Gundelik.az Dünya Türkiyə süni intellekt sahəsində “ortaq ağıl” modeli ilə inkişaf edəcək
Dünya Xəbərlər

Türkiyə süni intellekt sahəsində “ortaq ağıl” modeli ilə inkişaf edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı Süni İntellekt Fəaliyyət Planının ardından ölkədə planın icrasına start verilib. Sənaye və Texnologiya Nazirliyi, TÜBİTAK, universitetlər, tədqiqat mərkəzləri və özəl sektor nümayəndələri yeni layihələrin hazırlanmasına başlayıblar.

Dövlət dəstəyi ilə layihələr məhsula çevriləcək

Hazırlanan yol xəritəsinə əsasən, ilk mərhələdə dövlət dəstəyi ilə üzərində işlənilən süni intellekt layihələrinin real məhsullara çevrilməsi nəzərdə tutulur. Bu məqsədlə Sənaye və Texnologiya Nazirliyi, TÜBİTAK Süni İntellekt İnstitutu, universitetlər, tədqiqat mərkəzləri və digər aidiyyəti qurumlar müxtəlif proqramlar çərçivəsində bir araya gətiriləcək.

Yeni layihələr üçün çağırış elan olunub

Türkiyənin qlobal süni intellekt yarışında ön sıralarda yer alması üçün “ortaq ağıl” prinsipi əsas götürüləcək.

TÜBİTAK 2026-cı il üzrə “Süni İntellekt Ekosistemi Çağırışı” proqramına müraciətlərin qəbuluna başlayıb. Proqram çərçivəsində ehtiyac sahibi şirkətlərin texnologiya təminatçıları, universitetlər, dövlət tədqiqat mərkəzləri və TÜBİTAK Süni İntellekt İnstitutunun daxil olduğu konsorsiumlar vasitəsilə dəstəklənməsi planlaşdırılır.

Dəstək alacaq layihələr ağıllı istehsal sistemləri, qida, kənd təsərrüfatı və heyvandarlıq, maliyyə texnologiyaları, elektron ticarət, iqlim dəyişikliyi ilə mübarizə və təhsil kimi prioritet sahələri əhatə edəcək. Layihələrin büdcəsi ümumi xərclər, təşviq ödənişləri və digər əlavələr istisna olmaqla maksimum 10 milyon lirə olacaq.

Müraciətlər 18 sentyabr tarixinədək TEYDEB Layihələrin Qiymətləndirilməsi və Monitorinqi Sistemi vasitəsilə qəbul ediləcək.

Dövlət qurumlarının ehtiyacları da qarşılanacaq

“Kamu Süni İntellekt Ekosistemi Çağırışı” çərçivəsində dövlət qurumlarının maliyyə, elektron ticarət, ağıllı təhsil texnologiyaları, ağıllı istehsal, iqlim dəyişikliyi, ağıllı kənd təsərrüfatı, qida və heyvandarlıq sahələrində ehtiyac duyduğu süni intellekt həllərinin hazırlanmasına da dəstək veriləcək.

AR-GE müddəti maksimum 48 ay olan layihələr mövzusuna və əhatə dairəsinə uyğun maliyyələşdiriləcək. Hazırda müraciət prosesi davam edir.

Beynəlxalq əməkdaşlıq genişləndiriləcək

Türkiyə süni intellekt sahəsində beynəlxalq əməkdaşlığını da gücləndirir. Son olaraq Almaniya, Fransa və digər Avropa ölkələri ilə yanaşı, Yaponiyanın da iştirak etdiyi CONCERT Japan platforması çərçivəsində süni intellekt əsaslı robot texnologiyalarının inkişafı üçün birgə proqram başladılıb.

Layihə çərçivəsində Avropa və Yaponiya alimləri real şəraitdə fəaliyyət göstərə bilən, adaptiv, avtonom və ağıllı robot sistemlərinin hazırlanması istiqamətində birgə çalışacaqlar. Proqrama müraciətlər bu ay ərzində qəbul ediləcək.

HIT-30 proqramı ilə 1,6 milyard dollarlıq dəstək

Süni intellekt layihələri Sənaye və Texnologiya Nazirliyinin həyata keçirdiyi HIT-30 proqramı çərçivəsində də maliyyələşdiriləcək.

Proqram vasitəsilə süni intellekt, məlumat mərkəzləri, mikroçiplər, batareya texnologiyaları və digər strateji sahələrdəki layihələrə dəstək veriləcək.

Dövlət, sənaye, səhiyyə, maliyyə, müdafiə və elm sahələrinin rəqəmsal transformasiyasını hədəfləyən proqram çərçivəsində süni intellekt layihələrinə 1,6 milyard ABŞ dolları ayrılması planlaşdırılır.

Bununla yanaşı, layihələr üçün 60 faizə qədər vergi güzəşti, investisiyanın 40 faizinə qədər qrant, 70 faizədək güzəştli maliyyələşmə, məşğulluq dəstəyi və investisiyanın 20 faizinə qədər bazarın inkişafı üzrə əlavə dəstək təqdim ediləcək.

İstanbul süni intellektin mərkəzlərindən biri olacaq

Prezident Ərdoğan bildirib ki, “Terminal İstanbul” layihəsi İstanbulu süni intellekt sahəsində Türkiyənin beynəlxalq vitrininə və investisiya mərkəzinə çevirəcək.

Burada süni intellekt sahəsində fəaliyyət göstərən startaplar ilə qlobal investorlar bir araya gətiriləcək. Türkiyə həmçinin OECD, G20, BMT və digər beynəlxalq platformalarda insan mərkəzli süni intellekt standartlarının formalaşdırılmasında daha fəal rol oynamağı hədəfləyir.

10 milyard dollarlıq investisiya planı

Fəaliyyət planına əsasən, ölkənin süni intellekt potensialını gücləndirmək məqsədilə məlumat mərkəzləri, bulud texnologiyaları və süni intellekt infrastrukturuna əsasən özəl sektor tərəfindən ən azı 10 milyard ABŞ dolları həcmində investisiyanın cəlb olunması nəzərdə tutulur.

Bundan əlavə, innovativ süni intellekt həllərinin təhlükəsiz şəkildə sınaqdan keçirilməsi üçün ən azı 5 prioritet sahədə xüsusi tənzimləyici sınaq mühitləri yaradılacaq.

Plan dövlət qurumları, özəl sektor, universitetlər və elmi-tədqiqat mərkəzlərinin birgə əməkdaşlığı ilə həyata keçiriləcək. Bu prosesə Milli Süni İntellekt Şurası rəhbərlik edəcək, layihələrin maliyyələşdirilməsi üçün isə Milli Süni İntellekt İnkişaf Fondu yaradılacaq.

Sənaye və Texnologiya Nazirliyi fəaliyyət planının icrasını mütəmadi olaraq izləyəcək.

Rəsmi proqnozlara görə, Türkiyə Süni İntellekt Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək investisiyalar nəticəsində ölkə iqtisadiyyatına 1 trilyon lirədən artıq əlavə dəyər qazandırılması gözlənilir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version