Gundelik.az Tarixdə bu gün 19 Avqust – Aktyor, rejissor İsmayıl Hidayətzadənin 125 illiyi, (1901-1951)
Tarixdə bu gün

19 Avqust – Aktyor, rejissor İsmayıl Hidayətzadənin 125 illiyi, (1901-1951)

“Məncə, aktyor səhnədə beşmi, onmu, bilmirəm, neçə il yanmalı və oradaca külə dönüb öz sənətkar ömrünü yaşamalıdır”. İ. Hidayətzadə

İsmayıl Hüseyn oğlu Hidayətzadə (19 avqust 1901, Bakı-11 noyabr 1951, Bakı) – Azərbaycan aktyoru. Azərbaycan SSR Xalq Artisti (1938), “Şərəf Nişanı” və “Qırmızı Əmək Bayrağı” Ordeni ilə təltif edilmişdir.
İsmayıl Hidayətzadə 1901-ci ildə Bakıda dənizçi ailəsində anadan olub. İsmayıl 1909-cu ildən etibarən “İttihad” məktəbindəm oxumuşdur. Burada oxuduğu illər İsmayıl Hidayətzadənin gələcək həyatını müəyyənləşdirir. Uşaqlıqdan canında olan rol oynamaq həvəsi gündən-günə qüvvətlənir. Başa düşür ki, yaşadığı ömür səhnənin cazibəsindədir.
Hüseyn Ərəblinskini daha yaxından görməyə, məşqlərində iştirak etməyə müyəssər olan İsmayıl Hidayətzadə onu daha ustalıqla təqlid etməyə başlayır. İsmayıl Hidayətzadə məhz bu illərdə böyük səhnəyə gəlir. 1920-ci ildən Dövlət teatrında işləyir. Paralel olaraq, 1921-ci ildə Voronovun teatr studiyasına daxil olur. Teatr studiyası İsmayıl Hidayətzadəyə çox şey öyrədir. Öncə, onun həvəskar imicini alt-üst edir. Onu professional aktyor kimi qəbul etməyə başlayırlar. 1926-ci ildə arabir özünü rejissorluqda sınayır. Bu sınaqlar onu teatr ictimaiyyətinə rejissor kimi tanıdır. 1934-cü ildə “Siyavuş” əsərini səhnələşdirmək ona tapşırılır. Teatr tənqidçilərinin bəyəndiyi “Siyavuş”dan sonra Opera və Balet Teatrında “Koroğlu” və “Karmen” operalarını səhnələşdirir. Rus Dram Teatrında “1905-ci İldə”, “Vaqif” tamaşalarını qoyur. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyi “Koroğlu” və “Arşın mal alan” tamaşaları böyük uğur qazanır. Bu, İsmayıl Hidayətzadənin rejissor kimi şöhrətini artırır.
Moskvadan qayıdandan sonra o, Opera və Balet Teatrının rəhbəri təyin edilir. Hidayətzadənin müasiri, görkəmli rejissor Tuqanov onun haqqında belə deyirmiş: “O, həmişə inandırcı və real idi. Heç bir zaman şarja yer verməyərək, o, bütün tamaşa boyu tamaşaçının ürəyinə girməyi və onu öz ardınca aparmağı bacarırdı. O, heç bir zaman oynamırdı, heç bir ştampa yol vermirdi. Onun oyununda gəncliyə məxsus həssaslıq, ehtiras və qızğınlıqla bərabar sadəlik və təbiilik var idi.” İsmayıl Hidayətzadənin Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yalnız yaratdığı zəngin rol qalereyası və uğurlu rejissor işi ilə tamamlanmır. O, ilk milli baletimizin – “Qız qalası”nın librettosunu yazıb. Opera studiyası da onun səyi ilə yaradılıb. Bütün ömrü boyu teatrda çalışan sənətkar cəmi-cümlətanı üç filmdə – “Qız qalası”, “Almaz” və “Altıncı duyğu” filmlərində çəkilib. 2001-ci ildə aktyorun 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Filmoqrafiya: Qız qalası əfsanəsi (film, 1923), Bismillah (film, 1925), Altıncı hiss (film, 1935), Almaz (film, 1936) və s.

Gundelik.az

Exit mobile version