Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq Uşaqlarda tez-tez yaranan aftalara qarşı mütəxəssisdən xəbərdarlıq
⁠Ailə, qadın və uşaq Xəbərlər

Uşaqlarda tez-tez yaranan aftalara qarşı mütəxəssisdən xəbərdarlıq

Ağız daxilində yaranan və yemək yeməyi çətinləşdirən aftalar uşaqlarda tez-tez rast gəlinən problemlərdəndir. Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. Serpil Değirmenci bildirib ki, təkrarlanan ağız yaraları yalnız infeksiyalarla deyil, vitamin və mineral çatışmazlığı, stress və digər səbəblərlə də bağlı olur.

Mütəxəssisin sözlərinə görə, dəmir, B12 vitamini, fol turşusu və sink çatışmazlığı təkrarlanan aftaların əsas səbəbləri arasında yer alır. Xüsusilə imtahan dövründə və güclü stress yaşayan uşaqlarda aftalara daha çox rast gəlinir. Nadir hallarda isə davamlı ağız yaraları bəzi autoimmun və sistem xəstəliklərinin əlaməti olur.

Diş fırçası və məcun seçiminə diqqət

Sərt diş fırçası, yanlış fırçalama texnikası, yanaq, dil və ya dodağın iç hissəsinin dişlənməsi də ağız yaralarına səbəb olur. Buna görə uşaqlar üçün yumşaq diş fırçasından istifadə və düzgün fırçalama vərdişinin formalaşdırılması tövsiyə edilir.

Bəzi diş məcunlarının tərkibində olan SLS (Sodium Lauryl Sulfate) maddəsinin də aftaları tətikləyə biləcəyi qeyd olunur. Bu səbəbdən SLS tərkibli olmayan diş məcunlarına üstünlük verilməlidir.

Afta 14 gündən çox davam edərsə, həkimə müraciət edilməlidir

Ağız yaraları zamanı ağrını azaltmaq və sağalmanı sürətləndirmək üçün həkim məsləhəti ilə müxtəlif sprey və kremlərdən istifadə olunmalıdır. Bu dövrdə ilıq, turş olmayan və püre halında qidalara üstünlük verilməsi məsləhətdir. Aftanın üzərinə limon və duz kimi maddələr çəkmək tövsiyə edilmir, çünki ağrı və həssaslığı artırır.

Ağız yaraları 14 gündən uzun davam edərsə, yaxud qarın ağrısı, qızdırma və oynaq ağrısı kimi əlavə əlamətlərlə müşayiət olunarsa, uşağın həkim tərəfindən müayinə edilməsi vacibdir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version