Gundelik.az Mədəniyyət və cəmiyyət 1 litr istifadə olunmuş yağ 1 milyon litr suyu çirkləndirir
Mədəniyyət və cəmiyyət Xəbərlər

1 litr istifadə olunmuş yağ 1 milyon litr suyu çirkləndirir

Mətbəxdə istifadə olunan bitki və heyvan mənşəli yağlar bişirildikdən sonra tullantıya çevrilir. Bu yağların əlüzyuyana tökülməsi isə ciddi ekoloji problemlərə səbəb olur. Mütəxəssislərin məlumatına görə, cəmi 1 litr istifadə olunmuş yağ 1 milyon litr içməli suyu çirkləndirə bilər. Əlüzyuyana tökülən bir neçə qaşıq yağ belə torpağın və suyun təbii tarazlığını pozur, zaman keçdikcə isə ekosistemə bərpası çətin olan zərər vurur.

Bəs istifadə olunmuş yağlar ətraf mühitə necə bu qədər böyük ziyan vurur? Uzunmüddətli dövrdə ekosistemə necə təsir göstərir? Ən əsası isə bu yağları təkrar emal etmək mümkündürmü? Bu sualları İstanbul Texniki Universitetinin Dayanıqlılıq kafedrasının müdiri, dosent Börte Köse Mutlu cavablandırıb.

İstifadə olunmuş yağlar suda oksigen mübadiləsini pozur

“İstifadə olunmuş bitki və heyvan mənşəli yağlar birbaşa ətraf mühitə atıldıqda ciddi problemlər yaradır. Torpağa töküldükdə torpağın hava almasına mane olur, bitki örtüyünə zərər verir və mikroorqanizmlərin həyat fəaliyyətinə mənfi təsir göstərir”, – deyə dosent Börte Köse Mutlu bildirib.

Onun sözlərinə görə, əsas problem yağların suya atılmasıdır.

“İstifadə olunmuş yağlar suyun səthində nazik təbəqə əmələ gətirir. Evdə su ilə yağı eyni stəkana tökdükdə yağın suyun üzərində qaldığını görürük. Eyni hal göllərdə və dənizlərdə də baş verir. Yağ təbəqəsi suya oksigenin keçməsinin qarşısını alır. Nəticədə suda yaşayan canlılar kifayət qədər oksigen ala bilmir və onların həyatı təhlükə altına düşür.”

Əlüzyuyana tökülən yağ bütün şəhərin tullantı su sisteminə qarışır

Bəs necə olur ki, “heç nə olmaz” düşüncəsi ilə əlüzyuyana tökülən az miqdarda yağ bu qədər böyük çirklənməyə səbəb olur?

Dosent Mutlu bunu belə izah edib:

“Əlüzyuyana tökülən istifadə olunmuş yağlar kanalizasiya sisteminə qarışır. Evlərdən axan bütün tullantı suları yeraltı şəbəkə vasitəsilə şəhərin mərkəzi tullantı sutəmizləyici qurğularına çatdırılır. Beləliklə, hər bir evdən axıdılan yağlar bir yerdə toplanır.”

Onun sözlərinə görə, sutəmizləyici qurğular bu yağları tam şəkildə ayıra bilmədiyi üçün onların bir hissəsi çaylara, göllərə və dənizlərə çataraq su hövzələrini çirkləndirir.

“Su izi” anlayışı

Dosent Mutlu bildirib ki, burada “su izi” anlayışı xüsusi əhəmiyyət daşıyır.

“Bir litr istifadə olunmuş yağın 1 milyon litr içməli suyu çirkləndirə bildiyi məlumdur. Burada söhbət yalnız istifadə etdiyimiz sudan getmir, həm də çirkləndirdiyimiz sudan gedir. Çirklənən hər damla su böyük həcmdə əlavə su sərfiyyatına səbəb olur. Başqa sözlə, çirkləndirdiyimiz hər damla su litrlərlə suyun itirilməsi deməkdir.”

Biomüxtəlifliyə ciddi zərər vurur

İstifadə olunmuş yağların yaratdığı torpaq və su çirklənməsi uzun müddətdə biomüxtəlifliyin azalmasına səbəb olur. Bu çirklənmə balıqların, quşların və digər canlıların həyat dövrünü pozur, həm su, həm də quru ekosistemlərinə ciddi zərər vurur.

İstifadə olunmuş yağlar lisenziyalı müəssisələr tərəfindən toplanır

Ətraf mühitin qorunması üçün istifadə olunmuş yağlar əlüzyuyana tökülməməli, xüsusi qablarda toplanaraq lisenziyalı müəssisələrə təhvil verilməlidir.

Türkiyədə bu proses Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.

Dosent Mutlu bildirib ki, restoranlar və sənaye müəssisələri bu qaydalara daha çox əməl etsələr də, ev təsərrüfatlarında hələ də maarifləndirməyə ehtiyac var. Bir çox insan istifadə olunmuş yağların əlüzyuyana tökülməsinin yaratdığı təhlükələrdən və təkrar emal imkanlarından xəbərsizdir.

İstifadə olunmuş yağların təkrar emalı mümkündür

Bitki mənşəli istifadə olunmuş yağlar təkrar emal edilə bilir. Bunun üçün əvvəlcə yağlar evlərdən, restoranlardan və sənaye müəssisələrindən xüsusi qablarda toplanır. Daha sonra tərkibindəki su və bərk qalıqlar ayrılır. Ardınca transesterifikasiya adlanan kimyəvi proses vasitəsilə biodizelə çevrilir. Əldə edilən məhsul təmizləndikdən sonra enerji istehsalı və təmizlik vasitələrinin hazırlanmasında istifadə olunur.

Yanacaq kimi də istifadə edilir

İstifadə olunmuş bitki yağlarından əldə edilən biodizel dizel yanacağına alternativ, ətraf mühitə daha az zərər verən yanacaq növüdür.

Dosent Börte Köse Mutlu bildirib ki, bu bioloji yanacaq fosil yanacaqlarla müqayisədə karbon qazı emissiyasını əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, bəzi elektrik stansiyalarında da yanacaq kimi istifadə olunur.

Onun sözlərinə görə, istifadə olunmuş yağların təkrar emalı həm ətraf mühitin qorunmasına, həm də təbii ehtiyatlardan səmərəli istifadəyə mühüm töhfə verir. Buna görə də bu sahədə maarifləndirmə işlərinin və təşviq tədbirlərinin genişləndirilməsi vacibdir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version