Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delcy Rodríguez ABŞ Prezidenti Donald Trampın ölkəsini ABŞ-ın 51-ci ştatı etməyi “ciddi şəkildə düşündüyünü” deməsinə sərt reaksiya verib və “müstəqillik” vurğusu edib.
Qonşu Qayana ilə Esequibo bölgəsi üzrə davam edən mübahisə ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) keçirilən iclasları izləmək üçün Niderlandın Haaqa şəhərinə gedən Rodríguez Trampa cavab verib.
O bildirib:
“Belə bir şeyin qəbul edilməsi mümkün deyil. Çünki venesuelalıları müəyyən edən ən əsas xüsusiyyətlərdən biri müstəqillik uğrunda mübarizəmizə və bu mübarizənin qəhrəmanlarına bağlılığımızdır. Biz ölkəmizin bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə etməyə davam edəcəyik.”
Rodríguez həmçinin Tramp administrasiyası ilə diplomatik və əməkdaşlığa əsaslanan gündəm apardıqlarını deyib və əlavə edib:
“Tariximiz bizi müstəmləkə deyil, azad ölkə edən kişi və qadınların fədakarlığı və qələbələrlə dolu mübarizəsidir.”
ABŞ-ın Fox News kanalının müxbiri John Roberts-ə telefonla müsahibə verən Tramp isə Venesuela barədə fikirlərini bölüşərək ölkəni ABŞ-ın 51-ci ştatı etməyi “ciddi şəkildə düşündüyünü” deyib və “Venesuela Trampı sevir” ifadəsini işlədib.
Həmçinin bildirilir ki, Venesuela Prezidenti Nicolás Maduro 3 yanvarda Karakasdakı evindən ABŞ-a aparıldıqdan sonra Tramp bu ölkə ilə neft razılaşmaları barədə danışıb və Rodríguez ilə “yaxşı münasibətdə olduğunu” deyib.
Tramp əvvəlki çıxışlarında da Venesuelanın ABŞ-a bir ştat kimi birləşdirilməsi fikrini səsləndirmişdi.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

