Gundelik.az Mədəniyyət və cəmiyyət Süni intellektə dərdini danışmaq tənhalığın yeni formasıdır?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Süni intellektə dərdini danışmaq tənhalığın yeni formasıdır?

Süni intellekt tətbiqləri ilə söhbət edən, onlara sirlərini danışan, hətta qəzəbini onların üzərində boşaldan insanların sayı getdikcə artır. Bəziləri bunu müasir dövrün qaçılmaz psixoloji reaksiyası hesab edir, digərləri isə cəmiyyətdə artan tənhalığın yeni təzahürü kimi qiymətləndirir.

Bəs insanın real emosional bağ qura bilmədiyi alqoritmlərə üz tutması nə deməkdir? Mütəxəssislər bu sualı cavablandıraraq bildirirlər ki, süni intellektlə qurulan rəqəmsal münasibətlərin arxasında dərin psixoloji və sosial səbəblər dayanır.

Rəqəmsal dostluqların arxasında nə dayanır?

Kommunikasiya mütəxəssisi və yazıçı Betül Şatırın sözlərinə görə, süni intellektlə qurulan rəqəmsal dostluqlar dövrümüzün əsas problemlərindən biri olan görünməyən tənhalıq hissinin təzahürüdür.

Onun fikrincə, insan təbiəti etibarilə başqa bir insanla ünsiyyətə ehtiyac duyur. Həqiqi həmsöhbət tapa bilməyənlər isə ekran arxasından gələn virtual çağırışlara üz tuturlar.

Şatır qeyd edir ki, ənənəvi dostluq anlayışı da dəyişməkdədir. Onun sözlərinə görə, həqiqi dostluq zaman, səbir və qarşılıqlı etibar tələb edir. Rəqəmsal münasibətlər isə daha əlçatan olsa da, əksər hallarda səthi xarakter daşıyır. Bu münasibətlərdə dərin emosional bağdan çox, fayda ön plana çıxır.

Psixoloji rahatlıq, yoxsa reallıqdan qaçış?

Psixoloq Murat Akkaya hesab edir ki, insanların süni intellektə yönəlməsi emosional boşluqları doldurmaq cəhdidir.

Onun sözlərinə görə, süni intellekt insanı qınamır, tənqid etmir və tərk etmir. Bu isə xüsusilə sosial narahatlıq yaşayan insanlar üçün təhlükəsiz ünsiyyət mühiti yaradır. Rədd edilmək qorxusu yaşamadan ünsiyyət qura bildikləri üçün bəzi insanlar süni intellekti seçirlər.

Lakin psixoloq xəbərdarlıq edir ki, süni intellekt heç vaxt real insan münasibətlərini əvəz etmir. Onu dost kimi qəbul etmək sosial təcridin daha da dərinləşməsinə və sağlam olmayan davranış modelinə çevrilir.

Gənclər niyə daha çox rəqəmsal yaxınlığa üstünlük verirlər?

Betül Şatır bildirir ki, rəqəmsal dünyada böyüyən gənc nəsil üçün virtual münasibətlər adi haldır.

Onun sözlərinə görə, üz-üzə münasibətlər onlara çətin gəldikdə, daha rahat idarə edə bildikləri rəqəmsal əlaqələrə üstünlük verirlər. Gənclər görülmək, anlaşılmaq və qəbul olunmaq istəyirlər. Bu ehtiyac onları süni intellektlə emosional bağ qurmağa daha meyilli edir.

Süni intellektə qışqırmaq nəyi göstərir?

Psixoloq Murat Akkaya qeyd edir ki, bəzi insanların süni intellektə qışqırması və ya onu təhqir etməsi emosional gərginliyi azaltmaq və nəzarət hissini bərpa etmək istəyi ilə bağlıdır.

Onun fikrincə, real həyatda özünü gücsüz hiss edən insanlar alqoritm üzərində tam nəzarətə malik olduqlarını düşündükləri üçün bu yolla özlərini rahatlaşdırmağa çalışırlar. Bu davranış empatiya bacarığı zəif inkişaf etmiş və ya aqressiyasını uzun müddət içində saxlayan insanlarda daha çox müşahidə olunur.

Süni intellekt real dostluğu əvəz edə bilərmi?

Mütəxəssislərin qənaətinə görə, süni intellekt insanı qısa müddətlik rahatlaşdırır. Ancaq o, heç vaxt həqiqi dostluğun, emosional yaxınlığın və sağlam sosial münasibətlərin yerini tuta bilməz.

Nəticə etibarilə, rəqəmsal dostluqlar müasir dövrün sürətli həll yollarından biri kimi görünsə də, mütəxəssislər hesab edirlər ki, uzunmüddətli xoşbəxtlik və psixoloji sağlamlıq yenə də insanlarla qurulan səmimi, üz-üzə və mənalı münasibətlərdən keçir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version