Gundelik.az Dünya Türkiyənin “Təmiz Hidrogen Fəaliyyət Planı” son mərhələyə çatıb
Dünya Xəbərlər

Türkiyənin “Təmiz Hidrogen Fəaliyyət Planı” son mərhələyə çatıb

Türkiyə Enerji, Nüvə və Mədən Araşdırmaları Şurasının (TENMAK) prezidenti Abdullah Buğrahan Karaveli ölkədə hidrogen enerjisi sahəsində uzunmüddətli tədqiqatların aparıldığını və “Təmiz Hidrogen Fəaliyyət Planı”nın artıq son mərhələyə çatdığını bildirib.

Gundelik.az xəbər verir ki, bu barədə Karaveli Dünya Bankının ev sahibliyi etdiyi, Enerji və Təbii Sərvətlər Nazirliyi ilə TENMAK-ın birgə təşkil etdiyi Təmiz Hidrogen Fəaliyyət Planı İşçi Qrupunun iclasında çıxış edərkən məlumat verib.

Onun sözlərinə görə, Dünya Bankı Hindistan və Çili kimi ölkələrdə də bu istiqamətdə geniş araşdırmalar aparır. Karaveli qeyd edib ki, Türkiyə hökumətinin uzunmüddətli enerji siyasətində bir neçə əsas istiqamət müəyyən edilib: “Enerji səmərəliliyi artırılmalı, bərpa olunan enerji mənbələrindən maksimum istifadə olunmalı, yüksək elektrikləşmə dövründə nüvə enerjisinə üstünlük verilməlidir. Eyni zamanda, kömür və digər nadir torpaq elementləri kimi resurslarımızı da aktivləşdirməli, güclü enerji infrastrukturu yaratmalıyıq”.

Karaveli əlavə edib ki, “Təmiz Hidrogen Fəaliyyət Planı” Türkiyənin bu sahədə gələcək addımlarına istiqamət verəcək: “Biz yeni resurs və texnologiyaları ölkənin makroenerji strategiyasına uyğunlaşdırmaq üzərində çalışırıq. Qanunvericilik, standartlar, maliyyələşdirmə modelləri və texnoloji seçimlər baxımından hidrogenlə bağlı atılacaq addımlar bu planla müəyyən ediləcək”.

Dünya Bankı: Türkiyə qlobal bazarlarda üstünlük qazana bilər

Dünya Bankının baş enerji mütəxəssisi Özge Özden çıxışında Türkiyənin bərpa olunan enerji və hidrogen istehsalında böyük potensiala malik olduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyə yerli istehsalı və xammal-avadanlıq təchizat zəncirini gücləndirməklə həm regional, həm də qlobal səviyyədə rəqabət üstünlüyü əldə edə bilər: “Türkiyə bu sahədə təchizat zəncirini inkişaf etdirərək qlobal xərclər baxımından üstün mövqe tuta və beynəlxalq bazarlarda əsas oyunçulardan birinə çevrilə bilər”.

Özden əlavə edib ki, Türkiyə yalnız enerji bazarları deyil, həm də sənaye infrastrukturu baxımından böyük imkanlara malikdir: “Bu gün biz sənaye, nəqliyyat və binaların karbonsuzlaşdırılması istiqamətində vizyonumuzu müəyyən etməliyik. Türkiyə həm enerji ixracı, həm də bərpa olunan enerji istehsalı baxımından strateji mövqedədir. Gələcəkdə yaşıl hidrogen və təmiz enerji iqtisadiyyatına keçid üçün böyük potensiala malikik. Dəmir-polad, gübrə və neft-kimya kimi sahələrdə fəal iştirakımız bu keçiddə ‘oyun dəyişdirici rol oynaya bilər”.

Gundelik.az

Exit mobile version