Bir həftə ərzində bu artıq ikinci dəfə baş verib. Rusiya və İran prezidentləri arasında telefon danışığı olub. ABŞ və İsrail İrana qarşı zərbələrini davam etdirərkən, Rusiya Prezidenti Vladimir Putin özünü beynəlxalq sülh yaradıcısı kimi göstərməyə çalışır.
Amma bunu qəbul etdirmək asan deyil. Axı 2022-ci ildə müstəqil və suveren bir ölkəyə – Ukraynaya – genişmiqyaslı hücum əmri verən məhz Kremlin lideri idi. O zaman BMT Baş Assambleyası Ukraynanın işğalını BMT Nizamnaməsinin pozulması kimi qınamışdı. İndi isə Kreml “İran münaqişəsinin tez bir zamanda gərginliyinin azaldılması və siyasi həlli” çağırışı etsə də, Rusiya Ukraynaya qarşı tükəndirmə müharibəsini davam etdirir.
Moskvanın İranla “Hərtərəfli Strateji Tərəfdaşlıq” sazişi var. Hətta bu həftə Putin Tehrana Kremlin “sarsılmaz dəstəyini” bir daha təsdiqlədi. Lakin bu strateji tərəfdaşlıq qarşılıqlı müdafiə müqaviləsindən xeyli uzaqdır. Bunun əvəzinə Moskva münaqişədə vasitəçilik təklif edib.
Bazar ertəsi ABŞ Prezidenti Donald Trampla telefon danışığında, Kremlə görə, Putin “İran münaqişəsinin tez bir diplomatik həlli üçün bir sıra fikirlər irəli sürüb; bu fikirlər, digər məsələlərlə yanaşı, Körfəz ölkələrinin liderləri, İran prezidenti və digər ölkə rəhbərləri ilə əlaqələrə əsaslanır”.
Rusiya üçün bu, Körfəz regionu və Yaxın Şərqdə nüfuzunu artırmaq və özünü təsir gücünə malik bir dövlət kimi göstərmək imkanıdır.
Eyni zamanda bu, Vaşinqtonla münasibətləri daha da dərinləşdirmək fürsətidir.
Kreml Trampla yaxşı iş münasibətlərini qorumaqda maraqlıdır. Moskva hesab edir ki, Tramp administrasiyası ilə əlaqələr Ukraynadakı müharibə məqsədlərinə faydalıdır.
Məhz buna görə də Putin İran müharibəsinə görə Trampı şəxsi olaraq və açıq şəkildə tənqid etməməyə diqqət edir.
“Putin kömək etmək istəyir,” Tramp bazar ertəsi Putinlə telefon danışığından sonra bildirib.
“Mən dedim: ‘Sən daha çox kömək etmək istəyirsənsə, Rusiya-Ukrayna müharibəsini bitir.’ Bu daha faydalı olardı.”
Bununla belə, Kreml İranda “gərginliyin azaldılmasını” istədiyini desə də, bu münaqişə Moskva üçün başqa imkanlar da yaradır.
Əvvəlcə iqtisadi imkanlar.
Qlobal neft qiymətlərindəki son sıçrayış Rusiya dövlət büdcəsinə çox lazım olan əlavə gəlir gətirir və qiymətlər uzun müddət yüksək qalsa, Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirməsinə kömək edəcək.
Rusiyanın federal büdcəsi ölkənin nefti barel üçün 59 dollar qiymətinə ixrac etməsi üzərində qurulub.
Son aylarda neft qiymətləri bu səviyyədən xeyli aşağı düşmüşdü. Bu həftə isə xam neftin qiyməti kəskin şəkildə təxminən 120 dollara qədər qalxdı. Sonradan bir qədər düşsə də, qiymətlər hələ də 59 dollar səviyyəsindən yüksəkdir.
Bundan əlavə, Tramp İran müharibəsinin yaratdığı çatışmazlığı azaltmaq üçün ABŞ-ın “bəzi ölkələrə” neftlə bağlı sanksiyaları yumşalda biləcəyini bildirib.
Əgər Rusiyaya qarşı neft sanksiyaları zəiflədilərsə, Moskva daha böyük maliyyə qazancı əldə edə bilər. Ukrayna Prezidenti Volodimir Zelenski bunun Kiyev üçün “ciddi zərbə” olacağını deyib və Trampı bu addımdan çəkinməyə çağırıb.
Kremlə yaxın Komsomolskaya Pravda qəzeti isə bugünkü sayında optimist idi. “Bahalı neft sanksiyaların ləğvi üçün səbəbdir,” – başlıqda belə yazılıb. Kreml ABŞ prezidentini tənqid etməsə də, bəzi Rusiya qəzetləri Trampı və İran müharibəsini sərt şəkildə tənqid edib.
‘Sülh prezidenti’ sadəcə ağlını itirib,” – “Moskovsky Komsomolets” tabloidinin çərşənbə axşamı sayında yazılıb.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

