Rövşən Hüseynli: “Kəlbəcərə qayıdış zəfər salnaməmizdir” - MÜSAHİBƏ - FOTO
25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə Gundelik.az-ın müsahibi Subyekt.az xəbər portalının təsisçisi və baş redaktoru Rövşən Hüseynli olub.
Müsahibədə doğma yurddan ayrılıq xatirələrindən, Kəlbəcərə qayıdışın mənəvi əhəmiyyətindən, Böyük Qayıdış çərçivəsində aparılan quruculuq işlərindən və gələcək nəsillərlə bağlı arzularından danışıb.
– Rövşən müəllim, Kəlbəcər sizin üçün nə ifadə edir?
– Kəlbəcər mənim üçün uşaqlığım, xatirələrim və mənəvi dünyam deməkdir. 14 yaşımda doğma yurdumdan ayrılmaq həyatımda silinməz izlər qoydu. Məcburi köçkünlük mənə Vətənin, ailənin və insan münasibətlərinin dəyərini daha dərindən anlatdı.
– Bu çətinliklər xarakterinizə necə təsir göstərdi?
– İnsanların maddi vəziyyətinə və həyat şəraitinə görə mühakimə edilməsinin nə qədər yanlış olduğunu erkən yaşlarımdan anladım. Bu təcrübə məndə mərhəmət, paylaşmaq və ehtiyacı olanlara dəstək göstərmək məsuliyyətini gücləndirdi.
– İnsanlara yardım etmək sizin üçün nə dərəcədə vacibdir?
– İmkanım daxilində ehtiyacı olanlara kömək etməyə çalışıram. Mənim üçün yaxşılıq nümayiş deyil, vicdan məsələsidir. Bir ailənin ağır vəziyyətinə dəstək göstərərkən yaşadığım məcburi köçkünlük illərini xatırlamışam. İnanıram ki, insan heç olmasa çətin gündə başqasının yanında olmalıdır.
– Şəxsi prinsipləriniz naminə mühüm imkanlardan imtina etmisinizmi?
– Bəli, yüksək vəzifə təklifini qəbul etməmişəm. Çünki şəxsiyyətimi və prinsiplərimi hər hansı vəzifədən üstün tutmuşam. Mənim üçün uğur yalnız mövqe qazanmaq deyil, öz dəyərlərini qorumaqdır.
– Subyekt.az-ın əsas fəaliyyət məqsədi nədir?
– Məqsədimiz ictimai əhəmiyyətli məsələləri işıqlandırmaq, obyektiv informasiya təqdim etmək və cəmiyyətin diqqətini aktual problemlərə yönəltməkdir. Jurnalistikanı, ilk növbədə, ictimai məsuliyyət hesab edirəm.
– Kəlbəcərə ilk qayıdışınız hansı hissləri yaşatdı?
– Doğma torpağa qayıdanda sanki 14 yaşlı Rövşənlə bugünkü Rövşən görüşdü. Uşaqlıq xatirələrim yenidən canlandı. Bu səfər mənim üçün təkcə doğma yurda deyil, keçmişimə qayıdış idi.
– Kəlbəcərə köçən məktəblilərlə görüşünüz necə yadda qaldı?
– Onların sevincində öz yarımçıq qalmış uşaqlığımı gördüm. Uşaqların doğma torpaqlarında böyüməsi, təhsil alması və gələcək qurması mənim üçün böyük xoşbəxtlikdir.
– Son səfəriniz zamanı Kəlbəcərdə aparılan quruculuq işləri ilə tanış olmusunuz. Təəssüratlarınız necədir?
– 8 noyabr 2026-cı il tarixində Kəlbəcərdə olarkən şəhərdə və ətraf kəndlərdə aparılan quruculuq işlərini gördüm. İstisu istiqamətində yol infrastrukturunun yenilənməsi, Zar kəndində 547 ailə üçün nəzərdə tutulan yaşayış məntəqəsinin salınması xüsusi diqqətimi çəkdi. Burada məktəb, uşaq bağçası və tibb məntəqəsinin yaradılması da nəzərdə tutulub.
Bu işlər Böyük Qayıdışın kompleks xarakter daşıdığını göstərir. Məqsəd insanların doğma torpaqlarında rahat yaşaması üçün müasir şərait yaratmaqdır. Kəlbəcərin yenidən qurulmasını görmək mənə böyük qürur verir.
– Kəlbəcərdə böyüyən uşaqlara arzunuz nədir?
– Arzulayıram ki, onlar doğma torpaqlarında təhlükəsiz və firavan yaşasın, keyfiyyətli təhsil alsınlar. Heç bir uşaq bizim yaşadığımız məhrumiyyətlərlə üzləşməsin. Vətənə sevgi ilə böyüsün, Kəlbəcərin inkişafına töhfə versin.
– 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə mesajınız nədir?
– Bütün kəlbəcərliləri bu əlamətdar gün münasibətilə təbrik edirəm. Doğma torpaqlarımızın bərpasına və Böyük Qayıdışa göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Ən böyük arzum Kəlbəcərdə həyatın daha da canlanması, ailələrin xoşbəxt yaşaması, uşaqların doğma yurdda böyüməsidir. Kəlbəcərin gələcəyi onun tarixini, təbiətini və milli-mənəvi dəyərlərini qoruyan yeni nəslin əlindədir.
Foto qalereya
1 / 6