İki barmaq arasında sıxılmış Kibrit üzünü Şama tutur:
– Səni yandırmağa gəlmişəm.
– Yox… Əsla. Bunu etmə. Yoxsa yanıb əriyərəm, heç bir kəs heç bir zaman qamətimə, gözəlliyimə heyran ola bilməz, – deyə Şam yalvarır.
Kibrit soruşur:
– Bütün ömrün boyu faydasız, gərəksiz qalmaqmı istərsən? Sən həqiqətənmi YAŞAMAQ istəmirsən?”
– Yanmaqla əriyərəm, üzülər, bitər ömrüm… – dillənir Şam.
– Haqlısan. Amma taleyimizə işıq saçmaq yazılıb. Fərqli də olsaq… Mənim bacardıqlarım – az, ömrüm – səninkindən qısadır. Alın yazımız da fərqlidir: mən – yandırmalıyam, sən – yanmalısan. Yanmaqla heç də qeyb olmursan. Əzab və ağrılarından doğan işıq və hərarəti insanlar bir-birinə ötürürlər. Məhz bu cür yaşadırlar səni… Yanmasan – ölmüş kimisən.
Şam susur… Qəhərlənir…
Və pıçıltı ilə deyir:
– Xahiş edirəm, yandır məni. Yandır…
Əridikcə şamdan boyu süzülən isti damcılar Şamın soyuduqca bərkiyən göz yaşları imiş…
ïïï
Şam öz ömür yoluna məhz bu cür qədəm qoydu. Qəflətən… Kibritin ona tuşladığı qığılcımla.
Uzun müddət masa üzərində dinməzcə durub ətrafı seyr edirdi. Ona elə gəlirdi ki, ətrafdakı bütün əşyalar çox vacib və faydalıdır, yalnız o yerindəcə dayanıb heç bir işlə məşğul olmur. Arabir masa arxasında əyləşmiş yazar onu götürüb baxışlarını dikdiyi kitaba və ya qeydlərə tərəf tutur, sonra da geri çəkirdi.
Qələm yazarın düşüncə və hisslərini həvəslə qeyd edir, vərəq onun fikirlərini özünə hopdurur, kitab vərəqləndikcə məlumatları ona ötürürdü. Yalnız şam tamamilə hərəkətsiz durub kədərli baxışlarla baş verənləri izləməkdə idi.
Yavaş-yavaş ömrü sona çatırdı, əriyən mum yuvarlanıb kölgəsinə axdıqca, gölməçəyə çevrildikcə, şam mənasız bir ömür sürdüyünü hiss etməyə başlayırdı.
Amma nə qədər yanlış düşündüyünü bilmirdi!!!
Bilmirdi ki, onsuz insan qaranlıqda nə yaza, nə də oxuya bilərdi. Ətrafında olan bütün əşyalar isə qaranlığın örtüyü altında tamamilə yararsız olardı. Bilmirdi ki, insanın yaşaması, yaratması üçün əhatəsindəki cansızları canlandıran məhz onun titrək işığıdır…
Ömür yolumuzda bu cür, ŞAM kimi ətrafa nur saçan, özü ərisə də, digərlərini yaşadan fədakar İNSANLARLA vaxtaşırı rastlaşırıq. Gərəkli olduqlarını dərk etməsələr də, ətrafa nur saçmaqdan, insanlara diqqət, qayğı, şəfqət və sevgi bəxş etməkdən usanmırlar. Çox zaman öz ömür yollarında yüksəkliklərə çata, zirvələri fəth edə, arzularını həyata keçirə bimədiklərinə görə həyatlarının mənasız olduğunu düşünən bu cür ŞAM-insanlar başqalarının dünyasının onlarsız nə qədər qorxunc və qaranlıq, solğun və kədərli ola biləcəyi barədə fikir yürütməkdən çox uzaqdırlar. İşığın zülmətdən uzaq olduğu qədər…
Onlardan bir çoxu yaşadıqları zaman kəsiyində kimin üçünsə İŞIQ olduqlarını ömürlərinin sonunadək bilmirlər. Bəlkə də yaxşı ki, bilmirlər: bilsəydilər, peşman olardılar – xisləti zülmətə qərq olmuşların İŞIĞA nə ehtiyacı?!
Ömrünü ŞAM kimi əridənlər, əridikcə əzizlərini və doğmalarını yaşadanlar – fədakar insanlardır. Biz onların daxilində nə baş verdiyini çox zaman bilmirik. Bilmirik ki, insanların qəddarlığını və qəzəbini, laqeydliyini və xudbinliyini görəndə, öz şəxsi mənafelərini hamıdan üstün tutanlarla üzləşəndə, ədalətsizliyə və haqsızlığa düçar olanda çox vaxt gizlincə ağlayanlar, nur saçdıqca əriyən şamın ömrü boyu “ağladığı” kimi səssiz-səmirsiz göz yaşı axıdanlar məhz bu insanlardır. Bilsəydik, bəlkə də, kibritə lənət oxuyardıq. ŞAMIN bizə nur bəxş etdiyinin fərqinə varmadan, onun əriməsinin mənasını dərk etmədən yaşayardıq…
Yaşayardıqmı?
Suala cavab axtarışında ustadımız Bəxtiyar Vahabzadənin misraları yadıma düşdü:
Yaşamaq – yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmasa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.
Hər birimiz ömür yolumuzda taleyinə xəzəltək çürümək yox, şamtək ərimək yazılmış insanlarla bir müddət yol yoldaşı olmuşuq. Bizi bətnində bəsləyib dünyaya gətirən, son nəfəsinə kimi qayğımızı çəkən, nə qədər yaşa dolsaq da, bizə körpə övladı kimi baxan analarımız, həyatda arxa-dayağımız, güvən yerimiz olan atalarımız, bilik və təcrübəsini həvəslə bölüşən müəllimlərimiz, sevimli və sədaqətli ömür-gün yoldaşlarımız, sadiq və cəfakeş dostlarımız bu cür insanlar deyilmi?! Onların bir qismi öz ömür yollarında arzu etdikləri yüksəkliyə çatmasalar da, həyatın şirinliyini yarımçıq dadsalar da, bizi bu dünyada hər kəsin sevə bilməyəcəyi qədər sevdilər… Varlıqları ilə sevindirdilər. Həyatımıza nur səpdilər… Bizim üçün ŞAM olduqlarını bilmədən. Bilsələr də, bunu etiraf etmədən…
Həyatınızda bu cür insanların qədrini bilməliyik! Şam kimi əriyib sönsələr də, onları düşüncələrimizdə və duyğularımızda yaddaşımızın qüvvəti, qəlbimizin hərarəti ilə yaşatmalıyıq. Özümüzün də onlara bənzər olduğumuzu düşünürüksə, həyatın bizə mənasız göründüyünə görə üzülməməliyik. Bəlkə də hər birimiz kim üçünsə yoluna işıq saçan, çətin anlarda kiminsə qəlbini isidən ŞAMıq…
Bu cür yaşam tərzi doğru seçim deyilmi?
Bəlkə də “YAŞAM” sözü “ŞAM”dan əmələ gəlib…
Oktay Səmədov,
Fəlsəfə doktoru, Dosent
28 may, 2025

Gundelik.az