41 yaşlı qadın doğuşdan cəmi bir neçə saat əvvəl hamilə olduğunu öyrəndi

41 yaşlı qadın doğuşdan cəmi bir neçə saat əvvəl hamilə olduğunu öyrəndi

Böyük Britaniyada yaşayan 41 yaşlı Səmmi Evans diqqətli həkimin sayəsində hamilə olduğunu doğuşdan cəmi bir neçə saat əvvəl öyrənib.

Gundelik.az xəbər verir ki, bu barədə "This Morning" proqramı məlumat yayıb.

Evansın sözlərinə görə, sentyabrın 14-də qarnında yaranan qəribə şişlikdən narahat olduğu üçün həkimə müraciət edib. O, ətraflı müayinəyə göndərilib. Müayinələrə hamiləlik testi də daxil olub.

İlk testin nəticəsi mənfi olsa da, həkim nəticədə zəif ikinci xəttin göründüyünü fərq edib və qadına evdə yenidən test etməyi məsləhət görüb. İkinci test isə müsbət nəticə verib.

Qadın yalnız bundan sonra hamilə olduğunu anlayıb. O bildirib ki, son aylarda menstruasiya görməsə də, bunu çəki itirməsi və yaşının artması ilə əlaqələndirib.

Hamilə olduğunu öyrəndikdən sonra Evans təşvişə düşməyib. O, doğuşa hələ çox vaxt qaldığını düşünüb. Lakin elə həmin gecə güclü qarın ağrısından oyanıb və təcili tibbi yardım çağırıb.

Məlum olub ki, qadında doğuş sancıları başlayıb. Evans ilk övladını təcili qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyindən bu dəfəki sancıları tanıya bilmədiyini söyləyib.

Nəticədə o, sağlam körpə dünyaya gətirib. Oğlana Noa adı verilib.

“Əvvəlcə oğlum olduğuna inanmaqda çətinlik çəkirdim”

Evans hazırkı partnyoru, 38 yaşlı Triston MakKendlə uşaq sahibi olmağı planlaşdırmadığını etiraf edib. Buna görə də əvvəlcə ana olması faktına alışmaqda çətinlik çəkib.

“İndi artıq buna öyrəşmişəm və sadəcə onun nə qədər şirin olduğunu düşünürəm. Məncə, uşaqlar həmişə bir nemətdir”, – deyə qadın bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ-də yaşayan 21 yaşlı tələbənin də hamilə olduğunu yalnız doğuş zamanı öyrəndiyi bildirilmişdi. Gənc qadın körpənin başını ölümcül şiş hesab etsə də, nəticədə tualetdə sağlam qız uşağı dünyaya gətirmişdi.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.