Yeni Zelandiyanın Şimal adasında, Mount Maunganui bölgəsində məşhur bir düşərgəyə torpaq sürüşməsi düşdükdən sonra itkin düşən şəxslərin axtarışı davam edir.
Altı nəfərin taleyi hələ də naməlumdur və polis əlavə olaraq daha üç nəfər barədə məlumat axtarır. İtkin düşənlər arasında iki yeniyetmə var, onlardan ən kiçiyinin yaşı 15-dir, polis bildirib. Yaxınlıqdakı Welcome Bay ərazisində baş verən başqa bir torpaq sürüşməsi nəticəsində bir nənə və onun nəvəsi həyatını itirib, bunu Yeni Zelandiyanın ictimai yayımçısı Radio New Zealand (RNZ) xəbər verib. Polis cümə günü jurnalistlərə bildirib ki, ölənlərdən biri Çin vətəndaşıdır.
Torpaq sürüşmələri Şimal adasının bəzi hissələrində günlərlə davam edən güclü yağışlardan sonra baş verib.
Cümə günü fəlakət bölgəsinə səfər edən Baş nazir Kristofer Lüksən icmanın göstərdiyi dəstəyi “ilhamverici” adlandırıb. Onun sözlərinə görə, qonşular və hətta “dostların dostlarının dostları” belə daşqından zərər görmüş ərazilərdə dağıntıların təmizlənməsinə kömək edir.
O bildirib ki, faciəyə baxmayaraq, hadisədən sonrakı prosesdə göstərilən peşəkarlıq onu “son dərəcə təsirləndirib”.
Lüksən əsas çətinliklər kimi təcrid olunmuş icmalara yol çıxışını, yeni sürüşmə və daşqın risklərinin davam etməsini göstərib.
Yeni Zelandiyanın meteoroloji xidmətinin məlumatına görə, bu həftəsonu Gisborne bölgəsində (daşqınlar səbəbilə icmaların əlaqəsi kəsilib) və Taurangada (torpaq sürüşmələrinin baş verdiyi yer) güclü külək və ildırımlı yağışlar gözlənilir.
Lüksənin sözlərinə görə, əsas diqqət hələ də axtarış-xilasetmə əməliyyatına yönəlib.
Altı itkin düşən şəxslə yanaşı, polis düşərgə ərazisində ola bilmiş daha üç nəfər barədə ictimaiyyətdən məlumat istəyir.
Polis bölgə komandanı Tim Andersonun sözlərinə görə, onların beynəlxalq turist olduqları və artıq ərazini tərk etmiş ola biləcəkləri ehtimal edilir. “Burada olduqlarını düşünmürük, amma yenə də araşdırma aparmalıyıq”, – deyə o bildirib.
Anderson deyib ki, bu gün dağıntılar altında həyat əlamətləri aşkar edilməyib. Bununla belə, o əlavə edib ki, xilasetmə qrupları “24 saat fasiləsiz çalışır” və “daş üstə daş qoymadan” axtarış aparırlar.
Mount Maunganui düşərgəsindən yayılan görüntülərdə xilasedicilərin və iyləmə itlərinin əzilmiş karvanlar və yerlə-yeksan olmuş çadırlar arasında axtarış apardığı görünür.
Bir turist TVNZ telekanalına bildirib ki, böyük torpaq sürüşməsinin gəldiyini görəndə hovuzdan tullanaraq çıxıb.
Müqəddəs Maori məkanı olan bu ərazi məşhur turistik yerdir, lakin son illərdə bir neçə dəfə torpaq sürüşməsi baş verib.
Yaxınlıqdakı Welcome Bay ərazisində polis cümə axşamı torpaq sürüşməsi nəticəsində zərər görmüş bir evdən iki cəsəd çıxarıb. Polis bildirib ki, hadisə yerində olan daha bir nəfər ağır xəsarət alıb.
Çinin Yeni Zelandiyadakı səfiri Vanq Syaolonq X (Twitter) platformasında yazıb:
“Mount Maunganui-də iki nəfərin, o cümlədən bir Çin vətəndaşının həlak olduğunu və bir neçə nəfərin hələ də itkin düşdüyünü təsdiqləməkdən kədərlənirik. Bu çətin anlarda ürəyimiz zərər çəkmiş ailələrlədir.”
Şimal adasının başqa bir hissəsində, Oklendin şimalında yerləşən Mahurangi çayında çərşənbə günü sel sularına qapılan bir kişinin axtarışı yenidən başlayıb.
Onun həyat yoldaşı RNZ-ə bildirib ki, ailə 47 yaşlı kişi üçün hələ də ümidini itirməyib. O, 2003-cü ildə Yeni Zelandiyaya köçməzdən əvvəl Kiribatidə balıqçı olub, yaxşı üzməyi və dalğıclıq etməyi bacarırdı və böyük dalğalar görmüşdü.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

