Gundelik.az Ölkə WUF13-ün ilk günü nazirlərin görüşü, bayraqqaldırma mərasimi və assambleya sessiyaları ilə yadda qaldı
Ölkə Xəbərlər

WUF13-ün ilk günü nazirlərin görüşü, bayraqqaldırma mərasimi və assambleya sessiyaları ilə yadda qaldı

Açılış gününün əsas tədbirlərindən biri Azərbaycanın sədrliyi ilə keçirilən və WUF13 proqramına yeni təşəbbüs kimi daxil edilən Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşü oldu. 100-dən çox ölkədən nümayəndələrin qatıldığı görüşdə Yeni Şəhər Gündəliyi çərçivəsində əldə olunan irəliləyişlər nəzərdən keçirildi, mövcud problemlər müzakirə edildi və 20 illik icra dövrünün orta mərhələsinə çatmış gündəliyin növbəti mərhələsi üçün strateji prioritetlər müəyyənləşdirildi.

Çıxış edənlər Azərbaycan hökumətinə göstərilən səmimi qonaqpərvərliyə və WUF13-ün Bakıda yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, Forum 182 ölkədən 40 mindən çox iştirakçını bir araya gətirib.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi, eləcə də UN-Habitat və onun icraçı direktoru Anacláudia Rossbachın adekvat mənzil təminatı və dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirən mühüm platformanın yaradılmasındakı səyləri yüksək qiymətləndirildi.

Müzakirələr zamanı vurğulanan əsas mövzulardan biri mənzil məsələsinin ayrıca deyil, digər sahələrlə sıx əlaqədə həll edilməsinin vacibliyi oldu. Çıxış edənlər mənzil siyasətinin torpaq idarəçiliyi, infrastruktur, nəqliyyat, ictimai xidmətlər, məşğulluq, ictimai məkanlar, iqlim fəaliyyəti və yerli iqtisadi inkişafla uzlaşdırılmasının əhəmiyyətini qeyd etdilər.

İştirakçılar həmçinin ikinci dərəcəli şəhərləri, kiçik yaşayış məntəqələrini, şəhər-kənd əlaqələrini və balanslı regional inkişafı gücləndirən daha inteqrə olunmuş yanaşmalara çağırış etdilər. Görüş Sədrin Yekun Bəyanatının qəbulu ilə başa çatdı.

Çıxışlarda müharibə, münaqişə və fəlakətlərin şəhərlərə, mənzil fonduna, infrastruktura və əsas xidmətlərə ciddi təsiri xüsusi vurğulandı. Bu kimi böhranlardan sonra yaranan genişmiqyaslı köçkünlük və humanitar problemlərə diqqət çəkildi. Nümayəndələr postmünaqişə şəraitində bərpa və yenidənqurma işlərinin həyati əhəmiyyət daşıdığını bildirdilər. Azərbaycanın postmünaqişə bərpa və yenidənqurma təcrübəsi diqqətəlayiq nümunə kimi təqdim olundu və oxşar problemlərlə üzləşən ölkələr üçün faydalı model ola biləcəyi qeyd edildi.

Günün ən simvolik və diqqətçəkən məqamlarından biri də WUF13 Bayraqaldırma Mərasimi oldu. Mərasim zamanı Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının bayraqları təntənəli şəkildə qaldırıldı. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə Milli Koordinator Anar Quliyev, həmçinin Anacláudia Rossbach iştirak etdilər.

Forumun ilk günü müxtəlif tematik istiqamətlər və maraqlı tərəflər üçün təşkil olunan Assambleyaların Birgə Açılışı ilə də yadda qaldı. Bunlara Qadınlar Assambleyası, Yerli və Regional Hökumətlər Dünya Assambleyası, İctimai Təşkilatlar və Vətəndaş Cəmiyyəti Assambleyası, eləcə də Biznes Assambleyası daxil idi.

Forum proqramında həmçinin Global Water Operators’ Partnerships Alliance Assambleyası da keçirildi. Tədbir UN-Habitat, GWOPA və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən birgə təşkil olundu. İki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə olaraq Dünya Şəhərsalma Forumunun çərçivəsində baş tutdu və builki proqramın diqqətçəkən yeniliklərindən biri kimi qiymətləndirildi.

“Dünyaya mənzil təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən WUF13 mayın 17-dən 22-dək davam edəcək. Forum dövlət və hökumət başçıları, nazirlər, merlər, biznes liderləri, akademik dairələrin nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri də daxil olmaqla minlərlə iştirakçını bir araya gətirib.

Mənbə: wuf13.az

Tərtib etdi: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version