17 yaşlı məktəbli ekskursiyada 3300 illik qədim amulet tapdı!
ABŞ-dan olan 17 yaşlı məktəbli Şaylo Attun İsraildə, Tel-Qezer Milli Parkına təşkil edilən ekskursiya zamanı təxminən 3300 il yaşı olan qədim amulet-skarabey aşkar edib.
Gundelik.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.
Qədim bəzək əşyası təsadüfən tapılıb. Şaylo Attun torpağın üzərində qədim dövrə aid olduğunu düşündüyü kiçik bir əşya görüb və onu ekskursiya rəhbərinə göstərib.
“Bunun mənim başıma gəldiyinə inana bilmirdim. Bir neçə dəqiqə əvvəl belə bir əşya tapmağın nə qədər çətin olduğunu danışırdıq, indi isə o, birbaşa əlimdə idi!” – deyə məktəbli bildirib.
Onun sözlərinə görə, bu, sinif yoldaşları ilə ölkə üzrə ilk səfərləri olub. Qrup ekskursiyadan cəmi iki gün əvvəl İsrailə gəlib.
Amuletin yaşını Təl-Əviv Universitetinin professoru İdo Koh müəyyən edib. Alimin sözlərinə görə, skarabeyin üzərində yarımellipsin üstündə iki kobra təsvir olunub.
Yarımellipsin özü isə qədim Misir heroqlifini ifadə edir və “ağa” mənasını daşıyır.
Tapıntının təxminən 3300 il əvvələ aid olması onun arxeoloji əhəmiyyətini daha da artırır. Məktəblinin təsadüfən aşkar etdiyi kiçik əşya qədim Misir mədəniyyətinin izlərini günümüzə çatdıran nadir nümunələrdən biri hesab olunur.
Nuri
Gundelik.az