Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi ölkədə rəqəmsal transformasiya prosesinin daha sistemli və strateji əsaslarla davam etdirilməsinin göstəricisidir. Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, süni intellektin imkanlarından səmərəli istifadə və rəqəmsal xidmətlərin inkişafı ölkəmizin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib.
Mövzu ilə bağlı Gundelik.az-a açıqlama verən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası Azərbaycanın rəqəmsal gələcəyinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, iclasda müzakirə olunan məsələlər dövlət idarəçiliyində rəqəmsallaşmanın artıq təkcə texnoloji yenilik deyil, səmərəli idarəetmənin, vətəndaş məmnuniyyətinin artırılmasının və iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi qəbul edildiyini göstərir.
“Bu gün dünyada rəqəmsal texnologiyalar dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən birinə çevrilib. Azərbaycan da Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq bu istiqamətdə ardıcıl addımlar atır. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclas göstərdi ki, rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik ölkəmizin gələcək inkişaf prioritetləri sırasında xüsusi yer tutur.”
Sadiq Qurbanov vurğulayıb ki, Mehriban Əliyevanın süni intellekt sahəsində qəbul ediləcək bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun formalaşdırılmasının vacibliyini xüsusi qeyd etməsi dövlətin bu sahəyə məsuliyyətli və uzaqgörən yanaşmasının göstəricisidir.
“Texnoloji inkişaf yalnız yeni imkanlar yaratmır, eyni zamanda yeni çağırışlar da meydana çıxarır. Buna görə də süni intellektdən istifadənin milli təhlükəsizlik, informasiya təhlükəsizliyi, etik prinsiplər və dövlət maraqları baxımından düzgün tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan səsləndirilən yanaşmalar Azərbaycanın gələcək rəqəmsal inkişaf modelinin əsas istiqamətlərini müəyyənləşdirir.”
Komitə sədri bildirib ki, iclas zamanı təqdim olunan məlumatlar dövlət xidmətlərinin daha çevik və əlçatan olması istiqamətində həyata keçirilən islahatların artıq praktik mərhələyə keçdiyini nümayiş etdirir.
“‘mygov’ platformasının imkanlarının genişləndirilməsi, dövlət xidmətlərinin vahid rəqəmsal məkanda birləşdirilməsi, proaktiv xidmətlərin sayının artırılması, innovasiya ekosisteminin inkişaf etdirilməsi və kibertəhlükəsizlik sahəsində institusional mexanizmlərin təkmilləşdirilməsi dövlət idarəçiliyinin müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlardır. Bütün bunlar vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına və dövlət xidmətlərinin daha operativ şəkildə göstərilməsinə xidmət edir.”
Deputat hesab edir ki, Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması dövlət qurumları arasında koordinasiyanın daha da gücləndirilməsinə və vahid strateji yanaşmanın formalaşdırılmasına mühüm töhfə verəcək.
“Rəqəmsal inkişaf artıq alternativ deyil, müasir dövlət idarəçiliyinin zəruri tələbinə çevrilib. Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən ilk iclas bu istiqamətdə qarşıya qoyulan məqsədlərin sistemli şəkildə həyata keçiriləcəyini göstərir. Qarşıdakı dövrdə qəbul ediləcək qərarlar Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına, innovasiya potensialının genişlənməsinə, investisiya mühitinin daha da yaxşılaşmasına və ölkəmizin beynəlxalq rəqabət qabiliyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.”
Sadiq Qurbanov sonda vurğulayıb ki, rəqəmsal transformasiya siyasətinin uğurla həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişafına xidmət etməklə yanaşı, ölkəmizin regionun aparıcı innovasiya və texnologiya mərkəzlərindən birinə çevrilməsinə də mühüm zəmin yaradacaq.
Gundelik.az

