Gundelik.az Dünya Yaponiyada kütləvi allergiya böhranı: səbəb 1950-ci illərin meşə layihəsi oldu
Dünya Xəbərlər

Yaponiyada kütləvi allergiya böhranı: səbəb 1950-ci illərin meşə layihəsi oldu

Təxminən 70 il əvvəl qəbul edilən qərar bu gün Yaponiya üçün böyük sağlamlıq probleminə çevrilib. Ölkədə geniş ərazilərin yalnız iki növ ağacla meşələşdirilməsi milyonlarla insanın allergiyadan əziyyət çəkməsinə səbəb olub.

Bu ilin fevralında sosial şəbəkələrdə həmişəyaşıl meşələrin üzərindən tüstüyə bənzər dalğaların yayıldığını göstərən videolar sürətlə yayıldı. Lakin bu tüstü deyil, havaya yayılan nəhəng polen buludları idi. Videolar ölkə sakinlərinə xəbərdarlıq sayılırdı: maska və allergiya dərmanlarınızı hazırlayın.

Hər yaz mövsümündə Yaponiyanın şəhərlərində maska taxan insanlara tez-tez rast gəlinir. Bunun əsas səbəbi “saman qızdırması” kimi tanınan allergik rinitdir. Hazırda ölkə əhalisinin təxminən 43%-i orta və ağır allergiya simptomlarından əziyyət çəkir. Müqayisə üçün, bu göstərici Böyük Britaniyada 26%, ABŞ-da isə 12-18% arasındadır.

Allergiya yalnız narahatlıq yaratmır. O, yuxu problemlərinə, diqqət zəifliyinə səbəb olur, həmçinin astma və qida allergiyası riskini artırır. Mövsümün ən ağır dövründə iqtisadi itkilərin gündəlik 1,6 milyard dollara çatdığı bildirilir.

Problemin kökü İkinci Dünya müharibəsindən sonrakı dövrə gedib çıxır. Müharibə zamanı yanacaq çatışmazlığı səbəbindən Yaponiya meşələrdən intensiv istifadə etdi və nəticədə ölkənin bir çox təbii meşələri məhv oldu. Dağlıq ərazilərdə torpaq sürüşməsi və daşqın riskləri artdı.

Bunun qarşısını almaq üçün hökumət sürətli meşələşdirmə proqramına başladı. Tikinti üçün faydalı hesab edilən və tez böyüyən iki ağac növü — yapon sidri “sugi” və yapon sərvi “hinoki” — böyük ərazilərdə əkildi.

Bu gün həmin süni plantasiyalar ölkə ərazisinin təxminən beşdəbirini əhatə edir. Problem ondadır ki, bu ağaclar çox böyük həcmdə yüngül polen istehsal edir və küləklə asanlıqla şəhərlərə yayılır. Ağaclar 30 yaşdan sonra daha çox polen yaydığı üçün vəziyyət illər keçdikcə daha da ağırlaşıb.

Mütəxəssislər bildirirlər ki, bu plantasiyalar bioloji müxtəliflik baxımından da zəifdir. Belə meşələrdə quşlar, həşəratlar və digər canlılar az olur. Halbuki Yaponiyanın təbii meşələri daha zəngin ekosistemə malikdir.

2023-cü ildə Yaponiya hökuməti allergiyanı milli sosial problem elan edib və 30 il ərzində polen səviyyəsini 50% azaltmağı hədəfləyib. İlk mərhələdə “sugi” meşələrinin 20%-nin azaldılması planlaşdırılır.

Bəzi şəhərlər artıq layihələr həyata keçirir. Məsələn, Kobe şəhərində plantasiyalar mərhələli şəkildə kəsilərək onların yerində təbii yarpaqlı meşələr bərpa olunur. Yerli rəsmilər bildirirlər ki, nəticədə müxtəlif heyvan və həşərat növləri yenidən bölgəyə qayıtmağa başlayıb.

Bununla yanaşı, Yaponiya polenlə mübarizə üçün yeni texnologiyalar da tətbiq edir. Polen proqnoz sistemləri hazırlanır, bəzi ağaclara xüsusi məhlullar püskürdülür və hətta havadakı polen səviyyəsini ölçən robotlar istifadə olunur.

Bütün bunlara baxmayaraq, mütəxəssislər problemin həllinin uzun illər tələb edəcəyini deyirlər. Çünki ölkədəki meşələrin böyük hissəsi hələ də həmin polen istehsal edən ağaclardan ibarətdir.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version