Zirə limanından dəmir yolu ilə tranzit yüklərin daşınması dayandırılıb.
Gundelik.az-ın məlumatına görə, məsələ ilə bağlı bildirilib ki, buna əsas səbəb xaricdən gələn yüklərin azalması, həmçinin Bakı Limanının “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) birləşdirilməsi ehtimalıdır. Bununla belə, limanın gələcəkdə fəaliyyətini bərpa etməsi istisna edilmir.
Qeyd edək ki, indiyədək Mərkəzi Asiyadan gətirilən kükürd yükləri Zirə limanı vasitəsilə qatarla Avropa istiqamətinə daşınırdı. Sifarişlərin dayandırılması limanın fəaliyyətinə də təsir göstərib. “Yük olduqda ADY-yə müraciət edilirdi və biz də yük vaqonları ayırırdıq. Sifarişlər dayandıqdan sonra vaqonların ayrılması da dayandırıldı”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, ADY tərəfindən 2023–2024-cü illərdə aparılan infrastruktur işləri çərçivəsində Dübəndi–Zirə–Gürgən–Zirə Dəniz Limanı dəmiryol xətti (21 km) yenidən qurulub, Gürgən və Zirə Limanı arasında isə 9 km uzunluğunda yeni dəmiryol xətti çəkilib.
Bu infrastruktur quruculuğu nəticəsində Zirə limanından ilk dəfə dəmir yolu ilə tranzit yüklərin daşınmasına imkan yaradılıb. İlkin mərhələdə 13 min tona yaxın yük daşınıb. 2025-ci ilin ilk üç ayında isə limandan ADY vasitəsilə təxminən 25 min ton yük göndərilmişdi.
Gundelik.az

