Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq Tarixin özünə zəfər çalan Azərbaycan qadını
⁠Ailə, qadın və uşaq Ədəbiyyat

Tarixin özünə zəfər çalan Azərbaycan qadını

Tanrı insan yaratdi. İnsanı ikiyə böldü – kişi yaratdı, qadın yaratdı. Onlara  qaş qoydu, göz çəkdi, qəlb verdi, bir də amal verdi, məqsəd verdi. Kişini əzmkar yaratdi, vəhşi yaratdı, məğrur yaratdi, dözümlü, ötkəm, cəsur yaratdı. Qadını incə yaratdı.  Ona zəriflik verdi, nazlı yaratdı. Bol əllə verdi qadına mərhəməti, sevgini,  qayğıkeşliyi, isməti, iffəti, bir də ən müqəddəs  eşqi…

Qadına gözəl olan bütün  nemətləri bəxş etdi.  Hətta kişidən 9 ay çox verdi səbri, dəyanəti, mənəvi gücü, gözəlliyi və birdə ğzündən sonrakı yaratmaq, dünyaya gətirmək qüdrətini… Bax, qadın əzəməti, qadın müqəddəsliyi də bu 9 aydan başladı…Tanrı qadın yaratdı, qadın isə  dünyanı.  Dünən də bu gün də, sabah da qadın yaşadacaq, yaradacaq, quracaq.

Azərbaycan qadını ta qədimdən – nizə tutub, ox atdığı dövrdən var oluşunu sübut etmək üçün qayalara öz adını həkk etməyi bacardı. Gözünü yenicə açmış bu dünyaya “mən də varam” dedi. O gündən bu günə Azərbaycan qadını məğrurluğu, qəhrəmanlığı, mübarizliyi və analığı ilə tarixə öz naxışını vurmağı bacardı və bu gün də bacarır.

Günümüzün qadınları hələ də şanlı tariximizə, nəğməli, bayatılı ədəbiyyatımıza, ən əsası həyatımıza naxış vurur, bəzək salırlar.    Günümüzü  quran qadınlarını saymaqla bitməz. Onlar, elm, siyasət, ədəbiyyat, tibb, ümumilikdə tərəqqi qalasına  hər gün yeni bir kərpic qoyub, Azərbaycan adlı müqəddəs məmləkəti ucaya qaldırmaqdadılar.

“Dünyanı gözəllik xilas edəcək”. Bu sözləri ilk dəfə dahi alim, tanınmış psixoloq Varl Bodler  söyləmişdir. Görəsən o, bu ifadəni söyləyərkən hansı mənasını nəzərdə tutub?..

Hər halda xarici görünüşü nəzərdə tutmayıb. Əgər belə olsaydı, dünyamız çoxdan xilas olardı. Ən azından Azərbaycan xanımlarının gözəlliyi dünyanı xilas etməyə kifayət idi. Varl Bodler bu fikri  ilə böyük ehtimalla daxili gözəlliyi  nəzərdə tutulmuşdur. O, bu ifadəni söyləyərkən qarşılıqlı anlayışı, dürüstlüyü, etibarı, ədaləti, xoş amalı, gözəl düşüncəni, səmimiyyəti, ən əsası SÜLH ü nəzərdə tutmuşdur. Lakin bəşəriyyətin bu günkü vəziyyətinə baxdıqda  Bodlerin nəzəriyyəsi özünü doğrultmur. Hazırkı müasir dövrümüzdə bəşər övladları arasında bu xüsusiyyətlərdən   söhbət gedə bilməz.

“Dünyanı gözəllik xilas edəcək”- gözəllik təkcə xarici görkəmlə deyil. Daxili saflıq, xoş niyyət və gözəl xarakter əvəzsiz gözəlliklərdəndir.   Qadınlar yer üzünə bəxş olunmuş ən üstün varlıqlardır. Nə qədər zərif görünsələr də, bir o qədər güclü və dözümlüdürlər.

Hərbiçi qadınlar da məhz belədir. Onlar bu peşənin çətinliyindən  qorxmamış və əsl Azərbaycan qadınına xas bir şəkildə öz şücaətlərini nümayiş etdirmişlər, etdirirlər. Qadınlar Silahlı  Qüvvələrdə tədris, tibb, kadr, kargüzarlıq, arxa cəbhə, kəşfiyyat, və digər sahələrdə hərbi xidmətdədirlər. Hazırda Silahlı Qüvvələrdə baş zabit hərbi rütbələrinə kimi yüksələ bilən qadın hərbi qulluqçular xidmət edir.

Ağıllı bir qadın xəzinədir, ağıllı və gözəl qadın gücdür. Vətənimizdə ana və torpaq müqəddəs bir varlıq kimi bir tutulmuşdur. İstər hərbiçi, istərsə də, mülki qadınlar şəraitlərindən asılı olmayaraq, daim diqqət və qayğı ilə əhatələnirlər.

Ən mühüm təşkilatlarda, ən mötəbər  toplantılarda, ölkəəhəmiyyətli saziş və müqavilələrdə və s. belə qadınlar kişilərlə bir sıradadır. Onlarla qadın şəhidlərimiz, qadın, qazilərimiz var. Salatın Əsgərovanı necə xatırlayırıq? Vətəninin qorxmaz övladı olan, onun dərdinə yanan, Vətənə daha yaxşı olmaq üçün səngərdə əsgərlərlə çiyin-çiyinə xidmət edən, şəhid olan Salatın Əsgərovanı. Onun həyat amalı özündən sonra gələn gənc nəslə ən gözəl örnək oldu. Bizim tarix boyu mərd, şücaətli, qəhrəman qadınlarımız çox olub… Mərdlikləri qədər də, siyasətləri, uzaqgörən ağılları ilə böyük şahları, imperiyaları heyrətləndiriblər. Fitnə, Nüşabə, Tomris, Sara Xatun…

Azərbaycan qadını dünənin, bu günün, sabahın güclü əsgər analarıdır. Azərbaycan anaları  bölünməyən Vətənin, ölməž şəhidlərinin analarıdır. Torpaq üçün, ana üçün, ana vətən üçün ölərkən müqəddəsləşənlərin anasıdır… “Torpaq uğrunda ölən varsa, VƏTƏNDİR”…

 Döyüşən qadınlar, şəhid qadınlar

1991-ci ildən, vətəni qorumaq uğrunda yaradılan könüllü dəstələrinə hər yaşdan ölkə vətəndaşları qatıldı. Hər kəs bir nəfər kimi yaralı Azərbaycanımıza məlhəm olmaq üçün cəbhəyə axışdı. Ölkənin igid oğulları ilə bərabər qeyrətli vətən qızları da könüllü dəstələrə qatılmağa başladılar. Millətimizin qızı, qadını ayağa qalxırsa, bu Azərbaycan kişilərinin heysiyyatına toxunur. Amma nifrətini gizlədə bilməyəndə nə etməlisən?..

Minlərlə Azərbaycanın mübariz qız-qadınları əlinə silah götürməli oldular. Yüzlərlə qadınımız ön cəbhədə vuruşdu. Rəşadətlə mübarizə apardı, bəzən düşmən gülləsininin hədəfinə belə çevrildilər.

 “Milli Qəhrəman adına layiq görülən ilk döyüşçü qız-Gülbar” adlı çıxışına keçid alır. Təmiz qəlbli, xoş niyyətli, isməti bir qız kimi ən yüksək ada, ən tərifli sözə layiq olan GÜLBAR etdiyi qəhrəmanlıqlarla Milli Qəhrəmanlarımızdan biridir. Gülbar arada öz çiyindaşlarına uşaqlıq xatirələrindən danışırdı. Xatirələrindən müəyyən etmək olurmuş onun qəhraman olacağı…

“Mən dördüncü sinifdə oxuyarkən atam budaqdakı quşu mənə göstərib dedi: “Nişan al, at, görüm nəyə qadirsən”. Atdım, özü də düz gözündən. Atam heyrətə üzümə baxıb başını buladı. Yəqin sevinirdilər ki, 3 qardaşa yeganə bacıyam.

Milli Ordu sıralarına könüllü olaraq ərizə yazıb daxil olanda da söz deməyi artıq saydı atam. Onsuz da fikrindən daşındıra bilməyəcəyəm onu, – dedi. Həm də mənə inanırdı. Qardaşım Kərimlə birgə vuruşurduq. O sıravi idi, mən isə rabitə xidmətinin rəisi. Amma hücum zamanı hər şeyi unudurdum, bir də görürdüm qarşıda yalnız erməni səngəridir, vəssalam”.

Necə də qayğısız, qorxusuz danışırmış. Döyüş dostları bu gün də onun şücaətindən, əzmində ağız dolusu danışırdılar. Deyirlər Gülbar düşmən mövqeyinin koordinatlarını elə dəqiqliklə təyin edirdi ki, bir həmləmiz də boşa getmirdi. Onun sayəsində düşmənin neçə- neçə hərbi texnikası məhv edilmişdir. Hələ Məngələnata yüksəkliyi uğrunda döyüşlərdə göstərdiyi şücaətləri demirik. Kimi ən çətin nöqtələrə göndərirdilər, çatanda Gülbarım orada görürdü. Onun hər bir döyüş yoldaşı artıq bu hala öyrəşmişdi. Onun şücaəti hər an görünürdü. İndi bütün bunlar xatirəyə dönüb.

Onun əlindən cana gələn ermənilər də ratsiyada qışqırır, ünvanına hədələr, nalayiq sözlər yağdırırdılar. O bütün bunları necə deyərlər, heç əyninə də almırdı. Əksinə, hücum əməliyyatı vaxtı bəzi əsgərlərin ehtiyat edib çəkindiyini gördükdə, silah götürüb irəliyə atılaraq, qorxu tilsimlərini qırırdı.

O, insanları bütün ali xüsusiyyəti ilə birgə qəbul edirdi. Gülbar yaxşı bilirdi ki, əlinə silah alıb irəliyə atılan torpaq qeyrəti çəkmək kişi işidir. Daha doğrusu, belə ağır və cəsarət tələb edən işin öhdəsindən fiziki cəhətdən sağlam, qüvvətli, şir ürəkli İnsanlar gələ bilərlər. O, özündə bu gücü, qüdrəti hiss edirdi. Vətənin ağır günündə öz mallarını, şəxsi istəklərini, arzularını bir kənara qoyub, bəlkə də üstündən xətt çəkib vətənimizi qorumağı üstün tutub, ən üzdə arzu bildi. O, bu çətin günlərdə harada olmağı, nə etməyi çoxlarından yaxsı bildirdi, yaxşı duyurdu. Elə buna görə də, o, olmalı gərəkən yerdə idi. Gülbar əməlləri ilə həqiqətən də Vətənə, valideynlərinə layiqli övlad olduğunu sübut etdi.

Hərbin dəmir intizamına, ağırlıqlarına, baxmayaraq, zərifliyini, incəliyini, səmimiyyətini sona qədər qoruyub saxlaya bilmişdi Gülbar.

O, 28 illik ömründə həyatın hər üzünu görmüşdü. Gülbar bir Azərbaycan qızı idi. O da bir çoxları kimi bir igidə ömür- gün yoldaşı, neçə şirin balalara ana olacaqdı. Ailə quracaq, xoşbəxt olacaqdı…

Heyif ki… Daşına, kəsəyinə qəlbən bağlandığın, hər qarışıma bələd olduğun torpağı qorumaqdan ötrü qeyrət və bacarıq da bəc edərmiş. O, qəhrəmanlıqla vuruşduğu bir il üç ay ərzində bütün bunları sübuta yetirdi.

Gülbar sağlığında Milli Qəhrəman adına layiq görülən ilk döyüşçü qız idi.

Gülbar Heydər qızı Heydərova 1965-ci ildə Füzuli rayonunun Qaraməmmədli kəndində dünyaya göz açmışdı. Neft-kimya texnikumunu bitirib doğma rayonunda doluya qarşı hərbiləşdirilmiş mübarizə dəstəsində rabitəçi işləyirdi. Torpaqlarımıza erməni təcavüzü ilə əlaqədar 1992-ci ilin may ayının 9-dan könüllü olaraq Milli Orduya yazıldı. Müsahibələrinin birində ürəyinin onu gərək olduğu yerə-atasının uyuduğu müqəddəs torpağı qorumağa səsləməsini deyirdi:

– Ötən il (1992) fevralın 13-də ermənilərin Qacar kəndinə ilk güclü hücumu oldu. Kəndimiz Qacara yaxın olduğundan yanan evlərin ərşə qalxan tüstüsünü açıq-aydın görürdük. 13 saat döyüş getdi. Mən əliyalın kəndin köməyinə getmək istəyirdim. Gözlərim önündə torpaqlarımız əldən gedir… Vicdanı olan kəs bu biabırçılığa dözə bilməzdi. Mayın 9-da könüllü olaraq Milli Orduya yazıldım…

Ülvi Vətən sevgisi bu çəlimsiz qıza qibtə ediləcək güc, cəsarət, yenilməzlik bəxş etmişdi. Qəhrəmancasına vuruşduğu bir il üç ay ərzində 20-dən çox hərbi əməliyyatda, xüsusilə Məngələnata yüksəkliyinin azad edilməsində böyük fədakarlıqlar göstərdi. Rabitə xidmətinin rəisi Leytenant Gülbar Heydərovanın döyüş əməliyyatları zamanı verdiyi dəqiq koordinatlar nəticəsində düşmən mövqelərinin külü göyə sovrulurdu. Neçə-neçə silahdaşını yaralı vəziyyətdə döyüş meydanından çıxarıb hosbitala çatdırmışdı.

1993-cü ilin iyul ayının 28-də Füzuli torpağı Sarabəyim anayla birlikdə göynəyə-göynəyə göz yaşı axıtdı, Gülbarsız qaldı. Bir ay tamam olmamış, 23 avqustda isə rayonumuz işğal edildi.

Gülbar Azərbaycan qadınının əsrlər boyu qazandığı, qoruyub bu günədək çatdırdığı mərdliyi, məğrurluğu 28 illik ömür payında mətanətlə yaşatdı. Gülbar Nigarlar, Həcərlər, Məhsətilər, Burla Xatunlar nəslindən olduğunu bir daha sübut edə bildi. Gülbar çoxlarının arzuladığı, lakin çata bilmədiyi xoşbəxtlik zirvəsini fəth etdi.

Məsələni, əqidəsi, ən əsası Vətəni yolunda şəhid olanlar, qəhrəmana çevrilənlər xoşbəxtdirlər.

Xalq sizlərin sonuncu və əbədi mənziliniz olan Şəhidlər Xiyabanına çox gələcək.

Biz sizlərə borcluyuq…

“Şəhidlər Xiyabanında dəfn olunan ilk döyüşçü qadın- Rəhilə Orucova” 

13 may 1992-cü il xalqımızın igid qızı Rəhilə Orucovanın Bakının müqəddəs Şəhidlər Xiyabanında əbədi yuxuya daldığı gündür. O vaxta qədər Rəhiləni çox az insan tanıyırdı. Həmin gündən etibarən isə Rəhilənin adı dildən-dilə, eldən- elə gəzdi, İnsanlar dəstə-dəstə onun məzarı qarşısında baş əyib ziyarət edirlər. Rəhilə Şəhidlər Xiyabanında dəfn olunan ilk döyüşçü qadındır. İxtisasca tibb bacısı idi. Vətən, torpaq qeyrəti çəkib aparmışdı onu ön cəbhəyə. Əlinə silah alıb düşmənlə üzbəüz döyüşə atılmışdır. Neçə- neçə yaralı döyüşçümüzü ölümün ağzından alıb xilas etmiş, neçə- neçə erməni quldurunu gülləyə hədəf etmişdir.

Orucova Rəhilə Əli qızı 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. O, qədim Oğuz Türk torpaqlarının qetrət qanını damarlarında daşıyırdı. Rəhilə Orucova 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş, oranı bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini 109 nömrəli məktəbdə davam etdirmişdir.

1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş,texnikomu bitirdikdən sonra əvvəlcə Bakı təcili yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə Qədirli adına baş hövsə xəstəxanasında fəaliyyətə başlamışdır. Rəhilə Orucova Milli Orduya könüllü yazılmışdır. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi bir əsgər kimi vuruşmuşdu.

1992-ci il mayın 11-də Ağdərə rayonunun Mərguşəvan kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olmuşdur. Mayın 13-də Şəhidlər xiyabanında dəfn olunmuşdur. 1992-ci il sentyabr ayında 109 nömrəli məktəbə şəhid Rəhilə Orucovanın adı verilmişdir və büstü qoyulmuşdur.

Cəbhə yoldaşları və dostlarının dediyinə görə o hələ sağlığında tez– tez Şəhidlər Xiyabanına gedər, şəhidlərimizin məzarlarını ziyarət edər, şəhid jurnaist Salatın Əsgərovanın məzarı qarşısında dayanaraq “heyif deyil bu dünyada Salatın kimi öləsən”– deyər belə qəhrəman ölümə həsəd apararmış.

Yəqin ki, o vaxtlar Rəhilənin ağlına belə gəlməzdi ki, özü də Salatın Əsgərovanın məzarının bir neçə addımlığında qəhrəmanlıq göstərərək şəhid kimi, əbədi olaraq uyuyacaqdır.

Məzarın nurla dolsun,şəhid bacımız, xalqımızın qeyrətli Şəhid qızı Rəhilə !

Azərbaycanın ilk şəhid qadın jurnalisti -Salatın Əsgərova

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Azərbaycanın Bakı şəhərində ziyalı ailəsində anada vən olmuşdur.

1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. İlk dəfə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində jurnalist kimi fəaliyyətə başlayan Salatın Əsgərova tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. 1991-ci ilin 9 yanvar tarixində O, Laçından Şuşaya qayıdarkən Salatın xanım ilə yanaşı 3 hərbçinin də olduğu Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus avtomaşın atəşə tutulur.

Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəymişdi. Salatın Əsgərova hadisə yerində, ömrümün 29-cu baharına əbədi olaraq gözlərini yumur.

Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi. Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi, Ceyhun adlı oğlu bir oğlu ondan yadigar qalıb.

Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının 2-ci Prezidenti cənab Əbülfəz Elçibəyin 294 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Onun həlak olduğu kənd Salatınkənd adlandırılıb. Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub, Bakı küçələrinin biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İçtimai Birliyinin təsis etdiyi mükafatı onun adını daşıyır.

Nəbi Xəzri Salatın Əsgərova haqqında elegiya-poeması yazmışdır.

2016-cı ildə Salatın Əsgərovaya həsr olunmuş qısametrajlı “Vətən üçün gedirəm” filminin təqdimatı keçmişdir.

Təfəkkür Universitetində büstü qoyulmuşdur. 1993-cü ildə bəstəkar Elza İbrahimova onun xatirəsinə “Salatın” mahnısı bəstələyib. Həmin mahnını Mahnı Flora Kərimova isə ifa edib.

Şəhid Gültəkin Əsgərova

1960–cı il noyabrın 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili tibbi yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji Kliniki Xəstəxanada işləyib. 1992-ci ildə Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, erməni gülləsindən yaralanan əsgərlərə yardım etmək üçün könüllü olaraq cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Həlak olduğu yüksəkliyə, Xəzərin sularında üzən bir gəmiyə, ailəsində isə bir körpəyə onun adı verilib.

Aynur Turan

Gundelik.az

Exit mobile version