“İSFA” MMC-nin təsisçisi Samir Xeyirbəyov Gundelik.az-a müsahibəsində rəhbərlik etdiyi şirkətin fəaliyyəti, kənd təsərrüfatında həyata keçirilən innovativ layihələr, Yevlax Pilot Aqroparkındakı işlər və ölkə iqtisadiyyatına verdiyi töhfələrdən danışıb.
– Samir müəllim, ilk olaraq fəaliyyətiniz barədə məlumat verməyinizi istərdik. Şirkətiniz hansı istiqamətlər üzrə fəaliyyət göstərir?
– “İSFA” MMC 2015-ci ildən fəaliyyət göstərir və bu gün aqrar-sənaye, müasir tingçilik, intensiv bağçılıq, logistika və xarici ticarət sahələrində fəaliyyətini uğurla davam etdirir. Biz yalnız məhsul istehsalı ilə kifayətlənmir, kənd təsərrüfatında tam zəncirvari – yəni klaster modelini tətbiq edirik. Bu model istehsaldan emala, saxlanmaya, logistikaya və ixraca qədər bütün mərhələləri əhatə edir.
Şirkətimiz sertifikatlaşdırılmış meyvə tinglərinin istehsalı, intensiv bağların salınması, damlama suvarma sistemlərinin qurulması, aqrotexniki xidmətlərin göstərilməsi, gübrə və bitki mühafizə vasitələrinin satışı, kənd təsərrüfatı texnikalarının təmin edilməsi, məhsulların saxlanılması və ixracı istiqamətində kompleks xidmətlər təqdim edir. Bununla yanaşı, sosial məsuliyyət layihələri və idmanın inkişafına dəstək də fəaliyyətimizin ayrılmaz hissəsidir.
– “İSFA” MMC Azərbaycanın iqtisadi inkişafına hansı töhfələri verir?
– Biz fəaliyyətimizi ilk növbədə ölkənin qeyri-neft sektorunun inkişafına xidmət edən istiqamətlər üzərində qurmuşuq. Məhsullarımızı yalnız daxili bazara deyil, Rusiya, Qırğızıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi xarici bazarlara da ixrac edərək “Made in Azerbaijan” brendinin tanınmasına və ölkəyə valyuta axınının artmasına töhfə veririk.
Digər mühüm istiqamət məşğulluğun artırılmasıdır. Xüsusilə regionlarda yüzlərlə insanı daimi və mövsümi işlə təmin edirik. Təkcə Yevlax layihəsi çərçivəsində mövsüm ərzində minlərlə vətəndaş iş imkanından yararlanır.
Bununla yanaşı, əvvəllər xaricdən idxal olunan keyfiyyətli meyvə tinglərinin artıq ölkəmizdə istehsalını təşkil etməklə həm fermerlərin xərclərini azaldır, həm də yerli tingçilik sektorunun inkişafına mühüm dəstək veririk.
– Kənd təsərrüfatının daha çox hansı istiqamətlərinə üstünlük verirsiniz?
– Fəaliyyətimizi yüksək məhsuldarlıq və müasir texnologiyalara əsaslanan sahələr üzərində qurmuşuq. Hazırda sertifikatlı meyvə tinglərinin yetişdirilməsi, intensiv meyvə bağlarının salınması, aqro-mühəndislik xidmətləri, müasir suvarma sistemlərinin layihələndirilməsi və quraşdırılması, məhsulların saxlanılması və ixrac üçün hazırlanması əsas fəaliyyət istiqamətlərimizdir.
Bununla yanaşı, fermerləri müasir kənd təsərrüfatı texnikaları və qərzəkli meyvələrin emalı avadanlıqları ilə təmin edir, istehsalın bütün mərhələlərində onlara peşəkar dəstək göstəririk.
– Yevlax Pilot Aqroparkında həyata keçirdiyiniz layihələr barədə məlumat verərdiniz.
– İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində fəaliyyət göstərən Yevlax Pilot Aqroparkında ilk rezident olmaq bizim üçün böyük məsuliyyətdir. Burada şirkətimizə ayrılmış 78 hektar ərazidə müasir aqrar layihələr həyata keçirilir.
20 hektar sahədə yüksək məhsuldarlığa malik sertifikatlı meyvə tingləri yetişdirilir. Hazırda alça, ərik, gilas, nektarin, şaftalı, badam, qoz, heyva və armud tinglərinin istehsalı həyata keçirilir. Eyni zamanda, ölkədə ilk dəfə UCB-1 calaqaltısı üzərində kütləvi şəkildə püstə tinglərinin yetişdirilməsinə nail olmuşuq.
Qalan ərazilərdə isə şaftalı, nektarin, ərik, gilas, heyva, nar və mavigilə bağları salınıb. Burada tətbiq olunan müasir suvarma və aqrotexniki texnologiyalar yüksək məhsuldarlığın təmin olunmasına imkan yaradır.
– Şirkətiniz idmanın inkişafına da dəstək verir. Bu istiqamətdə hansı işlər görülür?
– Biz hesab edirik ki, sağlam cəmiyyət güclü dövlətin əsas dayaqlarından biridir. Məhz buna görə də sosial məsuliyyət fəaliyyətimiz çərçivəsində idmanın inkişafına xüsusi önəm veririk.
2025-ci ildə maliyyə çətinlikləri yaşayan “Şahdağ Qusar” Futbol Klubuna dəstək olduq, əvvəlcə baş sponsor, daha sonra isə klubun təsisçisi kimi fəaliyyətə başladıq. Məqsədimiz komandanı ölkə futbolunun yüksək liqasına yüksəltməkdir.
Bununla yanaşı, Qusarda “İSFA SPORTİNG” nəzdində şahmat məktəbi və badminton klubu yaradılıb. Gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi və regionlarda idmanın inkişafı istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.
– Dağıstanda həyata keçirəcəyiniz aqropark layihəsi barədə nə deyə bilərsiniz?
– Bu layihə şirkətimizin beynəlxalq fəaliyyətində mühüm mərhələ hesab olunur. Dağıstan Respublikasının aidiyyəti qurumları ilə əldə olunan razılaşmalara əsasən Dərbənd rayonunda iri aqropark layihəsinin icrasına başlanılıb.
İlk mərhələdə 100 hektar ərazidə zeytun bağları salınır və gələcəkdə bu sahənin 300 hektara çatdırılması nəzərdə tutulur. Layihədə istifadə olunan zeytun tingləri Yevlax Pilot Aqroparkında yetişdirilib. Suvarma sistemlərinin layihələndirilməsi və quraşdırılması da şirkətimiz tərəfindən həyata keçirilir.
Növbəti mərhələdə isə gündəlik 100 ton istehsal gücünə malik zeytun yağı emalı zavodunun tikintisi planlaşdırılır. Hazırda layihə üzrə texniki hazırlıq və təşkilati işlər aktiv şəkildə davam etdirilir.
– Qarşıdakı illər üçün əsas hədəfləriniz nələrdir?
– Fəaliyyətimizi ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyən edilmiş dövlət prioritetlərinə uyğun qururuq. Qarşıdakı illərdə mavigilə bağlarının genişləndirilməsi, sertifikatlı meyvə tinglərinin istehsalının milyonlarla ədədə çatdırılması, Azərbaycanda ilk dəfə liofilizasiya texnologiyası ilə meyvə və tərəvəzlərin emalı müəssisəsinin yaradılması, eləcə də Qusar rayonunda müasir suvarma sistemləri bazasının qurulması əsas hədəflərimizdəndir.
Əminik ki, həyata keçirdiyimiz layihələr ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, ixrac potensialının artırılmasına, regionlarda məşğulluğun genişlənməsinə və aqrar sektorun davamlı inkişafına mühüm töhfə verəcək.

