ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşma çərçivəsində Tehranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyini bildirib. O, həmçinin İsrailin Livana qarşı həyata keçirdiyi çoxsaylı hücumları tənqid edərək bunun “pis bir iş” olduğunu söyləyib.
Fransada keçirilən G7 Zirvəsi çərçivəsində jurnalistlərə açıqlama verən Tramp İranla əldə olunan razılaşmanı ABŞ üçün yaxşı saziş kimi qiymətləndirib və sənədin yaxın günlərdə imzalana biləcəyini deyib.
Trampın sözlərinə görə, razılaşmadan sonra 60 günlük danışıqlar mərhələsi başlayacaq və bütün texniki məsələlər bu müddətdə həll ediləcək. O bildirib:
“Əgər 60 gün ərzində nəticə əldə olunmasa, problem deyil, İranı yenidən bombalamağa qayıda bilərik. Bunu istəmirəm, çünki bu çox yaxşı razılaşmadır, amma məcbur qala bilərik.”
ABŞ prezidenti qeyd edib ki, razılaşmanın əsas məqsədi Hörmüz boğazı üzərindən dəniz nəqliyyatını yenidən normallaşdırmaq və İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Netanyahuya Livan tənqidi
Tramp İsrailin Baş naziri Benjamin Netanyahu hökumətini Livana qarşı hücumlara görə tənqid edib. O bildirib ki, Netanyahu yaxşı insan olsa da, bəzən həddindən artıq emosional davranır.
Tramp deyib:
“Ona deyirəm ki, bir az daha yumşaq davran. Hizbullahdan bir nəfər hansısa binaya giribsə, hər dəfə həmin binanı dağıtmağa ehtiyac yoxdur.”
ABŞ prezidenti İsrailin özünü müdafiə etmək hüququnu tanıdığını vurğulasa da, Livanda həyata keçirilən bəzi hücumların zəruri olmadığını bildirib. Xüsusilə Beyrut şəhərinə edilən son hücumların ona görə “lazımsız və həddindən artıq” olduğunu qeyd edib.
Uranla bağlı texniki danışıqlar başlayır
Tramp həmçinin İranda zənginləşdirilmiş uranın məhv edilməsi ilə bağlı texniki danışıqların dərhal başlanacağını açıqlayıb.
Onun sözlərinə görə, Hörmüz boğazında gəmiçilik fəaliyyəti mərhələli şəkildə bərpa olunur və yaxın bir neçə həftə ərzində dəniz nəqliyyatının tam normal vəziyyətə qayıtması gözlənilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

