Havanın isinməsi ilə qida məhsullarının xarab olma riski artır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, nəzarətsiz qida və su istehlakı yay aylarında qida zəhərlənmələrinin sayını artırır. Risk yalnız təzə meyvə və tərəvəzdən deyil, düzgün hazırlanıb saxlanılmayan konservlərdən, kifayət qədər bişirilməmiş qidalardan, mənşəyi məlum olmayan sulardan, həmçinin qidaların saxlandığı qab və bişirmə zamanı istifadə olunan materiallardan da qaynaqlanır.
Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslərdə maye itkisi daha ağır fəsadlara səbəb ola bildiyi üçün yay aylarında gigiyena qaydalarına, qidaların saxlanmasına və istehlakına daha diqqətlə yanaşmaq tövsiyə olunur.
Mövzu ilə bağlı açıqlama verən Qara Dəniz Texniki Universitetinin Tibb Fakültəsinin Farabi Xəstəxanasının İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının dosenti Firdevs Aksoy bildirib ki, qida zəhərlənməsi təkcə yeyilən qidanın özündən yaranmır.
Onun sözlərinə görə, qidaların saxlandığı qablar, bişirmə zamanı istifadə olunan materiallar və həmin materialların tərkibindəki kimyəvi maddələr də zəhərlənməyə səbəb olur.
Aksoy vurğulayıb ki, düzgün saxlanılmayan bütün qidalar risk daşıyır. Xüsusilə təzə meyvə və tərəvəzin necə yuyulması, necə saxlanılması, kifayət qədər təmizlənməsi və üzərində torpaq qalıqlarının olub-olmaması böyük əhəmiyyət daşıyır. Bundan başqa, az bişmiş qidalar, xarab olmuş ərzaqlar, gigiyenik qaydalara uyğun hazırlanmayan konservlər və istifadə müddəti bitmiş məhsullar da qida zəhərlənməsinə səbəb olur.
Mütəxəssis qeyd edib ki, qida zəhərlənməsi yalnız yay aylarında deyil, ilin bütün fəsillərində baş verir. Lakin isti havalarda qida və suyun daha nəzarətsiz istehlak edilməsi riski artır. O bildirib ki, eyni qidadan istifadə edən hər kəs mütləq zəhərlənmir. Məsələn, eyni yeməyi 10 nəfər yeyə bilər, lakin yalnız bir nəfərdə zəhərlənmə əlamətləri müşahidə olunur. Buna görə həkimlər diaqnoz qoyarkən xəstənin şikayətlərini və qəbul etdiyi qidaları diqqətlə araşdırırlar.
Aksoy əlavə edib ki, isti havalarda qida zəhərlənmələri ilə yanaşı, çirklənmiş su vasitəsilə yayılan infeksiyalar da təhlükə yaradır. Dənizə girmək və ya dəniz məhsullarının istehlakı da bəzi hallarda infeksiya riskini artırır.
Bitki mənşəli məhsullar da risk yaradır
Mütəxəssis təbiətdən toplanan otların və digər bitki mənşəli məhsulların ehtiyatsız istifadəsinin qaraciyər və böyrəklərə zərər verə biləcəyini bildirib.
Onun sözlərinə görə, eyni vaxtda iki və ya daha çox bitki mənşəli məhsulun qəbul edilməsi tövsiyə olunmur. Çünki həddindən artıq istifadə orqanizmə ciddi ziyan vurur. Bundan əlavə, hər göbələyin təhlükəsiz olmadığını xatırladan Aksoy, zəhərli göbələklərin qəbulunun ölümcül nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Sonda o qeyd edib ki, qida zəhərlənməsi zamanı güclü ishal, davamlı ürəkbulanma və qusma baş verərsə, xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər vaxt itirmədən həkimə müraciət etməlidirlər. Belə hallarda həddindən artıq maye itkisi böyrək və qaraciyər çatışmazlığı kimi ağır fəsadlara səbəb olur.
Mütəxəssis hər kəsə qidalanmada ölçülü olmağı tövsiyə edərək xatırladıb: “Azı qərar, çoxu zərər.”
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

