Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə müharibəyə son qoymaq məqsədi ilə görüş ehtimalı ilə bağlı “Putini Türkiyədə gözləyəcəyini” açıqlaması dünya mətbuatında geniş yer alıb.
Gundelik.az xəbər verir ki, dünya mətbuatı Zelenskinin tarixi çağırışını müxtəlif başlıqlarla işıqlandırıb.
3-cü ildir ki, gündəmdə olan Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün iki liderin Türkiyədə görüşmə ehtimalı manşet və xəbər məzmununun ön sıralarındadır.
ABŞ
“Axios” xəbər platforması “Zelenski potensial danışıqlar üçün Türkiyəyə gedir” başlıqlı hesabatında bir Ukrayna rəsmisinə əsaslanan açıqlamalardan sitat gətirir:
“Ukraynalı bir rəsmi bildirib ki, Rusiya bazar ertəsi atəşkəsə başlamağa razı olmasa belə, Zelenski cümə axşamı Türkiyədə olacaq”.
“The New York Times”: “Zelenski atəşkəsi təsdiqləyəcəyini gözləyir”.
İngiltərə
BBC Zelenski ilə Putin arasında mümkün zirvə görüşü barədə məlumat verib: “Zelenski cümə axşamı İstanbulda olacaq. Rusiya Prezidenti Vladimir Putin şəxsən görüşməyə hazır olduğunu bildirib”.
Britaniyanın “The Independent” nəşr isə tarixi görüşlə bağlı “Ukrayna prezidenti Zelenski birbaşa sülh danışıqları üçün Putini İstanbulda gözləyəcəyini söylədi” başlıqlı xəbər dərc edib.
“Sunday Times” nəşri Zelenskinin Putini İstanbulda görüşmək üçün çağırdığını yazıb və əlavə edib: “Ukrayna prezidenti Türkiyədə 2022-ci ildən bəri iki ölkə arasında ilk birbaşa sülh danışıqlarında iştirak etməyə razılaşıb”.
Hindistan
“New Delhi TV” (NDTV) Zelenskinin X hesabında sammitlə bağlı bəyanatından sitat gətirib: “Cümə axşamı Putini Türkiyədə gözləyəcəm”.
Hindistan İstanbulda yerləşən “abp live” adlı xəbər platforması “Volodimir Zelenski gələn həftə İstanbulda Putinlə görüşməyə hazır olduğunu söylədi” başlığını istifadə edib.
Ukrayna
“The Kyiv Independent” xəbər platforması “Dərhal atəşkəsə çağıran Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır” başlığı ilə çıxış edib.
“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın atəşkəs rejiminə əməl etməsini gözlədiyini və mayın 15-də Putini şəxsən Türkiyədə gözləyəcəyini bildirib”, – “Ukrinform” agentliyi yazır.
Asiya
“Straits Times” qəzetinin “Zelenski deyir ki, Tramp ona atəşkəsi gözləməməyi dedikdən sonra Putinlə görüşəcək” başlıqlı xəbərdə Zelenskinin “X” hesabındakı paylaşımından sitat gətirilir.
Tehrandan yayımlanan “İran Ön Səhifə Media Qrupu” “Zelenski cümə axşamı Türkiyədə Putinlə görüşməyə hazır olduğunu söylədi” başlığını işlədib.
“Moskva Tayms” qəzeti “Tramp Ukraynanı Rusiya ilə danışıqları qəbul etməyə çağırır” başlıqlı xəbərində Zelenskinin “Cümə axşamı Putini Türkiyədə gözləyəcəm” sözlərini sitat gətirib.
Afrika və Körfəz ölkələri
“Ukrayna lideri təkid edir ki, Rusiya ilə birbaşa danışıqlardan əvvəl tam və müvəqqəti atəşkəs əldə olunmalıdır” – “Əl-Cəzirə” telekanalı “Atəşkəsə ümid edən Zelenski Putinlə Türkiyədə “şəxsən” görüşəcəyini deyir” başlıqlı reportajında ifadələr işlədilib.
İngilis dilində çıxan “The Peninsula Qatar” qəzeti “Zelenski Putinə Türkiyədə “şəxsən” görüşməyi təklif etdi” başlığını dərc edib.
Cənubi Afrika mediası “News24” İstanbulda keçiriləcək potensial görüşlə bağlı “Zelenski Trampın atəşkəsi gözləməməyi deməsindən sonra Putinlə görüşəcəyini deyir” başlığı ilə xəbər yayıb.
Putin mayın 15-də İstanbulda danışıqları davam etdirmək təklifi ilə çıxış edib.
Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi mətbuat konfransında deyib: “Biz təklif edirik ki, birbaşa danışıqlar dərhal, xüsusilə ilkin şərt olmadan, əvvəllər danışıqların dayandırıldığı İstanbulda, cümə axşamı, mayın 15-də bərpa olunsun”.
Eyni zamanda Zelenski sosial media hesabından yazıb: “Şəxsən özüm Putini mayın 15-də Türkiyədə gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə bəhanə axtarmayacaqlar”.
Gundelik.az

