Yaponiyanın avtomobil nəhəngi “Toyota Motor Corp.” 2026-cı maliyyə ilinin birinci rübündə xalis mənfəətinin 36,9% azaldığını açıqlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilib.
2025-ci ilin aprel-iyun aylarını əhatə edən hesabat dövründə “Toyota”nın xalis mənfəəti əvvəlki ilin müvafiq dövründə qeydə alınan rekord 1,33 trilyon yenlə müqayisədə 841,3 milyard yen (təxminən 5,73 milyard ABŞ dolları) təşkil edib
Eyni zamanda şirkətin gəliri ötən illə müqayisədə 3,5% artaraq 11,84 trilyon yendən 12,25 trilyon yenə yüksəlib. Analitiklərin proqnozlarına görə, orta hesabla gəlirin 12,28 trilyon yen, xalis mənfəətin isə 775,4 milyard yen olması gözlənilirdi. Yəni, gəlir proqnoza yaxın olsa da, mənfəət gözləntiləri üstələyib.
Hesabat dövründə “Toyota” 2,411 milyon avtomobil satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% artım deməkdir.
Şirkət 2026-cı maliyyə ili üzrə ümumi gəlir proqnozunu dəyişməyərək 48,5 trilyon yen səviyyəsində saxlayıb. Lakin xalis mənfəət proqnozunu 3,1 trilyon yendən 2,66 trilyon yenə endirib.
“Toyota” bildirir ki, ABŞ-nin tətbiq etdiyi idxal tarifləri bu il ərzində əməliyyat mənfəətinə 1,4 trilyon yen dəyərində mənfi təsir göstərəcək.
Bundan əlavə, “Toyota” Yaponiyanın “Aichi” prefekturasında yeni zavod tikmək niyyətində olduğunu və bu müəssisənin 2030-cu illərin əvvəllərində fəaliyyətə başlayacağını açıqlayıb. Zavodda istehsal olunacaq modellərlə bağlı qərar isə sonradan veriləcək.
Gundelik.az

