Gözəllik kraliçası müəmmalı şəkildə dünyasını dəyişdi: Ölümünün səbəbi açıqlanmayıb
Nigeriyada gözəllik kraliçası Komfort Uilyams müəmmalı şəraitdə dünyasını dəyişib.
Gundelik.az xəbər verir ki, bu barədə “Legit News” nəşri məlumat yayıb.
Hadisə ilə bağlı məlumat noyabrın 2-də Nigeriyanın “Miss Taraba” gözəllik müsabiqəsinin təşkilatçısı olan “Prime Planet Event Managers” şirkəti tərəfindən açıqlanıb.
Komfort Uilyams 2023-cü ildə keçirilən müsabiqənin qalibi olub. O, cari ilin yanvar ayında isə “Prime Planet Event Managers” təşkilatının idarə heyətinə daxil edilib.
Gənc gözəlin ölümünün hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
“Bu ürəkdağlayan itki bizi dərindən sarsıtdı. O, sadəcə təşkilatımızın üzvü deyildi, həm də Prime Planet ailəsinin ayrılmaz bir hissəsi idi”, – deyə təşkilatın rəsmi açıqlamasında bildirilib.
Uilyams “Miss Taraba” müsabiqəsinin onuncu qalibi olub. Bu yarışma Nigeriyanın moda və gözəllik sənayesində mühüm rol oynayır.
Müsabiqənin qalibləri tez-tez “Miss Nigeria” və “Miss Universe Nigeria” kimi milli yarışmalarda iştirak edir, daha sonra isə ölkələrini beynəlxalq səviyyədə təmsil edirlər.
Qeyd edək ki, daha əvvəl Meksikanın Tlaskala ştatından olan gözəllik kraliçasının da 28 yaşında müəmmalı şəraitdə vəfat etdiyi bildirilmişdi. Qadın sevgilisinin evində həyat əlamətləri olmadan aşkarlanmışdı.
Nuri
Gundelik.az