Soner Olğunun dəfnindən sonra keçmiş həyat yoldaşı ilə qızı arasında qalmaqal yaşandı

“Vicdanım da, qəlbim də bunu qəbul etmir”

Soner Olğunun dəfnindən sonra keçmiş həyat yoldaşı ilə qızı arasında qalmaqal yaşandı

Mədəaltı vəzi xərçəngindən 67 yaşında vəfat edən türkiyəli sənətçi Soner Olğunun dəfn mərasimindən sonra ailə daxilində narazılıq yaranıb. Sənətçinin keçmiş həyat yoldaşı Özlem Koldaş böyük qızı Ayşecan Olğunun ailədən xəbərsiz ayrıca yas mərasimi təşkil etdiyini və öz bacısı Elif Olğunu bu barədə məlumatlandırmadığını bildirərək narazılığını ifadə edib.

Gundelik.az "Haberler"ə istinadən xəbər verir ki, türk musiqisinin tanınmış nümayəndəsi Soner Olğun oktyabrın 18-də İstanbulda son mənzilə yola salınıb. Dəfn mərasimindən sonra ailə daxilində yas mərasiminin təşkili ilə bağlı fikir ayrılığı yaşanıb.

Özlem Koldaş bildirib ki, mərhum sənətçi üçün yas evi təşkil edib və bu barədə onun böyük qızına da məlumat verib. Lakin Ayşecan Olğunun buna ehtiyac olmadığını söylədiyini, sonradan isə ailədən xəbərsiz ayrıca yas mərasimi təşkil etdiyini öyrəndiyini iddia edib.

Koldaş yaşananlara belə münasibət bildirib:

“Qızımın atası üçün yas evi açdım. Böyük qızına da dedim, mənə ‘Ehtiyac yoxdur’ dedi. Sən demə, özü bizdən xəbərsiz ayrıca yas mərasimi təşkil edib. Məni dəvət etməyə bilər, amma onun bir bacısı var. Eyni atanın övladı olan Elif... Bir övladın öz atası üçün təşkil edilən yas mərasimindən xəbərsiz saxlanılmasını nə vicdanıma, nə də qəlbimə sığışdıra bilirəm”.

“Ömrüm boyu bağışlaya biləcəyimi düşünmürəm”

Yaşanan hadisəyə görə ciddi inciklik keçirdiyini bildirən Koldaş, narazılığının özünə deyil, qızına qarşı edilən münasibətə görə olduğunu vurğulayıb.

O, fikirlərini belə ifadə edib:

“Bəzən insan elə hadisələrlə qarşılaşır ki, nə ağlı, nə də qəlbi bunu qəbul edə bilir. 25 ildir həyatımızda olmayan insanların ən ağrılı günümüzdə belə bizi bu qədər incidə biləcəyini düşünməzdim. Bu incikliyi ömrüm boyu bağışlaya biləcəyimi düşünmürəm. Hər kəs öz vicdanı ilə baş-başa qalacaq və bir gün etdikləri ilə üzləşəcək”.

Beləliklə, Soner Olğunun vəfatından sonra yas mərasiminin təşkili ilə bağlı yaranan fikir ayrılığı ailə daxilində incikliyə səbəb olub. Özlem Koldaşın açıqlamaları isə hadisəni yenidən gündəmə gətirib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.