İyul 8, 2026
Baku
Tarixdə bu gün Xəbərlər

12 Avqust – Dilçi, pedaqoq Fərhad Ağazadənin 145 illiyi, (1880-1931)

Ağazadə Fərhad Məşədi Rəhim oğlu — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, publisist.

Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə tay-tuşlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900-1905-ci illərdə əvvəlcə Xaçmazda, sonra da Gorusda kənd məktəblərində, 1905-ci ildə isə Bakıdakı rus-Azərbaycan məktəblərində müəllimlik edir. F.Ağazadə hələ 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə “Ədəbiyyat məcmuəsi” adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadənin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır. Lakin Azərbaycandakı mövcud vəziyyət, çar Rusiyasının müstəmləkəsi Fərhad bəyin arzularının reallaşmasına imkan vermir, necə deyərlər, uzun zaman çəkdiyi zəhmət işıq üzünə çıxarılmır. 28 aprel işğalından sonra Azərbaycanda İttifaq hökuməti bir sıra tədbirlər həyata keçirməyə başladı. Ümumittifaq Komitəsi yaradıldı. Fərhad Ağazadə bu komitənin və Yeni türk əlifbası Azərbaycan Komitəsinin üzvü seçildi. O, türk əlifba komitəsinin işində həm elmi təşkilatda, həm də yeni əlifbaya aid nəzəri məsələlərin hazırlanmasında çox yaxından iştirak edir. Onun “Ərəb əlifbası türk dilinə niyə yaramır?”, “Yeni türk əlifbalarının unifikasiyası üzr materiallar”, “Azərbaycanda yeni türk əlifbasının inkişafı və həyata keçirilməsi tarixi”, “Yeni türk əlifbasının tarixi” kimi əsərləri xüsusi əhəmiyyətə malikdir. Bunlardan başqa, F.Ağazadənin dilçiliyə aid “Türk-tatar dillərində səslərin nisbi münasibətini bilmək bizə nədən ötrü lazımdır?”, “Yazı qaydalarında mümkün ixtisarlar məsələsinə dair” və s. məqalələri vardır. Fərhad Ağazadə Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin ən fəal yazarlarından biri olub. Qəzetin çox nadir səhifələrində onun imzasına rast gəlinmir. 1919- 1920-ci illərdə isə, demək olar ki, “Azərbaycan”ın hər nömrəsində F.Ağazadənin müxtəlif mövzularda yazıları dərc edilib. O, məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı. Millətinin müstəqilliyinin istilaçılar tərəfindən məhv edilməsinə və üçrəngli bayrağın enməsinə dözməyən fədakar ziyalı Fərhad Ağazadə ömrünün erkən çağında, 1931-ci ildə dünyasını dəyişir.

Gundelik.az