Qablaşdırılmış qidalardan qazlı içkilərə qədər bir çox məhsulun tərkibində olan nişasta əsaslı şəkər sürətlə sorulduğu üçün orqanizmdə mühüm metabolik dəyişikliklərə səbəb olur. Mütəxəssislər bildirirlər ki, bu şəkərin həddindən artıq və uzun müddət istehlak edilməsi qaraciyərin piylənməsi, insulin müqaviməti və piylənmə riskini artırır. Xüsusilə məhsulların üzərindəki etiketlərdə şəkərin miqdarına və müxtəlif şəkər adlarına diqqət yetirmək tövsiyə olunur.
Gündəlik həyatda fərqinə varmadan qəbul etdiyimiz nişasta əsaslı şəkər sürətlə sorulduğuna və toxluq hissini kifayət qədər stimullaşdırmadığına görə həddindən artıq istehlak edildikdə bir-birini izləyən sağlamlıq problemlərinə zəmin yaradır.
Bildirilir ki, nişasta əsaslı şəkərin orqanizmdə çox sürətlə sorulması, yalnız qaraciyərdə parçalanması, insulin müqavimətini tətikləməsi və xüsusilə toxluq hissini kifayət qədər yaratmaması bir sıra sağlamlıq problemlərinə səbəb olur. Bu problemlərin başında isə piylənmə kimi xroniki xəstəliklər gəlir.
Hacettepe Universiteti Tibb Fakültəsinin Endokrinologiya və Metabolizm Elmləri bölməsinin müəllimi, professor doktor Okan Bülent Yıldız nişasta əsaslı şəkər (NBŞ) tərkibli qida və içkilərin yarada biləcəyi sağlamlıq problemləri ilə bağlı Anadolu Agentliyinə açıqlamalar verib.
Yıldız bildirib ki, nişasta əsaslı şəkər əsasən qarğıdalı nişastasının fabriklərdə sənaye üsulları ilə parçalanması nəticəsində maye şərbət formasında əldə edilir və qlükoza ilə fruktoza molekullarından ibarətdir. Onun sözlərinə görə, maye formada olan nişasta əsaslı şəkər süfrə şəkəri ilə müqayisədə orqanizmdə daha sürətlə sorulur.
Qlükozanın beyindən əzələlərə qədər orqanizmdəki hüceyrələrin istifadə etdiyi enerji mənbəyi olduğunu və hüceyrələrin qlükozadan istifadə edərkən insulin hormonundan yararlandığını bildirən Yıldız, fruktozanın isə yalnız qaraciyərdə istifadə edilərək parçalana bildiyini qeyd edib.
“İnsulin müqavimətinə və bədəndə yağ yığılmasına səbəb olur”
Prof. Dr. Yıldız bildirib:
“Nişasta əsaslı şəkərin həddindən artıq və uzun müddət istehlak edilməsi bir çox mənfi sağlamlıq problemləri ilə əlaqələndirilən qidalanma modellərində yer alır. Bu şəkərin çox istehlak edilməsi, yalnız qaraciyər tərəfindən istifadə olunduğu üçün həm qaraciyərin həddindən artıq yüklənməsinə və piylənməsinə, həm insulin müqavimətinə, həm də orqanizmdə olmaması lazım olan yerlərdə yağ yığılmasına səbəb olur.”
O, həddindən artıq şəkərlə qəbul edilən enerjinin qaraciyər üzərində yaratdığı yükün metabolik pozğunluqlara səbəb ola biləcəyini, bu vəziyyətin irəliləməsi halında isə 2-ci tip diabetin yarana biləcəyini vurğulayıb.
Yıldız sözlərinə belə davam edib:
“Çox miqdarda nişasta əsaslı şəkər qəbul edildikdə orqanizm fruktozanı kifayət qədər tanımır və onu qaraciyərə yönəldir. Qaraciyər onu metabolizə edib parçalamağa çalışarkən yüklənməyə başlayır. Bu yüklənmə şəkərin hüceyrələr tərəfindən istifadə olunması əvəzinə bədəndə yağa çevrilərək toplanmasına səbəb olur.
Təkcə qaraciyərin deyil, bel ətrafında yağlanmanın, şəkərlə birlikdə ümumi enerjinin də həddindən artıq qəbul edilməsi nəticəsində bütün bədəndə yağ miqdarının artmasının, piylənmənin və piylənmə ilə əlaqəli digər metabolik problemlərin də mərhələli şəkildə ortaya çıxdığını görürük.”
Toxluq hissini kifayət qədər yaratmaması piylənmə riskini artırır
Nişasta əsaslı şəkərin orqanizmə təsirlərindən danışan Yıldız bildirib:
“Nişasta əsaslı şəkərin maye formada olması, çox sürətlə sorulması, qaraciyərdən başqa yerdə parçalana bilməməsi, insulin müqavimətini tətikləməsi və xüsusilə toxluq hissini kifayət qədər yaratmaması bir-birini izləyən sağlamlıq problemlərinə səbəb ola bilər. Bunların başında piylənmə gəlir.”
Yıldız uşaqlarda həddindən artıq şəkər istehlakının yalnız artıq çəki ilə əlaqələndirilməməli olduğunu bildirib. O, nişasta əsaslı şəkərin diş çürüməsinin də əsas səbəblərindən biri olduğunu və dünyada 2,5 milyard insanın diş çürüməsi problemi ilə mübarizə apardığını qeyd edib.
“Bir qutu qazlı içkidə 35-40 qram şəkər var”
Qazlı içkilərlə qısa müddətdə yüksək miqdarda şəkər qəbul edilə biləcəyinə diqqət çəkən Yıldız deyib:
“Bir qutu qazlı içki içdikdə 35-40 qram şəkər qəbul etmiş olursunuz. Bu əlavə edilmiş sərbəst şəkərlə artıq bir günlük şəkər limitinizi doldurmuş olursunuz.”
Yıldız Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ömür boyu sərbəst şəkər istehlakının məhdudlaşdırılmasını və bütün sərbəst şəkərlərdən alınan enerjinin gündəlik enerji, yəni kalori miqdarının 10 faizini keçməməsini tövsiyə etdiyini xatırladıb.
Onun sözlərinə görə, bu, gündə təxminən 50 qram şəkərə bərabərdir. Lakin bu miqdarın yuxarı hədd olduğunu vurğulayıb.
“Ən vacib addımlardan biri etiketləri oxumaqdır”
Qablaşdırılmış və emal olunmuş qidalardakı şəkərin miqdarına diqqət çəkən Yıldız bildirib ki, nişasta əsaslı şəkərlər sənaye üsulu ilə məhsulların dadını artırmaq və onları şirinləşdirmək üçün istifadə edilən asan və ucuz vasitələrdir.
Onun sözlərinə görə, istehlak edilən bütün qablaşdırılmış və emal olunmuş qidaların tərkibində, hətta məhsul şirin olmasa belə, nişasta əsaslı şəkər ola bilər.
“Bu səbəbdən marketdə rəflərdən qablaşdırılmış məhsul alarkən ön hissəsindəki reklama deyil, arxa hissəsindəki rəqəmlərə baxmaq lazımdır. Cəmiyyətdə nişasta əsaslı şəkər istehlakını azaltmağın ən mühüm addımlarından biri etiketləri oxumaq bacarığıdır. Etiketi oxumaq lazımdır. Etiketdə yalnız “şəkər” yazılmır. Fruktoza, qlükoza, qlükoza-fruktoza və ya qarğıdalı şərbəti də yazılır.”
Yıldız etiketlərdə porsiya miqdarındansa məhsulun 100 qramında və ya 100 millilitrində olan şəkərin miqdarına baxmağı tövsiyə edib.
O bildirib ki, istehlak edilən məhsulun miqdarı artdıqca gündəlik şəkər limiti asanlıqla aşılır. Buna görə qablaşdırılmış qidaların mümkün qədər məhdudlaşdırılması və məhsulların qida dəyərlərinin diqqətlə yoxlanılması vacibdir.
“Nişasta əsaslı şəkər hamiləlik zamanı piylənmə və metabolik xəstəlik riskini artırır”
Yıldız hamiləlik dövründə sərbəst və əlavə edilmiş şəkər istehlakının ana və körpənin sağlamlığı baxımından əhəmiyyətli olduğunu bildirib:
“Hamiləlik qadının həyatında fizioloji, təbii və ən mühüm stress dövrlərindən biridir. Ananın etdiyi hər şey körpənin həm ana bətnindəki sağlamlığına, həm də sonrakı, yetkinlik dövründəki xəstəlik vəziyyətinə təsir göstərir. Buna görə hamilə qadınların sərbəst və əlavə edilmiş şəkər qəbul etməməsi daha da vacibdir.”
Yıldızın sözlərinə görə, hamiləlik zamanı nişasta əsaslı şəkərin qəbul edilməsi anada piylənmə və metabolik xəstəliklər riskini artırmaqla yanaşı, şəkərin körpəyə keçməsi nəticəsində körpənin çəkisinin normadan xeyli artıq olmasına, doğuş zamanı həyati təhlükə yarada biləcək problemlərin və fəsadların inkişafına səbəb olur.
O, daha önəmli məqam kimi, ana bətnindəki genetik proqramlaşdırma ilə bağlı aparılan araşdırmalarda körpə sağlam doğulsa belə, yetkinlik dövründə xroniki xəstəlik yükünün arta biləcəyini göstərən nəticələrin olduğunu bildirib.
Uşaqlıq dövründə yaranan qidalanma vərdişlərinə diqqət
Yıldız xüsusilə uşaqlıq dövründə formalaşan qidalanma vərdişlərinin əhəmiyyətinə diqqət çəkib.
O, uşaqlarda dad duyğusunun 3 yaşa qədər inkişaf etdiyini xatırladaraq, şəkər və şokoladın mükafat və ya sevgi göstəricisi kimi təqdim edilməsinin həddindən artıq şəkər istehlakını vərdişə çevirə biləcəyini bildirib.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

