Gundelik.az Elm və təhsil Ədəbiyyat Yaponiya hüququnun inkişaf tarixi
Elm və təhsil Ədəbiyyat Hüquq

Yaponiya hüququnun inkişaf tarixi

     Yaponiyanın hüquq sisteminin tarixində müxtəlif hüquq sistemlərinin izi mövcuddur. Bu, daha çox Yaponiyanın məruz qaldığı kolonializmin təsiri ilə xarakterizə olunur. İlk olaraq Çin, Fransa, daha sonra Almaniya və İkinci Dünya müharibəsindən sonra ABŞ hüququ bu ölkənin hüquq sisteminə əhəmiyyətli dərəcədə təsir etmişdir.
Qədim dövrlərdən Yaponiya əsrlər boyu Çinin təsiri altında olmuşdır. Bu isə hüquqi institutların inkişafında Çin təsirini göstərməyə bilməzdi. Xüsusən, VII əsrin əvvəllərində meydana çıxan Yaponiya hüququnun ilk abidələri Çin hüququ modeli əsasında tərtib edilmiş hüquqi toplular idi.
Tokuqava sülaləsi ölkəni bir neçə əsr ərzində dünyadan təcrid etməyə çalışırdılar. Heç bir Yaponiya vətəndaşı ölkəni tərk edə bilməzdi və heç bir əcnəbi (nadir istisnalarla) buraya daxil ola bilməzdi.
Bu vəziyyət XIV əsrdən başlayaraq Meydzi inqilabı ilə başa çatdı. Bir çox sahələrdə olduğu kimi, Yaponiya hüquq sahəsində də avropalaşma (qərbləşmə) yolu ilə getdi. XIX əsrin sonlarında roman-german hüquq modeli Yaponiyada istifadə edilməyə başlandı.
Eyni zamanda, uzun bir dövr ərzində Çinin də Yaponiyanın mədəniyyətinə, ideologiyasına, dininə, o cümlədən hüquq sisteminə böyük təsiri olmuşdur.

V əsrdə Yaponiyaya Çin əlifbası, daha sonra buddizm gəldi. VII-XIII əsirlərdə Yaponiyanın hökmdarları, Çin ədəbiyyatının və mədəniyyətinin pərəstişkarı idilər və ölkənin hüquq sistemini və hüquqi islahatlarını Çin modelinə uyğun müəyyənləşdirmişdilər.
Bundan əlavə, orta əsr Yaponiya hüququ yaponiyalıların milli xüsusiyyətləri ilə sıx əlaqəli idi və buna səbəb kimi Yaponiya 250 il ərzində, 1853- cü ilədək dünyadan təcrid olunmuşdur. Köklü dəyişikliklər Meydzi inqilabı dövründə 1868-ci ildə şoqun hökmranlığına son qoyulduqdan sonra baş vermişdi.

İslahatlar nəticəsində samurayların imtiyazaları ləğv edildi, cəmiyyətin dörd təbəqəsinin – samurayların, fermerlərin, tacirlərin və sənətkarların hüquq bərabərliyi elan edildi, kəndlilərə torpaqlara dair mülkiyyət hüququ verildi. Yaponiyanın hüquq sistemi avropalaşmaq istəsə də, buna tam hazır deyildi. Ölkənin hüquq sisteminin tamamilə müasirləşməsinə qərar verildi və XIX əsrin 80-ci illərindən XX əsrin əvvəllərinədək Yaponiyanın höküməti fransız və alman qanunvericilik modelinə əsaslanan vacib qanunvericilik aktlarını qəbul edir. Fransalı hüquqşunas Q.Buassonadın rəhbərliyi ilə bir neçə məcəllənin fransız qanunlarının modeli əsasında layihəsi hazırlanır. Cinayət Məcəlləsi (1890), Ticarət Məcəlləsi (1890). Lakin, Yaponiya höküməti bu qanunları həddindən artıq demokratik hesab etdi və bu qanunları tənqid edərək qəbul etmədi.
Yaponiya hökümətinin hüquqi ideallarına daha çox Kayzer Almaniyasının hüquq konsepsiyası əlverişli idi. Beləliklə, Yaponiyanın hüquq sistemində fransız hüquq sistemindən alman hüquq sisteminə keçid mərhələsi baş verdi. XX əsrin 15-ci illərində Alman hüququ Yaponiyanın İkinci Dünya müharibəsində təslim olmasınadək əsas hüquq mənbəyi kimi qalırdı.

Başqa sözlə desək, alman hüququ Yaponiyanın hüquq sisteminə bilavasitə öz təsirini göstərir və hətta onun məzmununda da öz əksini tapmışdır. Prussiyanın 1850-ci il Konstitusiyasına əsasən 1889-cu ildə Yaponiyanın ilk Konstitusiyası (Meydzi Konstitusiyası) hazırlanır. Həmçinin, alman hüququ sonradan Yaponiyada hazırlanan demək olar ki, bütün qanunvericilik bazasında, o cümlədən 1898-ci il Mülki Məcəlləsində, 1899-cü il Ticarət Məcəlləsində, 1907-ci il Cinayət Məcəlləsində və 1890-ci il Mülki-Prossesual Məcəlləsində geniş şəkildə əks olunmuşdur.
Beləliklə, qısa bir müddətdə Yaponiyada əvvəllər mövcud olmayan tamamilə yeni bir hüquq sistemi yaranır. Lakin bu tətbiqetmə hüququn bütün sahələrini əhatə etmədi. Buna misal olaraq, ailə-nikah, vərəsəlik və konstitusiya hüququnu göstərmək olar. Hüququn bu sahələrində spesifik yapon xüsusiyyətləri (xüsusilə də, imperatora aid məsələlərdə və ailə dəyərlərinə aid hüquqi anlayışlarda) hiss olunmaqda davam edir.
Yaponiyanın Mülki Məcəlləsi (1898-ci il) beş bölümdən ibarətdir – ümumi hissə, əşya hüququ, öhdəlik hüququ, ailə-nikah hüququ və vərəsəlik hüququ. Bu Məcəllə qəbul olduğu tarixdən sonrakı dövrlərdə bir sıra əlavə və dəyişiliklər edilməklə, hal-hazırda qüvvədədir.
1899-cu ilin Ticarət Məcəlləsi ümumi hissədən və müvafiq bölmələrdən ibarətdir.
Burada müxtəlif ticarət müqavilələri, dəniz ticarəti münasibətləri həll edilir. Ticarət məcəlləsində prosedur qaydalar yoxdur və Yaponiyada ümumiyyətlə xüsusi ticarət işlərinə dair məhkəmələr yoxdur. 1889-cu ilin Konstitusiyasına əsasən imperator geniş səlahiyyətlərə malik idi: nazirlərin, hakimlərin, parlamentin perlər palatasının üzvlərini təyin edirdi. Ölkənin rəsmi dini elan edilən sintoizmə əsasən “imperator Tanrı” hesab edilirdi.

1898-ci ilin Mülki Məcəlləsində ailə nikah məsələlərinə dair hissədə ailə başçısının müstəsna hüquqları müəyyən edilirdi. Onun  icazəsi olmadan ailə üzvləri nikaha daxil ola bilməz, ailə başçısının vəfatından sonra onun hüquqları və əmlakı ailənin böyük oğluna keçirdi.
Qadının və ailənin digər üzvləri vərəsə ola bilməzdi, qadının hüquq qabiliyyəti olmadığından, onun əmlakını əri idarə edirdi. Qadin ailə həyatı qurduqdan sonra ərinin ailə üzvü hesab edilirdi.
Mülki və Ticarət məcəllələri 1898-ci ildə qüvvəyə mindikdən sonra bu qanunlar bir sıra dəyişikliklərə məruz qalıb. Lakin daha çox əlavə qanunların qəbul edilməsi praktikası yayılır və bu məcəllələrə daxil edilmir. Misal üçün, “Lisenziyalar haqqında”, “Müəlliflik haqqında”, “Torpağın icarəsi haqqında” və s. qanunlar bu qəbildəndir. Lakin İkinci Dünya müharibəsindən sonra Amerikan hüquq sisteminin güclü təsiri 1946-cı ildə qəbul edilmiş Konstitusiyada, 1948-ci ilin Cinayət-Prosessual Məcəlləsində hiss olunurdu.
Amerikan təsiri həmçinin iqtisadiyyat sahəsində qəbul edilən qanunlarda da hiss olunur. (“Şirkətlər haqqında”, “Anti-inhisarçılıq haqqında” qanunlar və s.)
Yaponiyanın hüquq sistemi (prinsiplər, normalar, imperativlər, institutlar) və hüquq mənbələri sistemi, müəyyən dəyişikliyə məruz qalıblar. Yaponiyanın hüququ unikal bir
xüsusiyyətə malikdir və bununla da digər hüquq sistemlərindən İkinci Dünya müharibəsindən sonra ciddi fərqlənir. Yaponiya Konstitusiyasının 9-cu maddəsində beynəlxalq münaqişələrin həllində silahlı qüvvələrdən imtina etməsi bəyan edilir.
Müasir Yaponiyanın hüquq sistemi burjua hüquq sisteminə xas olan bütün sahələri əhatə edir. Lakin bununla yanaşı, buraya tarixə söykənən və öz kökləri ilə qədim dövrlərə aid olan institutlar mövcuddur. (məsələn: qəbilə üzvlüyü, qəyyuma nəzarət və s.)

Müasir Yaponiyanın hüquq sisteminin əsas mənbəyi qanundur (horitsu). Bundan başqa mənbələr sırasına hökumətin sərəncamları (seyrey) aid edilir, hüquqi adətlər (hoteki konsü), məhkəmə presedentləri (hanrey) aid etmək olar.
Hüququn əsas mənbəyi – ölkənin əsas qanunu olan Konstitusiyadır. (Kempo). 1947-ci ilin Konstitusiyasının əsas və vacib xüsusiyyətlərindən biri də vətəndaş hüquq və azadlıqlarının ətraflı işlənilməsidir. Qanunvericilik sahələrə və yarımsahələrə bölünür və bunların tərkibində mühüm qanunlar olur. Məsələn, Cinayət hüququnda – Cinayət Məcəlləsi, Mülki hüquqda – Mülki Məcəllə.
Fransız hüquqşunas alimi Rene David Yaponiya hüququnu roman-german hüquq sisteminə aid edir. Lakin bu, belə deyil. Burada Yaponiyanın milli mental xüsusiyyətləri bu hüquq sisteminin özünəməxsus, əsrlər boyu formalaşaraq qərb düşüncəsindən ayrı inkişaf etməsinə dəlalət edir.
Beləliklə, Yaponiyanın hüquq sisteminin tarixinə diqqət yetirdikdə belə qənaətə gəlmək olur ki, bu ölkənin hüquq sistemində dünyanın müxtəlif hüquq sistemlərinin izi mövcuddur. Yaponiyada qanunvericilik sistemi uzun illər məruz qaldığı kolonializmin təsiri ilə xarakterizə olunur. İlk olaraq fransız, daha sonra alman və İkinci Dünya
müharibəsindən sonra ABŞ hüququ bu ölkənin hüquq sisteminə əhəmiyyətli dərəcədə təsir etmişdir. Bu gün ölkənin hüquq sistemini avropalaşmış və müasirləşmiş hesab etmək olar.
Bu proses XIX əsrin 80-ci illərindən başlamışdır. Yaponiyalılar fransız və alman qanunvericilik modelinə əsaslanan vacib qanunvericilik aktlarını qəbul edir. Cinayət Məcəlləsi (1890), Ticarət Məcəlləsi (1890), Prussiyanın 1850-ci il Konstitusiyasına əsasən 1889-cu ildə Yaponiyanın ilk Konstitusiyası (Meydzi Konstitusiyası) hazırlanır. Sonradan bütün qanunvericilik bazası, o cümlədən 1898-ci il Mülki Məcəlləsi, 1907-ci il Cinayət Məcəlləsi və 1890-ci il Mülki-Prossesual Məcəlləsində və digər normativ hüquqi aktlarda müasir Qərb hüquqi dəyərləri və Yaponiyanın adət hüquq sisteminin müddəaları geniş şəkildə əks olunmuşdur.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT VƏ MƏNBƏ

1. Azərbaycan Respublikasında hakimiyyətlərin bölünməsi prinsipi, https://huquqsunas.tr.gg

2. Пастухова В. Правовая система Японии, https://elibrary.az/docs/jurnal/jrn2016_949.pdf
3. Силаев Л.В.Особенности брака в Японии, https://izron.ru

4 Elections in Japan, https://en.wikipedia.org/wiki/Elections_in_Japan

5. Family Register Act, https://www.japaneselawtranslation.go.jp/en/laws/ view/2161
6. Family law in Japan, https://ru.wikibrief.org/wiki/Family_law_in_Japan
7.   Inheritance Law in Japan, https://www.angloinfo.com/how- to/japan/money/wills-inheritance/inheritance-law
8. How is inheritance divided between co-heirs in Japan? https://englishlawyersjapan.com/how-is- inheritance-divided-between-co-heirs-in-japan/
9. Haruhiro Fukui, Electoral Laws and the Japanese Party System, Japan and the World, Essays on Japanese History and Politics, 1988, pp 119–143

Elvar Mirzəələkbər oğlu Xəlilov hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin dosenti

Gundelik.az

 

Exit mobile version