1998-ci il avqustun 12-də Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu gün BMT-nin qərarı ilə gənclərə lazımı diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə 1999-cu ildə müəyyən edilib və 2000-ci ildən qeyd olunur.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərini, doğma ana dilimizi,adət-ənənələrimizi qoruyub yaşadır. Hər bir xalqın tarixində onun uğurlu gələcəyini quran şəxsiyyətlər var. Azərbaycan xalqı bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərimizin əlindədir. Hər bir xalqın, hər bir dövlətin gəncləri onun həm bu günü, həm də sabaha ümididir. Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bugünkü uğurlu davamı gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyinin qorunub möhkəmləndirilməsi, onun inkişafı, ərazi bütövlüyünün təmin edilməsi, ölkə iqtisadiyyatının sürətlə inkişafı, əhalinin sosial problemlərinin həlli, ölkəmizin dünya birliyində öz layiqli yerini tutması yolunda görüləcək bu əzəmətli işlərin həyata keçməsinin əsas ağırlığı bugünkü gənclərin üzərinə düşür. Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırmış, onların imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini də öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür.
Gundelik.az
