Gundelik.az Mədəniyyət və cəmiyyət 15 İyul – Rəssam, heykəltəraş Cəlal Qaryağdının 110 illiyi, (1915-2001)
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

15 İyul – Rəssam, heykəltəraş Cəlal Qaryağdının 110 illiyi, (1915-2001)

Azərbaycan heykəltəraşlıq məktəbinin banilərindən biri, görkəmli sənətkar Cəlal Qaryağdı 1915-ci il iyulun 15-də Şuşada anadan olub. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onun xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayır. İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli (memar Ə.İsmayılov və Q.Əlizadə, 1958-ci il) Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. Əlində kitab, oturmuş halda təsvir olunan şairin baxışlarından “süzülüb gələn” satirik misralar sanki tamaşaçını ovsunlayır. Sənətkar Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun və başqalarının büstlərini yaradıb. C.Qaryağdının monumental- dekorativ heykəltəraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli (1972), Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltəraşlığının qiymətli nümunələri sırasına daxildir. O, rəssam, heykəltəraş kimi müxtəlif janrlarda monumental heykəl, portret, büst, barelyef və s. əsərləryaradıb. Bu cür yaradıcılığı ilə seçilən rəssam Azərbaycanda keçirilən sərgilərdə sənətnümunələrini təqdim edib və uğurlar qazanıb.Cəlal Qaryağdının yaradıcılığı zamanın müxtəlif dövrlərini özündə yaşadır. Bu mənada ki, Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında hazırlanmış “Fərhad Bisütun dağını yararkən” barelyefi, Xurşidbanu Natəvanın büst və portretləri diqqəti cəlb edir. Onun “Tarçalan”, “Kamançaçı”, “Xanəndə” fiqurlarında obrazların yığcamlığı və milli kolorit özünu göstərir. Cəlal Qaryağdı bədii təfəkküründən yaranan incə ştrixləri rənglərin və fırçanın köməyi ilə kətan üzərində əks etdirərək, əsərlərinin hər birində yüksək sənətkarlıq nümayiş etdirib. Görkəmli sənətkar 2001-ci ildə vəfat edib.

Gundelik.az

Exit mobile version