ABŞ-nin “SpaceX” şirkəti NASA-nın IMAP (Interstellar Mapping and Acceleration Probe) zondunu orbitə çıxarıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, “Falcon 9” raketi Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzinin Launch Complex 39A buraxılış məntəqəsindən Bakı vaxtı ilə 13:30 havaya qaldırılıb. Təxminən bir saat yarım sonra zond uğurla raketdən ayrılıb.
IMAP zondu Günəş sistemini əhatə edən heliosfer adlanan böyük “qabarcığı” tədqiq edəcək. Heliosfer Yeri və digər planetləri xaricdən gələn kosmik radiasiyadan qoruyur. Zond, həmçinin Günəş sisteminin sərhədlərini müəyyən etmək və radiasiya axınlarını təhlil etmək məqsədilə Yerdən təxminən 1,5 milyon kilometr məsafədə fəaliyyət göstərəcək.
Orbitə daha iki peyk də çıxarılıb. Bunlardan biri, Yer atmosferinin xarici təbəqəsini öyrənəcək Carruthers Geocorona Rəsədxanası, digəri isə ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tərəfindən günəş fırtınalarının 24 saatlıq monitorinqi üçün yaradılmış SWFO-L1 peykidir.
Gundelik.az

