Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı – YUNESKO Özbəkistanda keçirilən 43-cü Baş Konfransında 15 dekabr tarixini “Dünya Türk Dili Ailəsi Günü” elan edib.
Gundelik.az xəbər verir ki, ötən həftə Özbəkistanın tarixi Səmərqənd şəhərində başlayan konfransa 194 ölkədən 5000-dən çox nümayəndə qatılıb. Tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 dekabrın “Beynəlxalq Türk Dili Ailəsi Günü” elan edilməsi ilə bağlı təklifi müzakirəyə çıxarılıb və qəbul edilib.
Mövzu ilə bağlı sessiyada çıxış edən Türkiyənin YUNESKO yanında daimi nümayəndəsi, səfir Gülnur Aybet türk dil ailəsinin qorunması, qeyd olunması və təbliği üçün bütün türk dövlətlərinin birgə təqdim etdiyi təşəbbüsün qəbul edilməsini mühüm hadisə kimi qiymətləndirib.
Aybet çıxışında bildirib ki, dillər yalnız ünsiyyət vasitəsi deyil, həm də sivilizasiyaların ruhu, nəsillər boyu formalaşmış kollektiv yaddaş, hikmət və şəxsiyyət daşıyıcısıdır. Onun sözlərinə görə, 200 milyondan çox insanın danışdığı türk dil ailəsi əsrlər boyu ortaq tarix və dəyərlər üzərində formalaşmış zəngin mədəni irsi təmsil edir.
15 dekabrın seçilməsi təsadüfi deyil — həmin gün VIII əsrə aid türk dilinin ən qədim yazılı abidələrindən olan Orxon (Orhun) Yazılarının ilk dəfə deşifrə edildiyi tarix hesab olunur. Aybet bu tarixin türk sivilizasiyalarının ortaq mədəni və bədii zənginliyini simvollaşdırdığını, xalqlar arasında mədəni yaxınlaşma və dialoqa töhfə verdiyini vurğulayıb.
Səfir həmçinin qeyd edib ki, “Dünya Türk Dili Ailəsi Gününün” təsis edilməsi YUNESKO-nun çoxdillilik, mədəni müxtəliflik və xalqlar arasında dialoqa sadiqliyinin göstəricisidir.
Qərarla əlaqədar olaraq sabah Səmərqənddə Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə xüsusi konfrans keçiriləcək. Tədbirdə türk dövlətlərinin nümayəndələri iştirak edəcək və Türkiyəni AK Partiya sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər Kürşad Zorlu təmsil edəcək.
Gundelik.az

