Gundelik.az Mədəniyyət və cəmiyyət Yaşlıların yeni “sirdaşı” – süni intellekt
Mədəniyyət və cəmiyyət Xəbərlər

Yaşlıların yeni “sirdaşı” – süni intellekt

Ankara Universitetinin professoru Emine Özmetenin sözlərinə görə, yaşlı insanlar süni intellektdən əsasən söhbət etmək, müxtəlif ölkələr və sağlamlıqla bağlı məlumat toplamaq üçün istifadə edirlər. Araşdırma zamanı müəyyən olunub ki, onların bəziləri süni intellekti hətta dost kimi qəbul edir, onunla dərdləşir və “psixoloq” kimi qiymətləndirirlər.

Universitet nəzdində 2011-ci ildən fəaliyyət göstərən YAŞAM Mərkəzi yaşlı insanların rifahının yaxşılaşdırılması, aktiv yaşlanmanın təşviqi və nəsillərarası həmrəyliyin gücləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Mərkəz yaşlıların sosial, psixoloji, sağlamlıq, təhsil və iqtisadi vəziyyəti ilə bağlı araşdırmalar aparır və bu sahədə tövsiyələr hazırlayır.

Prof. Dr. Emine Özmete bildirib ki, aktiv və sağlam yaşlanmanı təşviq etmək məqsədilə yaradılan “3-cü Yaş Universiteti: 50+ Həyat Məktəbi” çərçivəsində həm qocalar evlərində yaşayan, həm də 50 yaşdan yuxarı şəxslər yeni həyat mərhələsinə hazırlanırlar. Tədris proqramına ingilis dili, süni intellekt, sağlam həyat tərzi və ictimai fəallıq kimi mövzular daxildir.

Süni intellektdən əsasən söhbət üçün istifadə edirlər

Özmetenin sözlərinə görə, məktəbdə süni intellekt üzrə xüsusi işçi qrupu yaradılıb və iştirakçılara bu texnologiyadan düzgün istifadə qaydaları öyrədilir.

Araşdırmalar göstərib ki, yaşlılar süni intellektdən daha çox:

söhbət etmək;

səyahət etmək istədikləri ölkələr barədə məlumat toplamaq;

sağlamlıqla bağlı araşdırmalar aparmaq məqsədilə istifadə edirlər.

Bəzi iştirakçılar isə süni intellekti dost və ya psixoloq kimi gördüklərini bildiriblər.

İnternetdən istifadə sürətlə artır

Professor qeyd edib ki, pandemiyadan sonra 65 yaş və yuxarı insanların internetdən istifadəsi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2019-cu ildə hər beş yaşlıdan yalnız biri internetdən istifadə edirdisə, 2024-cü ildə bu göstərici təxminən 47 faizə yüksəlib. İnternet istifadəçilərinin 55 faizi kişilər, 39 faizi isə qadınlardır.

Onun sözlərinə görə, yaşlılar son illərdə mesajlaşma platformalarından daha çox məzmun yaradılan sosial media platformalarına üstünlük verməyə başlayıblar. Bu isə onların ekran qarşısında həddindən artıq vaxt keçirməsi və internet dələduzluğu ilə üzləşməsi riskini artırır. Buna görə də rəqəmsal savadlılığın inkişaf etdirilməsi əsas prioritetlərdən biridir.

Rəqəmsal savadlılıq vacibdir

Emine Özmete vurğulayıb ki, yaşlı insanların onlayn alış-veriş, bank xidmətləri, elektron səhiyyə sistemləri və digər rəqəmsal xidmətlərdən təhlükəsiz istifadə edə bilmələri üçün rəqəmsal bacarıqlarını inkişaf etdirmələri vacibdir.

Bu məqsədlə “50+ Həyat Məktəbi” proqramında rəqəmsal savadlılıq moduluna xüsusi önəm verilir. Burada iştirakçılara elektron səhiyyə xidmətlərindən istifadə, həkim qəbuluna onlayn yazılma, analiz nəticələrinin və dərmanların izlənməsi kimi mövzularda praktiki biliklər verilir.

Professorun fikrincə, yaşlı insanların həyat keyfiyyətinin artırılması, onlara qulluq edən ailələrin və baxıcıların dəstəklənməsi cəmiyyətin əsas prioritetlərindən biri olmalıdır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version