Gundelik.az Mədəniyyət və cəmiyyət Sağlam qocalmanın formulu: Eyni yaşda olanlar niyə fərqli sürətlə qocalır?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Sağlam qocalmanın formulu: Eyni yaşda olanlar niyə fərqli sürətlə qocalır?

Eyni yaşda olan iki insanın fiziki gücü, sağlamlıq vəziyyəti və gündəlik həyat qabiliyyəti tamamilə fərqlidir. Mütəxəssislər bildirirlər ki, təqvim yaşını dəyişmək mümkün olmasa da, orqanizmin necə qocalmasına həyat tərzi əhəmiyyətli dərəcədə təsir edir.

Müntəzəm fiziki aktivlik, balanslı qidalanma, kifayət qədər protein qəbulu, yaxşı yuxu və xroniki xəstəliklərin nəzarətdə saxlanılması sağlam qocalmanın əsas şərtləri hesab olunur.

Bioloji yaş təqvim yaşından fərqlənir

Təqvim yaşı insanın doğulduğu gündən keçən müddəti göstərir. Bioloji yaş isə orqanların, damarların, əzələlərin və maddələr mübadiləsinin nə dərəcədə qocaldığını ifadə edən daha geniş anlayışdır. Buna görə də eyni yaşda olan insanların sağlamlıq və fiziki imkanları bir-birindən ciddi şəkildə fərqlənir.

Son illərdə bioloji yaşı müəyyənləşdirmək üçün müxtəlif testlər, o cümlədən epigenetik saatlar araşdırılır. Lakin bu testlərin insanın real bioloji yaşını dəqiq göstərdiyini demək üçün hələ kifayət qədər elmi sübut yoxdur.

Sağlam qocalmaq üçün nə etmək lazımdır?

Mütəxəssislər yaşlılıq dövründə əzələ kütləsinin qorunmasına xüsusi diqqət yetirilməsini tövsiyə edirlər. Tərəvəz və meyvələr, tam taxıllar, paxlalılar, zeytun yağı, balıq, yumurta, süd məhsulları və digər protein mənbələrindən ibarət balanslı qidalanma sağlam yaşlanmaya kömək edir.

Yaşlı insanlarda kifayət qədər protein qəbulu əzələ kütləsinin və gücünün qorunması baxımından vacibdir. Sağlam yaşlı şəxslər üçün gündəlik protein ehtiyacı adətən 1 kq bədən çəkisinə 1–1,2 qram səviyyəsində qiymətləndirilir. Xəstəlik və ya qidalanma çatışmazlığı zamanı ehtiyac artır.

Bununla yanaşı, yaşlılarda qeyri-kafi qidalanma və maye çatışmazlığına diqqət edilməlidir. D vitamini, B12 vitamini, dəmir, folat və kalsium kimi mikroelementlərin çatışmazlığı da lazım gəldikdə araşdırılmalıdır.

Çoxlu vitamin qəbul etmək sağlam qocalmaq demək deyil

Mütəxəssislər vitamin və qida əlavələrinin nəzarətsiz istifadəsinə qarşı xəbərdarlıq edirlər. Orqanizmdə çatışmazlıq və ya tibbi ehtiyac olmadığı halda əlavələrin təsadüfi qəbulunun ömrü uzatdığına dair güclü elmi sübut yoxdur.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version