İspaniyanın Barselona şəhərində keçirilən Avropa Neyroelm Cəmiyyətləri Federasiyasının konqresində təqdim olunan yeni araşdırma göstərib ki, bir neçə dil bilmək beyin yaşlanmasını əhəmiyyətli dərəcədə ləngidir. Alimlərin fikrincə, insanın bildiyi dillərin sayı artdıqca və bu dillər nə qədər erkən yaşda öyrənilərsə, beynin gənc qalma ehtimalı da bir o qədər yüksəlir.
İspaniya, Çili, Argentina və İrlandiyadan olan tədqiqatçıların birgə apardığı araşdırmada çoxdilliliyin geniş yayıldığı Bask bölgəsində yaşayan 728 nəfərin beyin fəaliyyəti analiz edilib.
Süni intellekt texnologiyası ilə aparılan təhlillər göstərib ki, iki dildə danışan şəxslərin beyni yalnız bir dil bilənlərlə müqayisədə orta hesabla 6 il daha gənc görünür.
Araşdırmaya görə, üç dil bilənlərdə bu fərq təxminən 7 ilə çatır. Dörd və ya daha çox dildə danışanların beyni isə yaşıdları ilə müqayisədə təxminən 13 il daha gənc xüsusiyyətlər nümayiş etdirir.
Mütəxəssislər bildirirlər ki, yaş artdıqca beyindəki milyardlarla sinir hüceyrəsi arasındakı əlaqələr zəifləyir. Bu isə yaddaşın zəifləməsinə və düşünmə sürətinin azalmasına səbəb olur. Dil öyrənmə prosesi isə həmin sinir əlaqələrini aktiv saxlayaraq beynin idrak ehtiyatını və zehni dayanıqlığını gücləndirir.
Erkən yaşda dil öyrənmək daha faydalıdır
Tədqiqatın müəlliflərindən doktor Lucia Amoruso bildirib ki, nəticələr yalnız bilinən dillərin sayı ilə bağlı deyil. Onun sözlərinə görə, öyrənilən dildə yüksək səviyyədə danışmaq bacarığı və ikinci dili erkən yaşlarda öyrənməyə başlamaq da beynin daha gənc qalmasına təsir edən əsas amillərdəndir.
Alim vurğulayıb ki, məsələni sadəcə “iki dilli olmaq və ya olmamaq” kimi qiymətləndirmək düzgün deyil. Dil təcrübəsinin müddəti, intensivliyi və həmin dildən gündəlik istifadə səviyyəsi beyin sağlamlığı üçün mühüm rol oynayır.
Alimlər ehtiyatlı yanaşma tövsiyə edirlər
Araşdırmanı dəyərləndirən Afina Milli və Kapodistrian Universitetinin neyroalimi professor Christina Dalla məktəb yaşından etibarən və həyat boyu dil təhsilinin təşviq edilməsinin vacibliyini qeyd edib. O bildirib ki, yeni dil öyrənmək hər yaşda beynin sağlam və aktiv qalmasına kömək edən ən təsirli üsullardan biridir.
Bununla yanaşı, Loughborough Universitetinin Bioloji Psixologiya professoru Eef Hogervorst nəticələrin ehtiyatla şərh edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bir neçə dil bilən insanlar adətən daha çox kitab oxuyur, ömürboyu öyrənməyə davam edir, musiqi alətində ifa edir və beyin fəaliyyətini dəstəkləyən digər zehni məşğuliyyətlərlə də məşğul olurlar. Buna görə də müşahidə olunan müsbət təsirin təkcə dil öyrənməsindən deyil, ümumi sağlam həyat tərzindən də qaynaqlana biləcəyi istisna edilmir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

