradıcıları AIDOL-u noyabr ayında xüsusi tədbirdə təqdim ediblər, lakin səhnəyə çıxandan bir neçə saniyə sonra robot tarazlığını itirərək möhtəşəm şəkildə yıxılıb.
Vəziyyəti xilas etmək üçün bir neçə köməkçi səhnəyə qaçaraq robotun üzərini örtməyə çalışıb, amma bu da alınmayıb — örtük dolaşıb və robotu gizlədə bilməyib. Nəticədə AIDOL-un səhnədən sürüyə-sürüyə aparılmasını izlədik. Yəqin ki, emalatxanaya… ya da zibil qutusuna.
Mənbə: Digital Trends
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

