Demans bütün dünyada milyonlarla insanın yaddaşını, müstəqilliyini və həyat keyfiyyətini təhdid edən ən ciddi sağlamlıq problemlərindən biridir. Journal of the American Geriatrics Society jurnalında dərc olunan yeni araşdırma göstərir ki, həyata nikbin baxan insanların demansa tutulma riski daha aşağı ola bilər. 14 il davam edən tədqiqatın nəticələrinə görə, nikbinlik səviyyəsindəki artım demans riskini təxminən 15 faiz azaldır.
Demans yalnız unutqanlıqdan ibarət deyil. Bu xəstəlik zamanla insanın yaddaşını, düşünmə qabiliyyətini, şəxsiyyətini və gündəlik həyatını müstəqil şəkildə davam etdirmək bacarığını zəiflədir. Alimlər uzun illərdir sağlam qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu, qan təzyiqi və şəkərli diabetə nəzarət kimi amillərin xəstəliyin qarşısını almaqda rolunu araşdırırlar. Son illərdə isə diqqət mərkəzinə psixoloji amillər, xüsusilə də nikbinlik gəlib.
ABŞ-da aparılan araşdırmada demansı olmayan 9 071 nəfər iştirak edib. Orta yaş həddi təxminən 74 yaş olan iştirakçılar iki ildən bir qiymətləndirilib və bəziləri 14 il ərzində izlənilib. Bu müddətdə 3 027 nəfərdə demans inkişaf edib.
Tədqiqatçılar iştirakçıların nikbinlik səviyyəsini psixologiyada etibarlı hesab olunan Life Orientation Test-Revised (LOT-R) testi ilə ölçüblər. Bu test insanların gələcəyə baxışı və həyat hadisələrinə münasibəti əsasında onların nikbinlik səviyyəsini müəyyənləşdirir.
Araşdırmanın əsas nəticəsinə görə, nikbinlik səviyyəsində hər bir standart artım demansın yaranma riskini təxminən 15 faiz azaldıb. Maraqlıdır ki, bu nəticə yaş, cins, təhsil səviyyəsi, depressiya, diabet, ürək-damar xəstəlikləri, insult keçirmə tarixi və digər xroniki xəstəliklər nəzərə alındıqdan sonra da dəyişməyib.
Alimlər ehtimalı da araşdırıblar ki, bəlkə də demansın erkən mərhələsi insanların nikbinliyini azaldır. Bu ehtimalı yoxlamaq üçün tədqiqatın ilk iki ilində demans diaqnozu qoyulan şəxslər analizdən çıxarılıb. Buna baxmayaraq, nəticələr eyni qalıb və nikbinliyin demans riskinin azalması ilə əlaqəsi öz təsdiqini tapıb.
Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, bu nəticələr nikbinliyin demansın qarşısını qəti şəkildə aldığını sübut etmir. Araşdırma yalnız bu iki amil arasında əlaqə olduğunu göstərir. Demans riskini azaltmaq üçün sağlam qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu, zehni fəaliyyət və xroniki xəstəliklərə nəzarət kimi tədbirlər də böyük əhəmiyyət daşıyır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
