Gundelik.az Xəbərlər Hüquq Vəkilin əsas etik prinsipləri nələrdir?
Hüquq Müsahibə

Vəkilin əsas etik prinsipləri nələrdir?

“Vəkil nəinki peşə fəaliyyəti ilə məşğul olarkən, eləcə də gündəlik digər davranışlarında da özünə qarşı son dərəcə diqqətli və tələbkar olmalı, nümunəvi əxlaq və hərəkəti ilə fərqlənməlidir”.

Bunu Gundelik.az-a açıqlamasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Rəcəb Nurəliyev deyib.

Hər şeydən əvvəl qeyd etməyi vacib hesab edirəm ki, vəkillərin etikası haqqında ümumi və rəhbər müddəalar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində (Vəkil etikası) təsbit olunmuşdur. Həmin normanın tələbinə görə vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Vəkillər tərəfindən etik normaların tələblərinə daima və dönmədən əməl olunması həmin Qanunun vəkilin hüquqlarını, eləcə də vəzifələrini tənzimləyən digər maddələrində də təsbit olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən 28.12.2020-ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə vəkillərin peşə davranışı standartları müəyyən edilmiş və onların bu istiqamətdə konkret vəzifələri və riayət etməli müddəalar sadalanmışdır. Mənim fikrimcə, ümumiyyətlə vəkil nəinki peşə fəaliyyəti ilə məşğul olarkən, eləcə də gündəlik digər davranışlarında da özünə qarşı son dərəcə diqqətli və tələbkar olmalı, nümunəvi əxlaq və hərəkəti ilə fərqlənməlidir. Vəkillər də digər peşə sahibləri kimi adi insanlardırlar və hər bir şəxs kimi vəkillərin də ümumiyyətlə həyat və yaşam tərzi onların peşələrinə hörmətinin parlaq təzahürü və təsdiqidir.

Aynur Turan 

Gundəlik.az

Exit mobile version