Zəhərli ilanlara görə mükafat təyin etdilər, nəticəsi fəlakət oldu

Zəhərli ilanlara görə mükafat təyin etdilər, nəticəsi fəlakət oldu

Hindistanda Britaniya müstəmləkə hakimiyyətinin zəhərli ilanların sayını azaltmaq üçün tətbiq etdiyi mükafat sistemi gözlənilməz nəticələrə səbəb olub.

Gundelik.az "Haberler"ə istinadən xəbər verir ki, pul qazanmaq istəyən bəzi sakinlər kobraları məhv etmək əvəzinə evlərində yetişdirməyə başlayıblar.

Hakimiyyət ödənişləri dayandırdıqdan sonra isə yetişdirilən ilanların küçələrə buraxıldığı bildirilir.

İlanları azaltmaq istədilər, amma vəziyyət daha da pisləşdi

“Kobra effekti” adı ilə tanınan bu hadisəyə dair rəvayətə görə, Britaniya müstəmləkə hakimiyyəti Hindistanın Dehli şəhərində zəhərli kobraların sayını azaltmaq məqsədilə mükafat sistemi tətbiq edib. Qərara əsasən, təhvil verilən hər ölü kobra üçün sakinlərə pul ödənilirdi.

Hakimiyyət bununla insanları ilanları tutmağa və məhv etməyə təşviq etməyi, beləliklə, əhali üçün təhlükəni azaltmağı planlaşdırırdı. Lakin təşəbbüs gözlənilməz şəkildə gəlir mənbəyinə çevrildi.

İlanları tutmaq əvəzinə yetişdirməyə başladılar

Rəvayətin davamına görə, bəzi sakinlər təbiətdə kobra axtarmaq əvəzinə mükafat əldə etmək üçün ilan yetişdirməyə başlayıblar. Beləliklə, ilanların sayını azaltmaq üçün nəzərdə tutulan tədbir onların çoxaldılmasına stimul verib.

Hakimiyyət bu vəziyyəti aşkar etdikdən sonra mükafat ödənişlərini dayandırıb. Bundan sonra isə yetişdirilən kobraların sahibləri üçün heç bir gəlir mənbəyi qalmadığından ilanları sərbəst buraxdıqları iddia olunur.

Nəticədə təhlükəni azaltmaq məqsədilə həyata keçirilən tədbirin problemi daha da böyütdüyü bildirilir.

“Kobra effekti” nə deməkdir?

“Kobra effekti” gözlənilən nəticənin əksinə səbəb olan, düzgün düşünülməmiş təşviq mexanizmlərini ifadə edir. Yəni problemi həll etmək üçün verilən mükafat və ya tətbiq edilən qayda insanları həmin problemin davam etməsində maraqlı vəziyyətə gətirə bilər.

Bu anlayış iqtisadiyyatda, dövlət idarəçiliyində və biznesdə yanlış stimulların hansı gözlənilməz nəticələr doğura biləcəyini izah etmək üçün istifadə olunur.

Qeyd: Dehlidə kobralarla bağlı bu hadisə geniş yayılan tarixi rəvayət kimi tanınır.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.