Beş nəvəsi olan nənə tarlada 45 min manat dəyərində qızıl xaç tapdı
Böyük Britaniyanın Kent qraflığında 58 yaşlı Şelli Kuzins dəyəri 20 min funt sterlinq (44 688 manat) olan qızıl xaç aşkar edib.
Gundelik.az xəbər verir ki, bu barədə SWNS agentliyi məlumat yayıb.
Beş nəvənin nənəsi olan Kuzins artıq dörd ildir ki, xəzinə axtarışı ilə məşğul olur. Avqust ayında o, Şeppi adasında yerləşən tarlalardan birinə qiymətli əşyalar axtarmaq üçün gedib. Britaniyalı qadın metal detektorunun köməyi ilə torpağın altında kiçik bir xaç tapıb.
İlk vaxtlar qadın tapıntını adi bijuteriya hesab edib. Lakin digər xəzinə axtaranlar xaçın xalis qızıldan hazırlandığını və Orta əsrlər dövrünə aid olduğunu bildiriblər.
Xaçın bir tərəfində İsa Məsihin çarmıxa çəkilməsi, digər tərəfində isə körpə İsa ilə Məryəm təsvir olunub. Əşyanın daxilində dini relikviyaların saxlanılması üçün xüsusi boşluq da mövcuddur.
Kuzins xəzinələr haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tapıntını təhvil verməli olub. Qadın bu vəziyyətin onu məyus etdiyini etiraf edib.
“Tapdığım hər şeyi özümə saxlamağı sevirəm”, – deyə o bildirib.
Hazırda artefakt Britaniya Muzeyinin əməkdaşları tərəfindən araşdırılır.
Ehtimal olunur ki, xaç İngiltərə kralı VIII Henri (1509–1547) və onun həyat yoldaşı Anna Boleynlə əlaqəli ola bilər. Onlar 1532-ci ildə Şeppi adasında olublar.
Qeyd edək ki, daha əvvəl Şotlandiyada arxeoloqlar təxminən min il əvvələ aid anqlosakson sikkəsi aşkar ediblər. Sikkənin ön tərəfində 978–1013-cü illərdə İngiltərəyə hökmranlıq etmiş kral II Ethelredin təsviri yer alıb.
Nuri
Gundelik.az