Gundelik.az Mədəniyyət və cəmiyyət Səssizlikdə eşidilən səs nə deməkdir:Yuxuya mane olan qulaq cingiltisi xəstəlik əlaməti ola bilər
Mədəniyyət və cəmiyyət Xəbərlər

Səssizlikdə eşidilən səs nə deməkdir:Yuxuya mane olan qulaq cingiltisi xəstəlik əlaməti ola bilər

Qulaq cingiltisi (tinnitus) əksər hallarda sadə və müvəqqəti problem kimi qiymətləndirilsə də, bəzi hallarda ciddi xəstəliklərin ilk əlaməti ola bilər. Xüsusilə yalnız bir qulaqda hiss olunan, nəbz döyüntüsü ilə eyni ritmdə baş verən və ya başgicəllənmə, eşitmə itkisi kimi əlamətlərlə müşayiət olunan cingilti diqqətlə araşdırılmalıdır. Mütəxəssislər bildirirlər ki, cingiltinin səbəbi düzgün müəyyən edilməli, həyat keyfiyyətini aşağı salan hallarda müalicə gecikdirilməməlidir.

Qulaq cingiltisi cəmiyyətdə geniş yayılan şikayətlərdən biridir. Bəzən qısa müddətli və keçici olsa da, bəzi insanlarda gündəlik həyata, iş fəaliyyətinə və yuxuya ciddi təsir göstərir.

Tibbdə tinnitus adlandırılan bu vəziyyət, ətraf mühitdə heç bir səs mənbəyi olmadığı halda insanın qulağında və ya beynində səs eşitməsi kimi xarakterizə olunur. Xalq arasında bəzən “kimsə məni xatırlayır” kimi yozulan qısamüddətli cingiltidən fərqli olaraq, bəzi insanlar bu səsləri xüsusilə sakit mühitdə, tək qalanda, işləyərkən və ya yuxuya getməyə çalışarkən daha güclü hiss edirlər.

Mütəxəssislərin sözlərinə görə, qulaq cingiltisi əksər hallarda yalnız xəstənin eşitdiyi bir səsdir. Çox nadir hallarda isə həkimin də müayinə zamanı eşidə bildiyi cingilti növləri mövcuddur.

Qulaq cingiltisi niyə yaranır?

Qulaq cingiltisinin əsas səbəblərindən biri daxili qulaqda, “ilbiz” adlanan hissədə yerləşən tüklü hüceyrələrin zədələnməsidir. Güclü səs-küyə uzun müddət məruz qalmaq bu hüceyrələrin zədələnməsinə və ya zamanla məhv olmasına səbəb ola bilər. Nəticədə səs siqnallarının beyinə ötürülməsi pozulur.

Beyinə çatan səs siqnalları azaldıqda, beyin bu çatışmazlığı kompensasiya etməyə çalışır və sinir fəaliyyətini artırır. Bunun nəticəsində ətrafda real səs olmasa belə, insan səs eşidirmiş kimi hiss edir. Eyni səviyyədə cingiltisi olan iki nəfərdən biri bu vəziyyətə alışa bildiyi halda, digəri yuxu pozğunluğu və ciddi narahatlıq yaşayır.

Hansı hallarda təhlükəlidir?

Bəzi əlamətlər qulaq cingiltisinin daha ciddi səbəblərlə əlaqəli ola biləcəyini göstərə bilər. Xüsusilə aşağıdakı hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır:

Cingiltinin yalnız bir qulaqda olması;

Səsin nəbz döyüntüsü ilə eyni ritmdə hiss edilməsi;

Başgicəllənmə və ya qəfil eşitmə itkisi;

Üz iflici;

Qulaqdan axıntı;

Digər nevroloji əlamətlərin müşahidə olunması.

Belə hallarda burun-udlaq nahiyəsinin şişləri, eşitmə siniri şişləri, damar xəstəlikləri və digər ciddi problemlər araşdırılmalıdır.

Mütəxəssislər qeyd edirlər ki, bəzi xəstələrdə bütün müayinələr normal olsa belə, cingiltinin səbəbi müəyyən edilməyib. Standart eşitmə testləri normal nəticə göstərsə də, daxili qulaq hüceyrələri ilə sinirlərin birləşmə nöqtəsində adi testlərlə aşkarlanmayan problemlər mövcuddur.

Müalicə necə aparılır?

Müalicənin məqsədi hər zaman cingiltini tamamilə aradan qaldırmaq deyil. Əsas məqsəd, əgər cingiltiyə səbəb olan xəstəlik varsa, onun müalicəsidir. Səbəb aradan qaldırıla bilmədikdə isə beynin bu səsi qəbul etmə səviyyəsini azaltmağa çalışılır.

Eşitmə itkisi olan xəstələrdə eşitmə cihazlarından istifadə edilə bilər. Müasir cihazların bir qismində ağ səs (white noise) sistemi mövcuddur. Xəstənin cingiltisinin tezliyi və gücü müəyyən edildikdən sonra uyğun səslər, hətta sevdiyi musiqilərin fonuna əlavə edilərək cingiltinin hiss olunması azaldılır.

Eşitmə itkisi olmayan insanlarda isə ilk addım xəstəyə cingiltinin yaranma mexanizmini izah etməkdir. Çünki bir çox insan bunun ciddi beyin xəstəliyinin əlaməti olmasından narahat olur. Məlumatlandırma belə narahatlığın azalmasına kömək edir.

Qulaq cingiltisi yuxu pozğunluğu, narahatlıq və təşvişə səbəb ola bildiyi üçün zərurət yarandıqda psixoloq və ya psixiatr dəstəyi də müalicəyə əlavə olunur.

İlaç müalicəsinə gəldikdə isə, vitamin və mineral çatışmazlığı və ya digər sistemik xəstəliklər varsa, ilk növbədə onlar müalicə edilir. Lakin belə səbəblər olmadıqda, qulaq cingiltisini tamamilə aradan qaldıran təsdiqlənmiş təsirli dərman mövcud deyil. Bəzi preparatlar yalnız psixoloji rahatlama təmin edərək dəstək məqsədilə istifadə olunur.

Mütəxəssislər qulaq cingiltisi yaşayan insanlara sosial şəbəkələrdə və internetdə yayılan təsdiqlənməmiş məlumatlara etibar etməməyi, diaqnoz və müalicə üçün mütləq həkim-mütəxəssisə müraciət etməyi tövsiyə edirlər.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version