Gundelik.az Xəbərlər Aktual Xaricdə təhsil alan gənclər Azərbaycana qayıtmalıdırmı? – Ekspert açıqladı
Aktual Elm və təhsil Xəbərlər

Xaricdə təhsil alan gənclər Azərbaycana qayıtmalıdırmı? – Ekspert açıqladı

Son illərdə azərbaycanlı gənclərin xaricdə təhsil almağa marağı əhəmiyyətli dərəcədə artıb. Daha keyfiyyətli təhsil, beynəlxalq təcrübə, fərqli akademik mühit və karyera imkanları gəncləri müxtəlif ölkələrdə universitet və proqramlara üz tutmağa təşviq edir. Lakin xaricdə təhsil başa çatdıqdan sonra qarşıda daha mühüm bir seçim dayanır: əldə olunan bilik və təcrübə xaricdə karyera qurmağa yönəldilməlidir, yoxsa Azərbaycana qayıdaraq burada tətbiq olunmalıdır?

Təhsil eksperti Anar Kazımovun fikrincə, xaricdə təhsil almağın əsas məqsədlərindən biri əldə edilən beynəlxalq təcrübənin ölkəyə gətirilməsi və Azərbaycanın inkişafına töhfə vermək olmalıdır.

Ekspert Gundelik.az-a açıqlamasında bildirib ki, xaricdə təhsil alan gənclərin Azərbaycana qayıtması həm şəxsi, həm də ölkənin inkişafı baxımından mühüm imkanlar yaradır.

“Xaricdə təhsil almaq yalnız diplom əldə etmək demək deyil. Gənc orada fərqli təhsil metodlarını, iş mədəniyyətini, idarəetmə modellərini və yeni yanaşmaları öyrənir. Əgər həmin insan bütün bu təcrübəni Azərbaycana gətirirsə, burada həm öz karyerası üçün yeni imkanlar yarada, həm də çalışdığı sahənin inkişafına töhfə verə bilər”, – deyə Anar Kazımov qeyd edib.

Onun sözlərinə görə, xaricdə əldə olunan təcrübənin Azərbaycanda tətbiqi xüsusilə innovasiya, texnologiya, biznes, təhsil, mühəndislik və idarəetmə kimi sahələrdə əhəmiyyətlidir.

“Bizim xaricdə oxuyan gənclərə yalnız xaricdə uğur qazanan mütəxəssislər kimi baxmağımız düzgün olmaz. Onlar eyni zamanda Azərbaycanın gələcək insan kapitalıdır. Xaricdə qazandıqları bilikləri, əlaqələri və yeni düşüncə tərzini ölkəyə gətirmələri böyük üstünlükdür. Bir mütəxəssisin burada yaratdığı dəyər bəzən onun fərdi karyera uğurundan daha geniş təsir göstərə bilər”, – ekspert vurğulayıb.

Anar Kazımov hesab edir ki, Azərbaycana qayıdan məzunların qarşısında müəyyən çətinliklər olsa da, bu, onların xaricdə qazandıqları üstünlüklərdən istifadə etməsinə mane olmamalıdır.

“Əlbəttə, xaricdə əmək bazarı ilə Azərbaycan arasında müəyyən fərqlər var. Maaş, iş şəraiti və karyera imkanları baxımından da müxtəlifliklər mövcuddur. Amma insan yalnız bugünkü gəlirini deyil, uzunmüddətli perspektivi də nəzərə almalıdır. Azərbaycana qayıdan gənc burada öz sahəsində yeni layihələrə başlaya, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və xaricdə qurduğu peşəkar əlaqələrdən istifadə edə bilər”, – deyə ekspert bildirib.

Ekspertin fikrincə, xaricdə təhsil alan gənclərin Azərbaycana qayıtmasını stimullaşdırmaq üçün ölkədə onların potensialından daha effektiv istifadə edilməsinə şərait yaradılmalıdır.

“Burada məsələ yalnız gəncə “Azərbaycana qayıt” deməklə bitmir. Onun qayıtdıqdan sonra özünü reallaşdıra biləcəyi mühit də formalaşdırılmalıdır. Xaricdə təhsil almış mütəxəssislərin bilik və bacarıqlarından dövlət qurumlarında, özəl sektorda, universitetlərdə, startaplarda və müxtəlif layihələrdə istifadə etmək üçün mexanizmlər genişləndirilməlidir”, – Anar Kazımov əlavə edib.

Təhsil eksperti hesab edir ki, xaricdə qalmaq şəxsi seçim olsa da, Azərbaycana qayıdışın həm fərd, həm də cəmiyyət üçün mühüm üstünlükləri var.

“Xaricdə karyera qurmaq müəyyən mənada fərdi uğurdur. Azərbaycana qayıdaraq qazandığın təcrübəni burada tətbiq etmək isə həm fərdi, həm də ictimai dəyər yaradır. Mən hesab edirəm ki, xaricdə təhsil alan gənclər imkan daxilində Azərbaycana qayıtmağı və əldə etdikləri bilikləri ölkənin inkişafına yönəltməyi düşünməlidirlər. Çünki ölkənin inkişafı üçün ən böyük resurslardan biri məhz xaricdə təhsil almış, dünyagörüşü və peşəkar təcrübəsi geniş olan insan kapitalıdır”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version