Daimi yorğunluq, səhərlər dincəlmədən oyanmaq, çəki verməkdə çətinlik çəkmək, gün ərzində enerjinin tez tükənməsi, yuxu problemləri və stressə qarşı dözümlülüyün azalması çox vaxt yaşlanmanın təbii nəticəsi kimi qəbul edilir. Halbuki mütəxəssislərin fikrincə, bu əlamətlərin arxasında hormonal balansın pozulması dayana bilər.
Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Erkan Sarıyıldız bildirir ki, sağlam və uzun ömür sürməyin əsas şərtlərindən biri orqanizmin hormonal sistemini tanımaqdır. Onun sözlərinə görə, hormonları anlamaq yalnız xəstəlikləri müalicə etmək deyil, həm də gələcək sağlam illəri şüurlu şəkildə qurmaq deməkdir.
Hormonlar sağlam qocalmanın əsasını təşkil edir
Hormonlar doğulduğumuz andan həyatımızın sonunadək fasiləsiz çalışan, orqanizmin bütün funksiyalarını idarə edən kimyəvi xəbərçilərdir. Onlar yuxu, aclıq hissi, enerji səviyyəsi, əhval-ruhiyyə və maddələr mübadiləsini tənzimləyir.
Dr. Sarıyıldız vurğulayır ki, uzunömürlülük yalnız uzun yaşamaq deyil, həmin illəri sağlam, güclü və məhsuldar keçirməkdir. Bunun mərkəzində isə hormonal balans dayanır.
Hormonlar necə işləyir?
Hormonlar müxtəlif vəzilər tərəfindən hazırlanaraq qana buraxılır və qan vasitəsilə hədəf orqanlara çataraq onların fəaliyyətini tənzimləyir. Bu sistem beynin idarə etdiyi endokrin sistem tərəfindən nəzarətdə saxlanılır.
Beyində yerləşən hipotalamus və hipofiz vəzi orqanizmdən gələn siqnalları qəbul edir, sonra isə qalxanabənzər vəzi, böyrəküstü vəzilər, mədəaltı vəzi və cinsiyyət vəzilərinə göstərişlər göndərir.
Sağlam orqanizmdə hormonların səviyyəsi daim nəzarətdə saxlanılır. Hər hansı hormon normadan artıq yüksəldikdə, beyin onun istehsalını azaldaraq tarazlığı bərpa edir.
Sağlam qocalmada mühüm rol oynayan 7 hormon
İnsulin – Qanda şəkərin səviyyəsini tənzimləyir və enerji mübadiləsinin əsas hormonudur. İnsulin müqaviməti sağlam qocalmanın qarşısını alan ən mühüm risk amillərindən hesab olunur.
Kortizol – Stress hormonudur. Qısa müddətdə faydalı olsa da, uzun müddət yüksək qalması orqanizmə zərər verir.
Qalxanabənzər vəz hormonları – Maddələr mübadiləsinin sürətini və enerji istehsalını idarə edir.
Estrogen və progesteron – Qadın sağlamlığı ilə yanaşı, sümük və ürək-damar sisteminin qorunmasına da kömək edir.
Testosteron – Təkcə kişilərdə deyil, qadınlarda da ifraz olunur. Əzələ kütləsinin, enerjinin və əhvalın qorunmasına dəstək verir.
Melatonin – Yuxunu və orqanizmin bioloji saatını tənzimləyən əsas hormondur.
Böyümə hormonu – Toxumaların bərpasında və əzələ sağlamlığının qorunmasında mühüm rol oynayır.
Yaş artdıqca hormonlar da dəyişir
Uşaqlıq və yeniyetməlik dövründə böyümə və cinsiyyət hormonları yüksək olur. Yetkinlik dövründə hormonal balans sabitləşir. Orta yaşlardan sonra isə qadınlarda menopauza ilə birlikdə estrogen və progesteron azalır, kişilərdə isə testosteron səviyyəsi tədricən aşağı düşür. Melatonin və böyümə hormonunun səviyyəsi də yaş artdıqca azalır.
Mütəxəssis bildirir ki, bu dəyişikliklər itki kimi deyil, orqanizmin yeni tarazlıq yaratmaq cəhdi kimi qiymətləndirilməlidir.
Hormonal balansı qorumaq üçün 5 vacib tövsiyə
Keyfiyyətli gecə yuxusuna üstünlük verin. Melatonin və böyümə hormonu əsasən gecə yuxusu zamanı ifraz olunur.
Müntəzəm idman edin. Xüsusilə güc və aerobik məşqlər insulinə həssaslığı artırır, əzələ kütləsini qoruyur.
Kifayət qədər zülal, faydalı yağlar və liflə zəngin balanslı qidalanın.
Xroniki stressi idarə etməyi öyrənin. Uzunmüddətli yüksək kortizol səviyyəsi həm hormonal balansı, həm də ümumi sağlamlığı pozur.
Sağlam bədən çəkisini qoruyun və mütəmadi tibbi müayinələrdən keçin.
Dr. Erkan Sarıyıldızın sözlərinə görə, yaxşı qocalmaq təsadüf deyil. Hormonlar bir-birindən ayrı fəaliyyət göstərmir. Əzələ sağlamlığı, keyfiyyətli yuxu, düzgün qidalanma və stressin idarə olunması birlikdə hormonal tarazlığı qoruyur. Uzun yaşamaq bəzən şans məsələsi olsa da, sağlam və keyfiyyətli yaşamaq böyük ölçüdə insanın gündəlik seçimlərindən asılıdır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

