Bədii ədəbiyyat və incəsənət insan fikrinin, insan istedadının və əməyinin elə sahələridir ki, yer üzündə yaşayan bütün adamların həyatına, mənəvi aləminə həmişə təsir göstərir. Dünyada ruhən elə bir sağlam adam təsəvvür etmək olmaz ki, o ya ahəngdar musiqidən, ya parlaq memarlıq və rəssamlıq əsərindən, yaxud gözəl deyilmiş müdrik mənalı sözdən, bayatıdan, nağıldan, rəvayətdən ləzzət almasın. Mənalı, müdrik sözün yüksək forması olan xalq ədəbiyyatının, klassik və müasir ədəbiyyatın ən yaxşı, ən dolğun nümunələri isə bütün xalqlar arasında əldən-ələ düşmüşdür. Bəşəriyyətə öz bədii dühasından böyük və ya kiçik bir yadigar, bir pay verib getmək, ilk növbədə övladı olduğun xalqın həyatı, dünəni və bu günü haqqında arzu və qayğıları, fikir və duyğuları haqqında, vətən təbiəti yazıb-yaratmaq həqiqi sənətkar ömrünün əsas məramı, qayəsi olur. Beləcə illər keçir, xalqın yetirib boya-başa çatdırdığı ədəbi nəsillər, bir-birini əvəz edir. Yazıçı adətən bir sənət əsərində, bir də həyat yolunu işıqlandıran səhifələrdə yaşayır.
Yazıçı ömrü!.. Yazıçının həyat yolu!.. O, təkcə qələm əhli üçün yox, bəzən hətta milyonlarla siravi oxucu üçün də gərəkli və ibrətamiz olur; biri az, biri çox – hər halda ömrünü sənətə, insanların zehni, estetik tərbiyəsinə həsr edən həqiqi sənətkarın keçdiyi həyat yolunun xələflərinə, onun mənsub olduğu xalqın balalarına, şəksiz mənəvi səmərə verir, yeri doldurula bilməyən töhfə, deyərdim ki, mədəni irs qoyub gedir…
Uşaq yazarı olmaq, uşaqlara yazmaq isə gələcəyə işıq tutmaq deməkdir. Onların mənəvi dünyalarını zənginləşdirmək, rəngarəngliyə boyamaq, təxəyyüllərini qədərsiz, sərhədsiz etmək deməkdir. Bütün balaların sevimlisi, istəklisi, məktəblinin dostu Sevinc Nuruqızı belə çağdaş dövr yazarlardandır. Onun səmərəli yaradıcılıq yolu, bütün həyatına sirayət edir desək, yanılmarıq.
Həyat və yaradıcılığı
Sevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində anadan olmuşdur. Ağdam rayonunu Şelli-Qaradağlı kənd orta məktəbində təhsil almışdır (1971–1981ci illər). O, M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir (1981–1986). Əmək fəaliyyətinə Ağdam rayonu ŞelliQaradağlı k. orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi başlamışdı. (1986–1991). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetində baş redaktorun müavini (2003–2006), “Minamedia” nəşriyyat evində “Cırtdan” və “Ümid” uşaq jurnallarının yaradıcı heyətinin direktoru (2006–2007), İctimai Radionun efirində həftənin altı günü canlı yayımlanan “Çoxbilmiş” və “Nağıl saatı” verilişlərinin redaktoru və aparıcısı (2006–2007), F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalının redaktoru olmuşdur (2015–2021). Hazırda “Təhsil” və “Aspoliqraf” nəşriyyatlarında böyük redaktor və uşaq ədəbiyyatı şöbəsinin müdiri kimi fəaliyyət göstərir. (2007dən).
Mükafatları və nailiyyətləri
Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlarımızın işgəncə dolu həyatına həsr edilmiş “Qisas” adlı pyesi Ə. Haqverdiyev ad. Ağdam Dövlət Dram Teatrının (2006), “Gəlinciklər” adlı tamaşası Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulmuşdur (2006). Dövri mətbuatda dərc edilən yüzlərlə publisistik yazının müəllifidir. Əsərləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, bir çox mükafatlara layiq görülmüşdür.”Melisa” əsəri əsasında eyniadlı “Melisa” tamaşası Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulmuşdur (2023)
- AYB-nin ən yaxşı uşaq əsərinə görə Tofiq Mahmud ad. Mükafatı:
- “Yeni uşaq mahnıları — 2013” müsabiqəsində “Günəş” (Söz. Sevinc Nuruqızı, musiqi Məryəm Əlibəyli) mahnısı ilə 4-cü yer;
- Türkiyənin Azərb.-dakı Səfirliyinin AYB ilə birgə elan etdiyi “Çanaqqala — 100” müsabiqəsində şeir nominasiyası üzrə “Çanaqqala keçilməz” adlı poemasına görə birinci yer;
- “Qədim Bakıya səyahət” kitabına görə Azərb. Mədəniyyət və Turizm
Nazirliyinin “Qızıl Kəlmə” ədəbi mükafatı;
- “Qədim Bakıya səyahət” kitabı ilə Moskvada keçirilən Beynəlxalq Kitab Sənəti müsabiqəsində birinci yer;
- “Ədəbi Azadlıq – 2015” hekayə müsabiqəsində “Edam” hekayəsi ilə 2-ci yer;
- Azərb. Təhsil Nazirliyinin “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm, dram əsərləri” müsabiqəsində nəsr əsərləri üzrə birinci yer;
- Azərb. Təhsil Nazirliyinin “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm, dram əsərləri” müsabiqəsində dram əsərləri üzrə birinci yer;
2016.”Azanfilm” studiyasının elan etdiyi “Mənim ideyam var” süjetlər müsabiqəsində kiçikyaşlı uşaqlar üçün “Qaz balası Qaqa” adlı süjetlər silsiləsi (20 hissədən ibarət) öz orijinallığı və müsabiqənin konseptinə uyğunluğu ilə müsabiqənin baş qalibi;
- Azərb. — Avropa Təşkilatının (TEAS) Böyük Britaniyadakı təmsilçiliyinin “KHOJALY LİTERARY PRİZE ” müsabiqəsində “Xocalıya” poeması ilə üçüncü yer;
- Azərb. Resp. Mədəniyyət Nazirliyinin elan etdiyi “Birpərdəli pyeslər” müsabiqəsində “Al çobanyastığı ləçəkləri” adlı pyesi ilə üçüncü yer;
- İLESAM-AKÇAĞ 9. Türkiyənin İLESAM-AKÇAĞ UŞAQ ƏDƏBİYYATI ROMAN, HEKAYƏ VƏ NAĞIL- 2018 (KİTAB DOSYASI) müsabiqəsində roman janrında “Melisa” əsərinə görə birinci yer;
- İbtidai sinif müəllimlərinin İkinci Təhsil forumunda təhsilin inkişafında xidmətlərinə görə “Nəsib bəy Yusifbəyli” adına mükafat.
- “Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsinin “Kəpənək ömrü” hekayəsi ilə qalibi;
- Azərb. Resp. Mədəniyyət Nazirliyinin vətənpərvərlik mövzusunda ədəbi müsabiqəsinin “Ölərəm dərdindən, bunu bil” adlı hekayəsi ilə qalibi olmuşdur (2021).
- Azərb. Resp. Mədəniyyət Nazirliyinin təsis etdiyi “Şuşa 270” döş nişanına layiq görülmüşdür.
Müasir şeirimizin qələmi yorulmaz, nəğməkar şairələrindən biri də Sevinc Nuruqızıdır.Onun poeziyası öz incə, saf səsi ilə çoxdan ürəklərə yol tapıb, çağdaş uşaq ədəbiyyatının mənəvi sərvətinə çevrilmişdir. Onun yaradıcılığı haqqında çox yazılıb, çox deyilib. O, nə yazıbsa, obrazına uyğun gəlirdi. Onun əsərləri zahirini və batinini bütövləşdirirdi. O, sözün həqiqi mənasında uşaq yazarıdır. Onun yaradıcılığı uşaq ruhu üstündə köklənib. Çünki, qələmə aldığı əsərlər hamımız üçün doğma və əzizdir.
Sevinc Nuruqızı ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən mahir qələm əhlindəndir. Onun şeirləri, nağılları, hekayələri uşaqların, gənclərin, dilinin əzbəri olmuş, oxucuların dərin rəğbətini qazanmışdır. Onun mövzu dairəsi son dərəcə geniş olmuşdur. O, həyatın nəbzini tutaraq cəmiyyəti narahat edən hadisələri qələmə almışdır: özü də müşahidəçi kimi deyil, həmin hadisələri duyan, onlardan lazımı nəticə çıxaran, ağıllı məsləhətlər verən ana kimi, şairə, yazar kimi. O, özü də yaşadığı müharibə illərindən, erməni vəhşiliklərindən, günahsız uşaqların, heyvanların milli –mədəni irsimiz olan abidələrimiz, ictimai binalar, tarixi muzeylər, mədəniyyət və elm ocaqları, ən əsası isə ta qədim dövrlərə, IV minilliklərdən üzü bu yana var olan xalqımızın ilk insan məskənləri, yaşayış yerləri, tarixi məbədlərimiz, qəbr və qayaüstü rəsm və s. sənət abidələrimizin məhv edilməsi, ermənilər tərəfindən yurd-yuvalarımızın viran qoyulması, ata-baba yurdundan didərgin düşmüş xalqımızın ermənilər tərəfindən günahsızca qətlə yetirilməsi və s. Bunlar hamısı Sevginc Nuruqızının qələmindən ən böyük ustalıq və peşəkarlıqla uşaq dilində yazılmış, uşaqlara, bizim gələcəyimiz olan uşaqlara ən gözəl şəkildə çatdırılmışdır. Onun əsərlərini deyərdim ki, kinoya bənzətmək olar. Sanki hər cümlə, hər fikir bir epizod olaraq insanın gözü önündən keçir. Hər bir əsər öz aktuallığını və reallığını, ən əsası isə canlılığını itirmir.
Ötən aylarda novotor yazar Sevinc Nuruqızının 60 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, gundelik.az saytı adından ona yaradıcılıq uğurları arzulayırıq.
AYNUR TURAN
Gundelik.az

