Gundelik.az Elm və təhsil Ədəbiyyat 15 Fevral – Tatar şairi Musa Cəlilin anadan olmasının 120 illiyi, (1906-1944)
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

15 Fevral – Tatar şairi Musa Cəlilin anadan olmasının 120 illiyi, (1906-1944)

Yarandın, yaşadın şanlı bir gündə
Sözün ulduz-ulduz, çiçək-çiçəkdir.
Xatirən daima torpaq üstündə,
Yaşıl bir ot kimi göyərəcəkdir…
Xalq şairi Səməd Vurğun

Musa Cəlil – XX əsr tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı (1956). Musa Mustafoviç (Cəlilov), Rusiyanın Orenburq şəhərində anadan olmuşdur. Uşaqlıqdan atasını itirmiş, anasının himayəsində yaşamışdır. Keçən əsrin 20-ci illərindən bədii yaradıcılığa başlamış, şeirlərini vətən, xalq, ayrılıq mövzularında yazmışdır. 1919-cu ildə komsomol təşkilatına qoşulmuş və Rusiyada vətəndaş müharibəsinin iştirakçısı olmuşdur. 1931-ci ildə Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsini bitirən Musa Cəlil əvvəl tatar dilində nəşr olunan bəzi uşaq jurnallarının redaktoru, sonralar isə yenə tatar dilindəki “Kommunist” qəzetinin redaktor müavini olmuşdur. Tatar gənclər təşkilatına rəhbərlik edən Musa Cəlil, İkinci dünya müharibəsi illərində sovet ordusunun tərkibində vuruşmuş, 1942-ci ildə almanlara əsir düşərək Şpandau toplama düşərgəsinə göndərilmişdir.Əsirlikdə də fəallıq göstərmiş, almanların tatarlardan təşkil etdiyi İdil-Ural Legionunun üzvləri arasında antifaşist qüvvələrin yaradıcılarından olmuşdur. 1944-cü ilin avqustunda əsirlərin kütləvi şəkildə qaçışını təşkil etmişdir. Lakin onları satmışlar və Musa Cəlil tutularaq 25 avqust 1944-cü  ildə Berlindəki Plötzenzee həbsxanasında digər məşhur tatar yazıçısı Abdulla Alişlə birlikdə edam edilmişdir. Sovet hökuməti ona Vətən xaini damğası vurmuş, ailəsini isə sürgün etdirmişdir. 1949-cu ildə Musa Cəlilin belçikali əsir yoldaşı SSRİ-nin Brüsseldəki konsulluğuna gələrək onun əsirlikdə olarkən antifaşist qüvvələrinin döyünən ürəyi və düşünən beyni olduğunu söyləmiş, əvvəlcə onun bir neçə şeirini, bir müddət sonra isə iki kitabını konsulluğa təqdim etmişdir. Bu kitablar tezliklə çap olunmuş, 1956-cı ildə şairə bəraət verilmiş və onun əsərlərinin çapına qoyulan qadağa birdəfəlik aradan qaldırılmışdır. Həmin il Musa Cəlilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı, 1957-ci ildə isə Lenin mükafatı verilmişdir. Kazan şəhərində onun heykəli ucaldılmış, tatar milli dram teatrına onun adı verilmiş, adına ədəbi mükafat təsis olunmuşdur. 1954-cü ildə böyük Azərbaycan şairi Səməd Vurğun Musa Cəlilin xatirəsinə həsr olunmuş “Musa Cəlilə” şeirini yazıb. Musa Cəlilin ilk əsəri 1919-cu ildə dərc olunmuşdur. 1925-ci ildə onun “Biz gəlirik” adlı şeir və poemalar toplusu işıq üzü görmüşdür. 1941-ci ildə “Altun çeç” və “İldar” operaları üçün 4 libretto yazmışdır. Alman əsirliyində yazdığı “Moabit gündəliyi” adlı şeirlər toplusuna görə ölümündən sonra Lenin mükafatına layiq görülmüşdür (1957).
Gundelk.az

Exit mobile version