Yaşadığımız cəmiyyət hamı üçündür. Gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da cəmiyyətdə gedən inkişaf proseslərində iştirak edirlər. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Cəmiyyətdə yaşayıb ondan kənarda qalmaq olmaz.
Ahılların məşğulluğu, onların inkişaf prosesinə cəlb edilməsi, həm də sosial-iqtisadi durumun yaxşılaşması deməkdir. BMT-nin İnkişaf Proqramında son illər ərzində ahıllar problemi geniş yer tutur. 2002-ci ilin aprelində İspaniyanın paytaxtı Madrid şəhərində BMT-nin Ahıllar üzrə II Ümumdünya Məclisində belə bir fikir səslənmişdir ki, yaşlılar da cəmiyyətin bərabər hüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Adı-sanı, nəcib əməlləri ilə tanınan, bəlkə də heç tanınmayan, lakin ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmətə layiqdirlər. Qocaların sərvəti onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə sahib olmaq mümkündür. Ümummilli liderimiz Heydər Əliyev kimi yaşa dolmuş görkəmli siyasətçi və dövlət xadimi öz ölkəsini müvəffəqiyyətlə idarə etmişdir. Bu fakt bir daha sübut edir ki, yaşlı, ahıl insanların təcrübəsi əvəzolunmazdır. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar İli elan olunmuşdur. Bu məsələyə respublikamızda da ciddi diqqət yetirilir. 2001- ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır. 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i respublikamızda Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Beynəlxalq Ahıllar Günü ərəfəsində respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək, onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər.
Gundelik.az
