Açıq havada daha çox vaxt keçirdiyimiz yay aylarında ağcaqanad və həşərat sancmalarına daha tez-tez rast gəlinir. Onların əhəmiyyətli bir hissəsi ciddi narahatlıq yaratmadan öz-özünə keçsə də, bəziləri hətta ölümlə nəticələnir. Bəs hansı həşərat dişləmələrinə və sancmalarına qarşı diqqətli olmaq lazımdır?
Yay aylarının gəlməsi ilə təbiət canlanır, insanların açıq havada keçirdiyi vaxt artır. Lakin parkda qaçarkən, meşədə piknik edərkən və ya bağda istirahət edərkən ağcaqanad və digər həşəratlardan qorunmaq lazımdır. Çünki bəzən sadə bir ağcaqanad və ya həşərat dişləməsi allergik reaksiyalardan tutmuş yoluxucu xəstəliklərə qədər bir çox problemə səbəb olur.
Bəs ağcaqanad və həşərat sancması zamanı nə etmək lazımdır? Ən çox hansı həşəratlardan ehtiyat etməliyik? Hansı hallarda mütləq tibb müəssisəsinə müraciət edilməlidir? Maraqlı suallara Səhiyyə Elmləri Universitetinin Haydarpaşa Numune Xəstəxanasının İnfeksion Xəstəliklər üzrə mütəxəssisi, dosent doktor Asuman İnan cavab verib.
Hansı həşərat dişləmələri təhlükəlidir?
Dosent doktor İnan yay mövsümündə, xüsusilə yaşıllıq ərazilərdə və dənizkənarı zonalarda həşərat dişləmələrinə çox rast gəlindiyini bildirir. Onun sözlərinə görə, ağcaqanadların, qarışqaların və qaşınma gənələrinin dişləməsi və ya sancması əksər hallarda ciddi problemlərə səbəb olmur. Dəridə qızartı və qaşınma yarana bilər və bunlar bir neçə saat ərzində öz-özünə keçə bilər.
Lakin hər həşərat dişləməsi və ya sancması bu qədər zərərsiz deyil. Xüsusilə arı sancmalarına diqqət yetirmək lazımdır. Dosent doktor İnan arı sancmalarının bəzi insanlarda allergik reaksiyalara, hətta ölümə səbəb ola biləcəyini vurğulayır və şübhəli hallarda mütləq həkimə müraciət etməyi tövsiyə edir.
Əqrəb sancması zamanı isə gözləmədən tibb müəssisəsinə müraciət etmək lazımdır. Çünki əqrəb sancdıqda əvvəlcə ağrı, keyimə, sancılan nahiyədə yanma və şişkinlik meydana gəlir. Bəzən isə nəfəs darlığı, halsızlıq, başgicəllənmə, qusma və ya əzələ qıcolmaları da yarana bilər.
Həşərat dişləməsi zamanı nə etmək lazımdır?
İlk növbədə həşəratın dişlədiyi və ya sancdığı nahiyə təmizlənməlidir. Mümkündürsə, həmin yer su və sabunla yuyulmalıdır. Əgər xəstəxanaya müraciət etməyi tələb edən ciddi əlamətlər yoxdursa, dişlənmiş nahiyəyə soyuq kompres qoymaq olar. Bu, ağrı, şişkinlik və qaşınmanı azaltmağa kömək edir.
Sadə həşərat dişləməsindən sonra qızartı və qaşınmanın yaranması normal hesab olunur. Adətən bu əlamətlərin bir neçə saat ərzində azalması, bir neçə gün ərzində isə tamamilə keçməsi gözlənilir.
Lakin dişlənən nahiyə sürətlə böyüyürsə, güclü qaşınma yaranıbsa, qusma, başgicəllənmə və xüsusilə nəfəs almaqda çətinlik kimi ciddi əlamətlər varsa, təcili olaraq ən yaxın tibb müəssisəsinə müraciət etmək lazımdır. Bunlar ciddi allergik reaksiyanın əlamətləri ola və ölümə səbəb ola bilər.
Gənə dişləməsinə ciddi yanaşmaq lazımdır
Dosent doktor İnanın xüsusilə diqqət çəkdiyi digər məsələ gənə dişləmələridir. Onun sözlərinə görə, gənə ilk yapışdığı zaman dəridə yalnız qızartı yarada bilər. Lakin gənə vasitəsilə müxtəlif xəstəliklər insana keçə bilər.
Xüsusilə Türkiyədə də rast gəlinən Krım-Konqo hemorragik qızdırması (KKHQ) gənə dişləməsi nəticəsində yaranır. Müalicə edilmədikdə bu xəstəlik ölümlə nəticələnir.
“Xüsusilə Mərkəzi Anadoluda və Şərqi Anadolu bölgəsində, Tokat, Sivas, Çorum və Ərzurum kimi şəhərlərdə gənə dişləməsi baş veribsə, mütləq həkimə müraciət edilməlidir”, – deyə mütəxəssis xəbərdarlıq edir.
Gənə yapışdıqda çox diqqətli davranmaq lazımdır. Onun üzərinə siqaret basmaq və ya spirt tökmək olmaz. Gənə uyğun üsulla çıxarılmalıdır. Çünki düzgün çıxarılmadıqda onun tərkibindəki mikroorqanizmlərin orqanizmə keçmə riski artır.
Tropik ölkələrə səyahət edənlər diqqətli olmalıdır
Dosent doktor İnan ağcaqanadlarla bağlı xüsusilə xaricə səyahət edənlərə xəbərdarlıq edir.
Türkiyədə ağcaqanad vasitəsilə yayılan malyariyaya artıq rast gəlinmir. Lakin Afrika kimi tropik ölkələrə səyahət zamanı ağcaqanad dişləməsi baş veribsə və bundan sonra qızdırma, ürəkbulanma, qusma və ishal kimi əlamətlər yaranıbsa, dərhal həkimə müraciət etmək lazımdır.
Allergiyası olanlar daha diqqətli olmalıdır
Hər hansı maddəyə qarşı allergik reaksiyası olan insanların daha diqqətli olması vacibdir.
Mütəxəssis meşəlik, kolluq və ya dənizkənarı ərazilərə gedən insanların özləri ilə allergiya dərmanlarını götürmələrini tövsiyə edir. Xüsusilə uşaqlar özlərini həşəratlardan kifayət qədər qoruya bilmədikləri üçün onlara nazik olsa belə, uzunqol və uzunayaqlı geyimlər geyindirmək, ayaqyalın gəzmələrinə imkan verməmək lazımdır.
Belə ərazilərdə vaxt keçirdikdən sonra bədəndə həşərat dişləməsi və ya gənə yapışması olub-olmadığını yoxlamaq da çox vacibdir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

