Sentyabrın 26-da “Dil, Fikir və İşdə Birlik Türk Dünyası Ədəbiyyat Mükafatları” sahiblərinə təqdim ediləcək.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Türk Dövlətləri Təşkilatı və Türk Dil Qurumu tərəfindən 2022-ci ildən etibarən ənənə halını alan və türk dünyasının ədəbiyyat vasitəsilə bir araya gəlməsinə xidmət edən mükafatlar bu il də Dil Gününün 93-cü ildönümündə qaliblərə təqdim olunacaq.
İsmayıl Qaspıralının “Dildə, Fikirdə, İşdə Birlik” idealı əsasında təşkil edilən tədbirin məqsədi türk dilinin qorunması, inkişaf etdirilməsi və daha geniş yayılmasıdır. Türk Dil Qurumu ortaq türk əlifbasının inkişafı istiqamətində də mühüm işlər görür və bu prosesi türk xalqları arasında əməkdaşlığın əsas sütunu hesab edir.
Mükafatlandırma mərasimi Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun sədri professor Derya Örs və Türk Dil Qurumunun sədri professor Osman Mertin iştirakı ilə keçiriləcək. Açılış nitqləri də məhz bu şəxslər tərəfindən səsləndiriləcək.
Namizədlərin siyahısı Türkiyə və digər ölkələrdən müvafiq qurumlar tərəfindən təqdim olunub və seçim prosesində Türk Dil Qurumunun Elmi Şurası üzvləri, eləcə də tanınmış alimlər iştirak ediblər.
Bu il “Türk Dünyası Ədəbiyyatı (Uşaq Ədəbiyyatı) Mükafatları” aşağıdakı şəxslərə təqdim ediləcək:
• Azərbaycandan professor Zahid Halil,
• Qazaxıstandan Saule Doscan,
• Qırğızıstandan professor Süleyman Rısbayev,
• Türkiyədən Şirin Zaferyıldızı Zaimağaoğlu,
• Özbəkistandan isə Mirzəyip.
Mərasim Ankarada Bilkent şəhərciyində təşkil olunacaq.
Gundelik.az

